Naxçıvandan Qarabağ döyüşlərinə qatılan Vətən müharibəsi iştirakçısı Naxçıvana qayıdan kimi ilk əvvəl Şəhidlər xiyabanını ziyarət edib. Məzarların önündə baş əyərək sevinc göz yaşlarını saxlaya bilmir. II Qarabağ döyüşünün iştirakçısı kimi şəhidlərimizin görüşünə, döyüş təəssüratlarını bölüşməyə gəlib. Onlara şad xəbəri özü verməyə gəlib. Cəsarətli addımlarıyla, qürurlu tərzi ilə Şəhidlər xiyabanına daxil olan igid hərbçimiz mərkəzdə məzarların tam qarşısında dayanıb məğrur-məğrur düşünür:
Vətənimin igid ürəkli, mərd şəhidləri. Qürur duyduğum igidlər. Vətənimin torpaqları uğrunda canını qurban edən, qəhrəman oğullar. Qarabağ torpaqlarından salam gətirmişəm. Görüşünüzə həmişəki hisslərlə yox, fərqli duyğularla gəlmişəm. İllərdir, kaman naləsinin sədaları altında yanınızdan başıaşağı günahkar qəlbimlə ötürdüm. Canınızı qurban verdiyiniz Vətən torpaqları haqqında heç nə deyə bilmədiyim üçün utanırdım sizlərdən. Əzab çəkirdim adlarınızı oxuyanda, danışan məzar daşlarınızda rəsminizə baxanda. Hər dəfə 20 Yanvarda sizi ziyarət edəndə düşünürdüm ki, nə zaman sizə qatillərimizin qanını aldıq, uğruna canınızı fəda etdiyiniz Qarabağ torpaqlarını geri qaytardıq, Qarabağ artıq bizimdir, Qarabağ Azərbaycandır, rahat uyuyun məzarlığınızda müjdəsini verəcəyik? Nə vaxt o üzülən baxışlarınızda bir dəyişiklik edəcəyik? Tapdalanan haqqınızı sizə nə zaman qaytaracağıq? Mənim kimi hər vətənpərvər Vətən övladı bu hissləri keçirirdi, 20 Yanvar tarixində görüşünüzə gələndə. Qəlbimizdə qaysaqlanan yara, ruhumuzda pərvazlanan dua idiniz. Bu gün çoxdandır, gözlədiyiniz o xəbəri gətirmişəm! Mənim kimi minlərlə igid ürəkli oğulların gücüylə. Çox arzu etmişdim, şəhadətə yüksələrək o dünyada görüşüb sizlərdən də çox şeylər soruşum. Qismət olmadı sizin kimi şəhid olmaq. Qalib və sağ qayıtmışam, ilk olaraq da bura gəlib son borcumu yerinə yetirirəm. Söz verdiyim kimi canınızı qoyduğunuz o torpaqların qələbə xəbərini bir dəfə də mən deyim. İndi deyəcəksiniz ki, gec gəlmisən, biz çoxdan bilirik (Səmaya baxa-baxa gülümsəyir). Bilirəm eşitmisiniz qələbə sevincini. Eşitməmək olardı? Yer də, göy də sevinirdi. Biz yer üzündə bayram edəndə siz də səmalarda pərvazlanırdınız. Gözlərim səmalara dikilib sizin rahatlaşan ruhunuzun sevincini təsəvvür edirdi (Gözləri yumulu şəkildə başını səmaya tutur). Bir də mənim dilimdən eşidin o səhnələri. O müharibə epizodlarını...
Sentyabrın 27-si ermənilər döyüşü başlatdı. Köhnə adətlərinə sadiq qalaraq mülki evləri, əhalini hədəf aldılar Tovuz istiqamətindən. Ali Baş Komandanımız əmr verdi və biz də Naxçıvandan qrup şəklində göndərildik. Döyüşə hamı könüllü gedirdi. Kiməsə deyilmədi, sən də get. Hamı cərgəyə düzülmüşdü. Bir bizim uşaqları görəydiniz. Pərvərdigara! Bu nə cür sevincdi, elə bil toya gedirik (Gülür). Kənardan baxan olsaydı, təəccüblənərdi ki, belə də müharibəyə gedərlər? Mütləq soruşardı. Siz o hissləri bizdən öncə yaşamısınız. Yaxşı bələdsiniz ki, real hisslər idarə olunmur. Hamı fərəh içində idi. Gözlərdə aslan cəsarəti vardı. Biz tələsirdik ki, qan udduraq, qanımızı, canınızı qoyduğunuz Vətən torpaqlarının nisgilini parçalayaq, məhv edək. Fiziki qüvvəsinə, cüssəsinə görə heç kim bir-birindən seçilmirdi, qətiyyət vardı, inam vardı, hər kəsdə cəsarət vardı. Amma sizdən bəzi fərqlərimiz vardı. İnkişaf etmiş, hərbi qüdrətə malik bir ölkənin hərbçisi olaraq. Hərbi imkanları müasir standartlara cavab verən mütərrəqi ordunun döyüşçüsü olaraq. Və ən əsası da xalq-ordu-ölkə rəhbərliyinin birliyinin təmsilçisi olaraq. O zamanlar qarışıqlıq, siyasi hakimiyyətin olmaması, özbaşınalıq, böyük Ermənistan yaratmaq xülyaları milli düşüncəmizi də əlimizdən almışdı. Bu çətinliklərə baxmayaraq, siz ov tüfəngi, bıçaqla silahlı düşmənin önünə atıldınız, qəhrəmancasına şəhid oldunuz. Göz görə-görə satqınlıqların qurbanı oldunuz, torpaqlarımız da pusquda duran çaqqal sürüsünün əlinə keçdi. Hər il sizi 20 Yanvarda ziyarət edəndə o çətin şəraitli döyüş səhnələrini gözlərim önünə gətirirdim. Mənən əzab çəkirdim. Bıçaqla torpaq qorumağa gedən ürəkli igidlərimiz, torpaq sevdalılarımızın haqqı mütləq bərpa edilməlidir. Bu mütləqlər gerçəkləşdi.
Şəhidlərim, məzarınızda arxayın uyuyun. Düşmənlərin dərilərinə saman təpə-təpə, qova-qova, siyasi üstünlüyümüzü illər sonra məqamında, beynəlxalq hüquq çərçivəsində həyata keçirdik. Əzəli Qarabağı Azərbaycana birləşdirdik. Hələ bu harasıdır? Naxçıvanın blokadası da yarıldı. Xəbəriniz olsun, gediş-gəliş bərpa olunacaq.
Məni illərdir, düşündürən odur ki, I Qarabağ savaşından sizin də deyəcəkləriniz, xatirələriniz mütləq vardır. İndi onları eşidə bilməsəm də, zamanı çatanda, yəqin ki, bir arada olacağıq. Görüşəcəyik. İndi rahat uyuyun, Yusif Mirzəyev, Bahadur Abbasov, İbrahim Məmmədov, İdris Məmmədov, Səyyad Əliyev, Vəli Zeynalov – siz, ey hər biri bizim üçün qəhrəmanlıq məktəbi olan əziz şəhidlərimiz! Qanınız yerdə qalmadı, siz şəhid olanda bizlərdən hələ heç doğulmayanlar da vardı. Həmin vətənpərvər nəsil Qanlı Yanvarın, Xocalı faciəsinin intiqamını bizə yaraşacaq şəkildə, heç bir qanun pozuntusuna yol vermədən aldı. Həmin torpaqlara qayıdırıq, artıq. Düzdür, ancaq mən danışdım. Amma sizdən soruşacaqlarım da çoxdur. Bir onu bilin ki, o zamanın ov tüfəngləri ilə düşmən qarşısında dayanan qəhrəman oğullar, biz bu gün bu gücü, bu əzmi sizlərdən aldıq. Sizlərdən öyrəndiyimiz təcrübə, mərdlik məktəbi dilinizdən düşməyən birləşmək amalı ilə yumruq olub, zəfər qazandıq. Bir də ölkə başçımız cənab İlham Əliyevin siyasi savadı, nüfuzlu iradəsi ilə “Qarabağ Azərbaycandır!” kəlməsini dedik və bütün dünyaya dedirtdik. 2020-ci il Qələbəsi 20 Yanvar şəhidlərinin, Qarabağ savaşının tapdalanan haqqını, aydınlığa qovuşdurdu. Bizi torpaq həsrətindən azad etdi. Torpaq uğrunda canlarını sipər edən sizin ruhunuzu mənəvi əzabdan xilas etdi. Gələcək nəsillərə qəhrəmanlıq dastanları, nağıllar, romanlar, filmlər ərməğan etdi. Gizlədilən haqqını müdafiə etdi. Xeyrin Şər üzərində qələbəsini hər kəsə sübut etdi. Rahat uyuyun, Şəhidlərim! Bu səfər biz də 20 Yanvarda sizi ziyarət edəndə, günahkar, mənən torpaq nisgilli, əzab çəkən ruhumuzla yox, daha alnıaçıq, cəsarətlə, iftixarla, qalib kimi görüşünüzə gəlmişik...
Türkan HÜSEYNLİ