Müasirləşən kəndlərimiz
Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da quruculuq, abadlıq işlərinin coğrafiyası genişlənir, əhatəliyini artırır, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Diyarımızda bölgələrin inkişafına, abadlaşmasına göstərilən davamlı diqqət və qayğının nəticəsidir ki, bu bölgənin də kəndlərində yaraşıqlı binalar salınıb, məktəblər tikilib, yeni infrastruktur, xidmət sahələri yaradılıb. Rayon mərkəzi öz simasını əsaslı surətdə dəyişib. O da xüsusi vurğulanmalıdır ki, ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad qədim yurd yerlərimizdən biridir və bunu sübut edən onlarla tarixi-memarlıq abidələri öz ilkinliyini qoruyub saxlayıb. Kompleks quruculuq işləri həyata keçirilərkən məhz bu amilə ciddi önəm verilir, qədimliklə müasirliyin vəhdəti qorunur. Rayonun kompleks quruculuq hesabına müasirliyə qovuşan yaşayış məntəqələrindən biri də Vələver kəndidir.