22 Dekabr 2024, Bazar

İstehsal və xidmət sferasının bütün sahələrində müasir keyfiyyət standartlarının tətbiqinə nail olmaq muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu çərçivədə əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılmasına, keyfiyyətli yerli məhsulların istehsalının təşviqinə xidmət edən müxtəlif nəzarət tədbirləri Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ötən ilin dekabr ayında da davam etdirilmiş və xidmət tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu diqqətdə saxlanılmışdır. Ay ərzində məhsul nümunələrinin, ümumilikdə, 125, o cümlədən qida məhsullarının 109 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə ciddi nöqsanlar aşkar edilməmişdir.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması prioritet vəzifə kimi diqqətdə saxlanılır. Bu məqsədlə hesabat dövrü ərzində 47 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə, ümumilikdə, məhsulların 34 halda texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu yoxlanılmış, nöqsan aşkar edilməmiş və müvafiq məhsulların 5 halda sertifikatlaşdırılması həyata keçirilmişdir.
Muxtar respublika iqtisadiyyatında ailə təsərrüfatı modelinin dəstəklənməsi işi ötən ay da davam etdirilmiş, muxtar respublika üzrə 5 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılması, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilmişdir. İstehlakçıların ailə təsərrüfatı məhsulları haqqında rahat məlumat əldə edə bilməsi və ailə təsərrüfatı məhsullarının aktiv satışının təşviqi məqsədilə hazır­lanmış “Kənddən al” mobil tətbiqinin məlumat bazasının aktuallaşdırılması istiqamətində birgə fəaliyyət davam etdirilmişdir.
Ötən ay ev şəraitində araq istehsalı ilə məşğul olan 2 ailə təsərrüfatında minifiltr qurğusunun quraşdırılması təmin edilmiş və müvafiq ailə təsərrüfatlarının sayı 49-a çatmışdır. Alkoqollu içkilərin standartlara uyğunluğu məqsədilə 3 müəssisədə istehsal olunan arağın 4, pivənin 1 və məhsul istehsalında istifadə olunan suyun 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Ticarət və xidmət sektoru əhalinin aktiv müraciət etdiyi sahələrdəndir. Xidmət tərəfindən hesabat ayı ərzində 34 ət satışı mağazasına, 93 ictimai iaşə və xidmət sahəsinə, 22 topdansatış obyektinə, 469 ərzaq və qeyri-ərzaq mağazasına, 13 təhsil müəssisəsinin bufet və ya yeməkxanasına, 167 bərbərxana və 53 gözəllik salonuna maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. Texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğun fəaliyyətin qurulması məqsədilə 17 təsərrüfat subyektində, o cümlədən 3 istehsal müəssisəsində, 3 ictimai iaşə və xidmət sahəsində, 1 topdansatış obyektində, 7 mağazada, 2 bərbərxanada və 1 gözəllik salonunda təmir işləri başa çatdırılmışdır.
Dekabr ayında metroloji norma və qaydalara uyğun olaraq 948 ədəd ölçmə vasitəsi yoxlanılmışdır. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində 12 adda və 68 çeşiddə ölçülüb qablaşdırılmış malların, həmçinin muxtar respublika üzrə fəaliyyət göstərən 26 müəssisənin istehsal etdiyi Azərbaycan milli çörəyi və digər xüsusi hazırlanmış çörək məmulatlarının çəkisinə 242 halda metroloji nəzarət işi aparılmış, nöqsan aşkar olunmamışdır.
Xarici bazarlara çıxış imkanlarının artırılması, xüsusilə diqqət mərkəzindədir. Xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, istehlak bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi, ailə təsərrüfatları məhsullarının ixracına dəstək göstərilməsi üzrə verilmiş tapşırıqların icrası istiqamətində təsərrüfat subyektləri ilə 20 halda informativ xidmət üzrə müqavilə bağlanılaraq istehsal olunan məhsulların ixrac ediləcək ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac ediləcək ölkələrdə beynəlxalq mühafizəsi üçün xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılmışdır. İxrac istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının yüksələn iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmiş, Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilmişdir.
Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə fəaliyyətin təmin edilməsi üçün hazırlanan iş planına uyğun olaraq, ümumilikdə, 1428 qaz cihazına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 43 qaz cihazının idxalına icazə verilməmişdir. Ay ərzində, ümumilikdə, texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan 147,5 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılmışdır.
Verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR