Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb.
Bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib:
"Dünya Bankının “Doing Business” hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik. Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq. Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq.
Bir də ki, ölkəmizdə islahatlar - kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq".