Naxçıvan Dövlət Universiteti və “AKİ PHARM” MMC-nin kollektivləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əsgərlərə bayram sovqatı aparıblar.
Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxışında əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bu gün bütün dünya azərbaycanlıları tərəfindən qeyd edildiyini vurğulayıb. Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyəti və qazandığı uğurları diqqətə çatdıran rektor bu siyasətin ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Elbrus İsayev əsgər və zabitləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin ordu-xalq birliyinin, həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib. Qeyd edib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı qətiyyəti və rəşadətli ordumuzun şanlı mübarizəsi 2020-ci ili tariximizə Zəfər ili kimi yazdı. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Bu gün hər bir azərbaycanlı 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizləyən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən rəşadətli ordumuzla fəxr edir.
Hərbi hissənin şəxsi heyəti adından çıxış edən kapitan Qadir Novruzov ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, əsgər və zabitlərin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu, heç bir bayramda unudulmadıqlarını qeyd edərək minnətdarlığını bildirib.
Sonra gətirilən sovqat əsgərlərə təqdim olunub.