21 Dekabr 2024, Şənbə

2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “…Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”, – deyən ulu öndərimiz Heydər Əliyev bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi haqqında demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.


2003-cü ilin prezident seçkilərində yekdilliklə ölkə başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın inkişafı üçün ölkədə ümummilli lider Heydər Əliyev yolunun davam etdirilməsinin vacibliyini bildirərək bəyan etmişdir ki: “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkə­miz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkə­miz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 18 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək ulu öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri cənab İlham Əliyev 18 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan qalib dövlətə çevirdi.

Prezident cənab İlham Əliyevin “Hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” fikirləri ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin davamıdır. Azərbaycanın ötən dövrdə keçdiyi yola nəzər salsaq, görərik ki, ölkə iqtisadiyyatı davamlı və dinamik inkişaf yolu keçib. Çünki dövlət başçısının Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətin kökündə real iş görmək prinsipi dayanır. Bütün ölkəni əhatə edən tikinti-quruculuq işlərinin aparılması, yollar və körpülərin salınması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatı sahələrində yüz minlərlə iş yerinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikilməsi, elektrik, su və qaz təminatının, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi cənab İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsidir.

Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi səlahiyyətlərinin icrasına yenicə başladığı dövrdə jurnalistlərə verdiyi ilk müsahibəsində bildirmişdir: “Artıq Azərbaycanda ölkəmizi inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır”. Bu gün islahatların gedişi prosesində yeni iqtisadi şəraitin reallıqları nəzərə alınır, iqtisadi siyasətin ayrı-ayrı istiqamətləri müasir dövrün tələblərinə uyğunlaşdırılır və daha da təkmilləşdirilir.
Azərbaycan Prezidentinin əsas qayəsi ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq, müstəqil siyasət aparması, hər bir sahədə xalqın mənafeyinin nəzərə alınmasıdır. Məhz bu cür müstəqil siyasi idarəçiliyə nail olunmasının nəticəsidir ki, Azərbaycan ötən dövrdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP kimi nəhəng iqtisadi layihələrlə bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib.

Azərbaycan iqtisadiyyatı artıq tam mənası ilə şaxələndirilmiş iqtisadiyyatdır. Dünyanı bürüyən qlobal böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir. Son 17 ildə ölkəmizdə bütün sosial məsələlər öz həllini tapmış, valyuta ehtiyatlarımız daha da çoxalmışdır. Qeyd olunan dövr ərzində əməkhaqqı 9,1 dəfə, pensiyalar 12,7 dəfə artmışdır. Yoxsulluq səviyyəsinin 5,9 dəfə azalması və ümumi daxili məhsul istehsalının 3,2 dəfə, büdcə xərclərinin 21,4 dəfə artması, 2003-cü ilin 4-cü rübündən 2020-ci ilin sonuna 2 milyon 518 mindən artıq yeni iş yerinin yaradılması düşünülmüş strategiyanın uğurlu və məntiqi nəticəsidir.
Təbii ki, ötən illər ərzində Azərbaycanın artan iqtisadi gücü digər sahələrin, xüsusilə ordu quruculuğu sahəsində köklü islahatların aparılmasına, hərbi kadrların hazırlanmasına, maddi-texniki bazanın yenidən qurulmasına, ordumuzun döyüş potensialının artırılmasına imkan vermişdir. Məqsədyönlü şəkildə aparılan ordu quruculuğu prosesi işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələndi. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan növbəti dəfə Azərbaycana qarşı təxribat törətdi. Elə həmin gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən müharibədə bütün Azərbaycan xalqı Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Ermənistan ordusu tamamilə darmadağın edildi və düşmən kapitulyasiyaya məcbur oldu. Bu tarixi qələbə görkəmli dövlət xadimi Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanıldı. Ölkəmizin əldə etdiyi möhtəşəm hərbi qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin son bir ildə işğaldan azad edilmiş ərazilərin ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə çatdırılması üçün bütün zəruri tədbirləri reallaşdırması ilə iqtisadi-siyasi sferada da öz təsdiqini tapır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri elan edilib.

Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin varisi və onun uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır. Hazırda BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq aparılır. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan Zirvə görüşləri, eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, həmçinin ötən il Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi ölkəmizə və dövlətimizin başçısına beynəlxalq arenada olan böyük hörmətin göstəricisidir. Bu il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə cənab İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması da bunun bariz nümunəsidir.
Ölkə Prezidentinin qayğısı ilə Naxçıvan Muxtar Respublikası da sürətli inkişaf yoluna qədəm qoymuşdur. Dövlət başçısı kimi fəaliyyəti dövründə cənab İlham Əliyev dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş, onun iştirakı ilə 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışı olmuşdur. Bütün bunlar muxtar respublikamıza yeni inkişaf tempi gətirmişdir. Təsadüfi deyil ki, Vətən müharibəsində qazandığı uğurları ilə Ata Vəsiyyətini layiqincə yerinə yetirən cənab İlham Əliyev tarixi Qələbədən sonra ulu öndərin doğum günündə Naxçıvana səfər etdi, muxtar respublikanın sürətli və hərtərəfli inkişafı ilə bağlı təəssüratlarını ictimaiyyətə çatdırdı: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Dövlət proqramlarının uğurlu icrası Naxçıvanda bütün sahələrin inkişafına geniş imkanlar açıb, 2003-cü ildən ötən dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 16 dəfə, sənaye məhsulunun həcmi 56 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 7,5 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 13 dəfə artıb. Muxtar respublikada 183 elm və təhsil ocağı, o cümlədən 38 min 970 şagird yerlik 130 ümumtəhsil məktəbi, 304 mədəniyyət obyekti, 217 səhiyyə obyekti, 23 idman obyekti, 327 inzibati bina, 37 nasos stansiyası, 197 subartezian quyusu, 78 körpü, 1089 istehsal və xidmət sahəsi tikilib, 155 elm və təhsil ocağı, o cümlədən 48 min 690 şagird yerlik 103 ümumtəhsil məktəbi, 178 mədəniyyət obyekti, 59 səhiyyə obyekti, 23 idman obyekti, 254 inzibati bina, 65 nasos stansiyası, 58 subartezian quyusu, 56 körpü, 2218 kilometr yol yenidən qurulub və ya əsaslı təmir edilib. Əgər 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2020-ci ildə bu göstərici 9-a çatdırılıb.
Bütün sahələrdə əldə olunan nailiyyətlər əhalinin məşğulluğunu da təmin edib, 78 min 561 iş yeri açılıb.
Muxtar respublikada həyata keçirilən kompleks tədbirlər, sənaye və aqrar sahənin inkişafında müsbət nəticələrin əldə olunması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, investisiya imkanlarının artması sürətli inkişaf tempinin qorunub-saxlanmasına, əhali rifahının yaxşılaşmasına və sosial problemlərin həllinə səbəb olub. Əldə olunan inkişaf göstəriciləri ölkəmizin iqtisadi regionları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasının ön mövqedə olmasını şərtləndirir. Bu, aparılan təhlillər, hazırlanan reytinq siyahılarında da öz əksini tapır. İlk Sədri Prezident cənab İlham Əliyev olan “Caspian European Club”un Azərbaycan üzrə iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən iqtisadi regionların illik investisiya reytinqində Naxçıvanın iki il ard-arda lider mövqedə olması bunu bir daha sübut edir.
Bu illər ərzində Naxçıvanın müdafiə potensialı, hərbi hissələrin döyüş hazırlığı daha da yüksəldilmişdir. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan Ali Baş Koman­dan demişdir: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.
Ötən illər onu göstərdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qurucu LİDERDİR. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Cənab İlham Əliyev isə möhkəm təməl üzərində qurulmuş bu siyasi kursu dövrün yeni çalarları ilə zənginləşdirərək uğurla və layiqincə davam etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Zaman keçdikcə bu uğurlar artır və artacaqdır. Çünki ümummilli liderimizin yolunu layiqli davamçısı, müstəqil Azərbaycanın qüdrətli rəhbəri möhtərəm İlham Əliyev davam etdirir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən cənab Prezident Azərbaycanı, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da yaşadır və inkişaf etdirir, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır!”

“Şərq qapısı”

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR