Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır.