23 Dekabr 2024, Bazar ertəsi

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan elmi əsaslara söykənən inkişaf konsepsiyası

bu gün uğurla reallaşdırılır

Naxçıvan Muxtar Respublikasında əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan elmi əsaslara söykənən inkişaf konsepsiyası bu gün uğurla reallaşdırılır. Blokadanın, həmçinin dünyada tüğyan edən pandemiyanın yaratdığı müəyyən çətinliklərə baxmayaraq, iqtisadi təhlükəsizlik təmin olunur, yüksək həyat şəraitinə təminat verən strateji siyasət ardıcıl olaraq həyata keçirilir. Bütün sahələrin məqsədyönlü şəkildə inkişaf etdirilməsi nəticəsində bu gün muxtar respublika özünün enerji, ərzaq, hərbi və informasiya təhlükəsizliyini tam təmin edən bir diyara çevrilib. Vaxtilə enerji və ərzaq idxal edən Naxçıvan bu gün xarici ölkələrə enerji və ərzaq ixrac edən bir region kimi tanınır. Önümüzdəki illərdə iqtisadiyyatın prioritet istiqamətləri kimi real sektorun davamlı inkişafı, emal sənayesinin mövcud strukturunun dövrün tələblərinə uyğun olaraq daim təkmilləşdirilməsi, səmərəlilik göstəricilərinin daha da yüksəldilməsi onun işıqlı gələcəyini təmin edəcəkdir.

Böyük qələbənin memarı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək üçtərəfli Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə yol açdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artıqmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir.

 Naxçıvan Vətən uğrunda canlarından keçən övladlarını ehtiramla qarşılayıb

Bu gün hər bir azərbaycanlı qürur duyur ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. O ordu qalib və güclüdür ki, onun müzəffər Ali Baş Komandanı, vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Qazanılan tarixi zəfər həm də milli ruhun, xalq-lider birliyinin daha bir ifadəsi oldu. Vətən müharibəsində qazandığımız tarixi qələbənin əsasında da məhz bu amillər dayanır.

Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə aparıb, böyük şücaət göstərib, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlib, qazi olublar. Bu, ötən illər ərzində muxtar respublikada yetişdirilən vətənpərvər gəncliyin Vətənə, dövlətə, dövlətçiliyə və şərəfli hərbçi peşəsinə sədaqəti, yüksək peşəkarlığı, qətiyyət və əzmi nəticəsində mümkün oldu. Bu, muxtar respublikamızda aparılan uğurlu gənclər və ordu quruculuğu siyasətinin təntənəsidir.

Dekabrın 7-də, 14-də, 22-də və 28-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimləri olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirlərdə iştirak edib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muxtar respublika rəhbəri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb. Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib. Şəhidlərin cənazələri doğulduqları qəsəbə və kəndlərə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Əldə edilmiş sosial-iqtisadi inkişaf rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib

Muxtar respublikada əldə edilmiş sosial-iqtisadi inkişaf rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilib, rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunub, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Dekabr ayının məlumatına görə, muxtar respublikada montaj tutumu 95 min 128 abunə yerlik avtomat telefon stansiyalarından 70 min 585 abonent istifadə edir. Bunlarla yanaşı, istismar olunan 214 avtomat telefon stansiyasından 195-i və yaxud 91 faizi yeni nəsil texnologiyalara əsaslanır. 39 min 203 abonent isə genişzolaqlı internet istifadəçisidir. Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq transavrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilib. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı təmin edilib, bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin olunub.

Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq dekabrın 8-də Kəngərli rayonunda telekommunikasiya sistemi və yeni Rabitə Evi istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Rabitə və poçt xidmətlərinin təşkili bölgənin ümumi inkişafının əsas göstəricilərindəndir”, - deyən Ali Məclisin Sədri bildirib ki, əhalini poçt xidmətləri ilə təmin etmək üçün “Naxçıvanpoçt” Publik Hüquqi Şəxsin Kəngərli rayonunda filialı və 12 bölməsi yaradılıb, müasir iş şəraiti ilə təmin olunub. Əhalinin ən çox müraciət etdiyi və ən çox tələbat duyduğu sahələrdən biri rabitə və poçt xidmətləridir. Bütün bunlar nəzərə alınaraq vaxtilə bu ərazidə rayon yaradılarkən rabitə və poçt şəbəkəsinin də qurulması işlərinə başlanılıb, bu gün yeni Rabitə Evinin istifadəyə verilməsi ilə işlər uğurla başa çatdırılıb. Ötən dövrdə rayonda 32-si rabitə, 20-si isə poçt bölməsində olmaqla, 52 mütəxəssis yetişib. Bu sahədə mütəxəssis hazırlığı vacib məsələdir. Ona görə ki, bu gün bütün sahələrdə yeni texnologiyalar tətbiq olunur. Əgər onların qurulması, idarə edilməsi yerli mütəxəssislər tərəfindən aparılmırsa, sonrakı dövrlərdə həmin texnologiyaların istismarında müəyyən çətinliklər yaranır. Muxtar respublikada optik kabellərin çəkilməsi və birləşdirilməsi, müasir rabitə sistemlərinin qurulması, yeni texnologiyaların tətbiqi yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu, uğurlu nailiyyətdir və imkan verir ki, qurulanlar uzun müddət istismar olunsun.

Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb, rabitə və poçt xidmətlərinin nümunəvi təşkili, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib. Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub, Kəngərli rayon telekommunikasiya sistemini işə salıb.

Muxtar respublikanın ən gənc rayonu olan Kəngərlidə sakinlərə nümunəvi poçt və rabitə xidmətlərinin göstərilməsi üçün artıq bütün şərait yaradılıb. İstər binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rayonda rabitənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bu gün Kəngərli rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Bu da insan amilinə verilən dəyərin əyani sübutudur.

Ümummilli Liderimizin xatirəsi daim dərin ehtiramla yad edilir

Bu gün ölkəmizdə və muxtar respublikamızda əldə edilən bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sarsılmaz sədaqət dayanır. Çünki Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Ulu Öndərimizin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyidir. Dahi şəxsiyyətin ömür yoluna nəzər salsaq aydın olar ki, bu ömür yalnız bir məqsədə xidmət edib: O da müstəqil və qüdrətli Azərbaycandır. Ona görə də Ümummilli Liderimizin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə milli intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən Ümummilli Liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilib. Bu missiyanın öz başlanğıcını götürdüyü məkan isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Ulu Öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışıb, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atıb.

Zaman keçdikcə, illər ötdükcə, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edirik. Ali Məclis Sədrinin dediyi kimi: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir”.

Dekabrın 12-də Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Dahi şəxsiyyətin qərarı ilə yaradılan Babək rayonu inkişaf edir

Görkəmli dövlət xadiminin qərarı ilə 1978-ci ildə yaradılan Babək rayonu ötən dövr ərzində böyük inkişaf yolu keçib, 2008-ci ildə 30, 2018-ci ildə 40 illiyi qeyd edilib, yubileylərlə bağlı tədbirlər planları hazırlanaraq icra olunub. Həyata keçirilən tədbirlər və əldə olunan inkişaf Babək qəsəbəsinin şəhərə çevrilməsinə zəmin yaradıb. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər statusu verilib. Bu gün Babək Azərbaycanın müasir şəhərləri sırasına daxil olub. Vaxtilə burada bir inzibati bina və kiçik məktəb var idisə, bu gün dövlət qayğısı sayəsində abad yollar, müasir xəstəxana, uşaq bağçası və məktəblər, rabitə evi, idarə və təşkilatlar üçün yeni inzibati binalar tikilib istifadəyə verilib. Qurulub ucaldılan 7, 5 və 2 mərtəbəli yaşayış binaları əhali rifahının, məskunlaşmanın göstəricisidir. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəlməsinə yol açan müasir sosial obyektlərin, komplekslərin, yaşayış binalarının istifadəyə verilməsi bir daha onu göstərir ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir.

Babək artıq aqrar sənaye rayonuna çevrilib. Hazırda burada 62 adda sənaye məhsulu istehsal olunur. Rayonda sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını da zərurətə çevirib, Babək şəhərində müasir bazar kompleksi tikilib. Dekabrın 17-də yeni bazar kompleksi istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Şəhər o yerdə yaradılır ki, orada inkişaf olsun, yenidənqurma işləri aparılsın və ərazidəki infrastruktur şəhərin tələblərinə cavab versin”, - deyən Ali Məclisin Sədri bildirib ki, ötən dövrdə görülən işlər Babək qəsəbəsinin şəhər statusu almasına imkan verdi. Babəkə şəhər statusu verilən zaman bazar kompleksinin qurulması da qərarlaşdırıldı və ərazi seçildi. Bu gün Babək rayonunda 5 min 900-ə yaxın sahibkarlıq subyekti fəaliyyət göstərir. Yeni bazar kompleksində sahibkarlıq müəssisələrinin, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışı, kənd təsərrüfatı məhsulları yarmarkalarının keçirilməsi üçün hərtərəfli şərait vardır. Artıq sakinlər rayonda istehsal olunan məhsulları Naxçıvan şəhərinin bazarlarından deyil, Babək şəhərində fəaliyyət göstərən bazardan alacaqlar. Kompleksin tikilməsi üçün seçilən ərazi sakinlərin buraya rahat gediş-gəlişinə də təminat verir. Bazar kompleksi uzun illər sakinlərə xidmət edəcəkdir. Onlar burada həm məhsullarını satacaq, həm də gündəlik tələbatlarını ödəyəcəklər. Həmçinin bazar kompleksi yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasına da töhfə verəcəkdir.

Ali Məclisin Sədri kompleksin qurulmasında əməyi olanlara təşəkkür edib, bazarda ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi, əhalinin tələbatının nəzərə alınması, yarmarkaların təşkili və təmizliyə riayət olunması barədə tapşırıqlar verib.

Hərbçilərin müalicəsi, eləcə də onların sağlamlıqlarının bərpası diqqətdə saxlanılır

Prezident İlham Əliyev deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb, normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq...”.

Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi, eləcə də onların sağlamlıqlarının bərpası diqqətdə saxlanılır.

Dekabrın 19-da Ali Məclisin Sədri Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb.

Muxtar respublika rəhbəri hospitalda müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanıb, onlarla söhbət edib, Vətən müharibəsində göstərdikləri şücaətin qürurverici olduğunu bildirib.

Hospitalda müalicə alan yaralı hərbi qulluqçulara hədiyyələr təqdim olunub, aparılan şirniyyatlar mətbəxə verilib.

2020-ci ildə yeni-yeni uğurlar əldə edilib

Heydər Əliyev siyasi xəttinin muxtar respublikada uğurla həyata keçirilməsi nəticəsində 2020-ci ildə pandemiyanın yaratdığı mənfi təsirlərə baxmayaraq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub. Onun bir nəfərə düşən həcmi 6 min 310 manat təşkil edib ki, bu da 2019-cu ildəki göstəricidən 1,8 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb. Cari ilin ötən dövründə sahibkarlara 30 milyon 909 min manat kredit verilib, 119 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, 34 hüquqi və 2 min 220 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Sahibkarlığın hazırkı inkişaf səviyyəsinin nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Muxtar respublikada sənayenin inkişafı üçün böyük perspektivlər mövcuddur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ildə muxtar respublikada istehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 40 milyon 475 min manat olub. Sənayenin dövlət sektorunda 68 milyon 245 min manatlıq, qeyri-dövlət sektorunda 972 milyon 230 min manatlıq məhsul istehsal edilib. Məhsul istehsalçılarının güzəştli kreditlərlə təmin edilməsi, texnika və gübrə ilə təchizatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi və müasir aqrar infrastrukturun formalaşdırılması öz növbəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırıb. 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılıb. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 36 min 879 hektarında taxıl səpini aparılıb, 115 min 649 ton məhsul yığılıb. Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, 2020-ci ildə muxtar respublikada keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox olmaqla 537 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına da zəmin yaradıb. Ötən il 586 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 404 minə yaxın ağac və gül kolu əkilib.

Ötən il Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Kəngərli rayon filiallarının inzibati binalarının, 6 kənd və 6 xidmət mərkəzinin açılışı olub. Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin və 1 yaşayış binasının tikintisi, 9 yaşayış binasının yenidən qurulması, Ordubad rayonunda 1 yaşayış binasının tikintisi, Şərur rayonunda 1, Culfa rayonunda 2 yaşayış binasının yenidən qurulması başa çatdırılıb. 2020-ci ilin ötən dövründə muxtar respublikada 40 kilometr uzunluğunda yeni asfalt yol salınıb, Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulub. Görülən işlər əhalinin məşğulluq səviyyəsini artırıb, muxtar respublika üzrə 943 yeni iş yeri açılıb. Naxçıvanın xarici ticarət dövriyyəsi 450 milyon 839 min Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Ticarət əməliyyatlarının 86 faizi, yaxud 387 milyon 540 min Amerika Birləşmiş Ştatları dolları ixracın payına düşüb, müsbət saldo yaranıb.

Bu faktları dekabrın 30-da keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında məruzə ilə çıxış edən Ali Məclisin Sədri diqqətə çatdırıb. Muxtar respublika rəhbəri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”, - fikirlərini xatırladaraq deyib ki, Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ikinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa edib, torpaqlarımız işğaldan azad olunub, Azərbaycan düşmən üzərində böyük tarixi qələbə qazanıb. Bu qələbənin qazanılmasında yaralanıb sağlamlığını itirənlər və şəhid olanlar da olub. Ali Məclisin Sədri Vətən müharibəsində yaralananlara şəfa diləyib, sessiyada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri deyib: “2020-ci ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf dinamikasını qoruyub saxlamış, əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması sahəsində sistemli tədbirlər görülmüşdür. Yola saldığımız ildə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuş, mövcud resurslardan səmərəli istifadə nəticəsində makroiqtisadi göstəricilərdə artım müşahidə olunmuşdur. Daxili potensialdan düzgün istifadə edilməsi, yeni istehsal müəssisələrinin işə salınması sosial-iqtisadi sahələr üzrə çoxşaxəli inkişafı təmin etmiş, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaratmışdır”.

Dövlət-xalq-ordu birliyi

Əsası Ulu Öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasında qoyulan həmrəylik və ordu quruculuğu siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Birlik və həmrəylik ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, həm də ordumuzun qüdrətini artırır. Bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi qələbə qazandı. Naxçıvan Muxtar Respublikasında xalqımızın milli birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması da dövlət-ordu-xalq birliyinin daha bir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.

Dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Ali Məclisin Sədri hərbi hissədə olub. Muxtar respublika rəhbəri əsgərləri salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Ali Məclisin Sədri deyib: “Ümummilli Liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. 1991-ci ilin 16 dekabrından başlanan həmrəylik 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. 30 il əvvəl Naxçıvanda qəbul olunan qərar dünyada yaşayan bütün azərbaycanlıların həmrəylik gününə, həmrəylik nəticəsində qazanılmış qələbə isə dünya azərbaycanlılarının qələbəsinə çevrilmişdir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. 

Ali Məclisin Sədri əsgər və zabitlərə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Hərbi hissəyə Sədərək rayonundakı yeni yaşayış binasında iki otaqlı xidməti mənzil verilib. Ali Məclisin Sədri yeni mənzilin açarı təqdim edib, hərbi hissədə xidmətin təşkili, şəxsi heyətin qidalanması və döyüş hazırlığının vəziyyəti ilə maraqlanıb. Gətirilmiş ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib, xidməti mənzillə təmin olunan ailəyə xalça hədiyyə edilib.

Həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır

Ötən il əldə edilən uğurlar bir daha deməyə əsas verir ki, dünyada cərəyan edən mürəkkəb iqtisadi və humanitar proseslər fonunda muxtar respublikada səmərəli və şəffaf idarəçiliyin olması, uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanması, bütün istiqamətlər üzrə həyata keçirilən təxirəsalınmaz və sistemli tədbirlər öz müsbət nəticələrini verib. Davamlı modernləşməyə və sosial rifaha xidmət edən siyasətin reallaşdırılması, sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun qurulması, iqtisadiyyatın şaxələndirilməsi inkişafı təmin edib. Sakinlərinin yaşayış şəraitinin daim yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər bu kimi məsələlərin həlli həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını bir daha təsdiq edir. Dövlətimizin bu istiqamətdə atdığı hər bir addım sakinlər tərəfindən rəğbətlə qarşılanır, güclü inam yaradır. Güvənc və inam isə nəticədə dövlətlə vətəndaş arasında bir doğmalığı, sarsılmaz bağlılığı daha da möhkəmləndirir. Yuxarıda qeyd etdiyimiz kimi, Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbənin bir sıra səbəblərindən biri də hakimiyyət-xalq birliyi, sarsılmaz həmrəylikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında çıxışında qeyd etdiyi kimi: “Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük qələbə və zəfər ili kimi başa vurur. Qarşıda bizi daha ciddi vəzifələr gözləyir. Mövcud tərəqqi və sabitlik bundan sonra da qorunub saxlanılmalı və daha da inkişaf etdirilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”. Bu yolda hər birinizə uğurlar arzulayıram”.

Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR