Muxtar respublikamızda həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də bütün yaşayış məntəqələrində, xüsusən bölgələrdə kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə, sərhəd bölgələrimizdə də bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin gündən-günə artması da bununla bağlıdır. Bu uğurların qazanılmasında yeni və mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının da böyük əməyi var. Naxçıvanda bu təsərrüfat forması ilə məşğul olan insanlara hər cür köməklik göstərilir. Görülən işlərin nəticəsidir ki, belə təsərrüfatların sayı ildən-ilə artır. Muxtar respublikanın bütün rayonlarında yaşayan ailələrə göstərilən qayğı, açılan imkanlar nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin yayılmasına imkan verir.
Culfa rayonunda ailə təsərrüfatçısı həmsöhbətimin hazırladığı məhsullar içərisində xüsusi zövqlə qablaşdırılan müxtəlif mürəbbələri, qovurmaları, şəfalı bitkiləri, meyvə qurularını, turşuları, süd məhsullarını, müalicəvi içkiləri və Naxçıvan mətbəxinə xas adını sadalamadığımız neçə-neçə dadlı-tamlı təamları görmək olar. Kırna kənd sakini Çiçək Bayramova deyir ki, qızlarımla birlikdə əriştə, yarma, bulqur, çörək, südlü çörək, fətir, dastana, lavaş çeşidləri, mürəbbələr, lavaşa, cem, turşular, kompotlar, çaxırlar, gül suyu hazırlayırıq. Təsərrüfatçı ötən dövrdə quru meyvə sahəsində bir yenilik kimi ilk dəfə olaraq qovun və qarpız qurutmasını sınaqdan çıxarıb və uğurlu alınıb. Ötən illər ərzində təsərrüfat fəaliyyətində bir sıra nailiyyətlər qazanan Çiçək xanım Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində muxtar respublikamızda keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində uğurla iştirak edib, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomu ilə təltif olunub. Bundan başqa, 2018-ci ildə “Ailə təsərrüfatı məhsulları”, 2019-cu ildə isə “Kətə” festivallarında “Ən yaxşı məhsul” nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailə təsərrüfatının inkişafında fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 7 mart tarixli Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan Çiçək Bayramova minnətdarlıq hissi ilə razılığını bildirir: – Muxtar respublikada əmək adamlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar var, ailə təsərrüfatçıları daim diqqətdə saxlanılır. Belə təsərrüfatların inkişafı, bu sahəyə göstərilən dəstək bizi daha şövqlə çalışmağa sövq edir. Abad kəndlərimiz, rahat yollarımız var. Məhsullarımızı heç bir çətinlik çəkmədən bazara çıxara bilir, keçirilən festivallarda, yarmarkalarda iştirak edirik. İstehsal olunan məhsullarımızın nəfis şəkildə qablaşdırılması alıcı marağını, tələbatı daha da artırıb. İlbəil daha çox məhsulun istehsalına can atırıq. Əsas məqsədimiz ev şəraitində istehsal edilən konservləşdirilmiş meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır. Son illərdə Naxçıvanda keçirilən tədbirlər biz təsərrüfatçılar üçün əsl stimul mənbəyinə çevrilib. Şəxsən mən özüm bu tədbirlər sayəsində istehsal etdiyim məhsulları geniş alıcı kütləsinə tanıdaraq böyük qazanc əldə etmişəm. Ötən günlərdə keçirilən yarmarkaya çıxardığım 5 cür çaxır, 9 növdə sirkə, müxtəlif turşu, kompot və mürəbbələrin xeyli hissəsini sata bildim. Deyim ki, bir sıra xəstəliklərin müalicəsində istifadə olunan gül suyu, cəviz sirkəsi, gilənar çaxırına böyük maraq oldu. Var olsun dövlətimizi ki biz təsərrüfat adamlarının əməyini lazımınca qiymətləndirir.
Turizm məkanları ilə həm yerli sakinlərin, həm də xarici qonaqların sevimli ünvanına çevrilən Şahbuz rayonunda son illərdə xeyli sayda ailə təsərrüfatları qurulub. Zəhmətkeş şahbuzlular daxili bazarda məhsul bolluğu yaratmaq üçün səylə çalışırlar. Şahbuz şəhər sakini Fəxrəntac Bağırova da muxtar respublikada uğur qazanan qadın ailə təsərrüfatçılarındandır. Cari ildə fəaliyyəti yüksək qiymətləndirilərək “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan təsərrüfatçı xüsusi zövqlə hazırladığı cürbəcür çeşidli məhsulları göstərərək deyir: – Şahbuzun dağları əsl şəfa mənbəyidir. Artıq uzun illərdir, bu işlərlə məşğul olduğum üçün bu bitkilərin, necə deyərlər, dilinə yaxşı bələdəm, yığıb-qurutma, saxlama və istifadə qaydalarını gözəl bilirəm. Hər il torpaq oyanan dövrdən başlayaraq ailə üzvlərimlə birgə dağlara, təpələrə üz tuturam. Yığdığımız ot bitkilərini günün altına sərir, hər tərəfinin qurumasına çalışırıq. Məsləhət üçün deyim ki, faydalı otları səhərin erkən saatlarında yığmaq lazım deyil. Bunun üçün şeh qalxmağını gözləməlisən. Səhər saat 11-dən sonra yığılan otlar qaralmır, iyini və tərkibini də olduğu kimi saxlayır. Gördüyünüz bu otların hər birinin faydalı xüsusiyyətləri barədə öyrəndiklərimi alıcılara da izah edirəm. Məsələn, həmərsin böyrək iltihabını, qantəpər, əvəlik soyuqdəyməni aradan götürür. Yemişan çiçəyi qan-damar sistemi xəstəlikləri, gülxətmi astma-bronxial və öskürək üçün faydalıdır. Çobanyastığı iltihabın qarşısını alır, solmazçiçəyindən öd və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Mən də hər il bir çox tədbirlərdə iştirak edir, dövlətimizin yaratdığı imkanlardan lazımınca bəhrələnirəm. Təsərrüfat adamları üçün yaradılan şəraitə, əməyimə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Sərhəd bölgəmiz sayılan Sədərək rayonunda son illərdə xeyli sayda ailə təsərrüfatları formalaşıb. Sədərək kənd sakini Həmzə İsmayılov beş ilə yaxındır ki, ailə təsərrüfatı yaradıb. O, 12 arı ailəsinə qulluq edir. Bununla yanaşı, meyvə qurutma işini də gözəl bilir. Deyir ki, meyvələri öz bağlarından yığır, ehtiyac yarandıqda qonşulardan da satın alırlar. Təsərrüfat fəaliyyətini artırmaq üçün xüsusi olaraq meyvəqurudan aparat da alıblar. Müsahibimiz onu da bildirir ki, muxtar respublikada təşkil olunan yarmarkalar həm məhsulları tanıtmaq baxımından, həm də qazanc əldə etmək üçün çox yaxşı haldır: – Rayonumuzda hər cür imkanlar var. Kim istəsə öz ailə təsərrüfatını qurub qazanc əldə edə bilər. Dövlətimizin qayğısını hər an hiss edirik. Sədərəyi əhatə edən uca dağların başında sərhədi qoruyan igidlərin sayəsində torpaqlarımızı rahat şəkildə əkib-becərir, əmin-amanlıq içərisində yaşayırıq. Yarmarkaya gəldikdə isə meyvə qurularına maraq çoxdur, alıcı yetərincədir...
Ailə təsərrüfatçıları ilə qısa söhbətdən sonra yaradılan təəssüratlarımız bizə ulu babalarımızın dillər əzbəri olan “Ailə kiçik bir dövlətdir” fikrini xatırladır. Görünən odur ki, əgər bu kiçik dövlətin hər bir üzvü əl-ələ verib çalışsa, qazandığı uğurlarla həm özlərinin maddi vəziyyətini yüksəldər, həm də dövlətimizin daha da qüdrətlənməsinə, iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr bəxş edə bilərlər.
Ramiyyə ƏKBƏROVA
Nail ƏSGƏROV