Dünən Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının 2020-ci ilin yekunları və qarşıda duran məsələlərlə bağlı iclası keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar bir sıra işlər həyata keçirilməkdədir.
Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası 2020-ci ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 4469 idmançı 315 qrupda bu idman növü ilə məşğuldur. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Voleybol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür. Gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikada müasir idman infrastrukturu yaradılıb, idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Federasiya ötən il işini günün tələbləri səviyyəsində quraraq bu idman növünün inkişafı və kütləviliyinə nail olunması istiqamətində bir sıra işlər görüb.
Mənşur Gülməmmədli qeyd edib ki, Voleybol Federasiyası 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və yerlərdə fəaliyyət göstərən Voleybol Federasiyasının bölmələri, idman idarələri və təhsil şöbələri ilə birlikdə il ərzində 5 rayon birinciliyi, 12 yoldaşlıq görüşü keçirib. Ümumilikdə, 2020-ci ildə 17 idman tədbiri təşkil olunub.
Sonra Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyevin 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilib.
Yığıncağa yekun vuran Voleybol Federasiyasının sədri yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
* * *
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında keçirilən hesabat yığıncağı nı giriş sözü ilə federasiyanın sədri Mayis Əliyev açıb. Bildirib ki, federasiya tərəfindən 2020-ci il ərzində müxtəlif idman növləri üzrə yarışlar təşkil edilmişdir ki, bu yarışlarda, ümumilikdə, 161 nəfər idmançı, 12 məşqçi və 10 hakim iştirak etmişdir.
Qeyd edilib ki, hazırda federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir. Hesabat ilində Sədərək rayonunda və Naxçıvan şəhərində velosiped yarışları keçirilib. İdmançı gənclərimizin intellektual səviyyəsinin artırılması məqsədilə idmançılar muxtar respublika ərazisində fəaliyyət göstərən muzeylərdə olub, sərgilərdə iştirak ediblər. Federasiyanın internet saytında keçirilən tədbirlər haqqında məlumatlar və fotomateriallar yerləşdirilib. Eyni zamanda federasiyanın infrastrukturuna daxil olan dırmanma divarında əsaslı təmir işləri aparılıb, bəzi yeniliklərin də qurulması davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında bildirib ki, idman və idmançılara göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır. Bu gün diyarımızda gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası muxtar respublikamızda 76 idmançı 19 qrupda bu idman növü ilə məşğuldur. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2013-cü ildə yaradılan federasiya ilə birgə idmanın bu növlərini inkişaf etdirmək və kütləviliyinin təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Sonra federasiyanın sədr müavini Azər Məmmədovun 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.
Sonda federasiya sədri yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.
Ceyhun MƏMMƏDOV