http://oldserqqapisi.az/index.php/idman/29377-nakhdzh-vanl-yeniyetmaelaer-yeni-yaranan-idman-noevu-uzrae-yar-shda-mukafatland-r-l-blar.html#sigProGalleria953821781e
İstənilən peşəkar idman növü insan sağlamlığında zərər yarada bilər. Amma bəzi idman növləri var ki, onlarla peşəkar və ya qeyri-peşəkar şəkildə məşğul olduqda belə insan sağlamlığı üçün heç bir təhlükə yaranmır. Kainat inkişaf etdikcə bütün sahələrdə dəyişikliklər olduğu kimi idmanda da müəyyən yenilənmələr baş verir: yeni idman növləri yaradılır, bəzi idman növlərində qaydalar müasirləşir, bəziləri isə öz “hegemonluğunu” digərlərinə təhvil verir. Yeni-yeni püxtələşməyə və kütləviləşməyə başlayan idman növlərindən biri də skandinav yürüşüdür.
Ötən əsrin 40-cı illərindən başlayaraq idmançıların yaxşı fiziki vəziyyətdə qalması, təlimlərdə daha gümrah olması üçün müntəzəm tədbirlər tətbiq edilməyə başlanıldı. Bunun ən yaxşı göstəricisini isə Finlandiya ortaya qoydu. Belə ki, XX əsrin ilk yarısının bitməsinə az qalmış bədən tərbiyəsi üzrə ixtisaslaşmış Mark Cantanın yeni yürüş növünü kəşf etməsi qısa vaxt kəsiyində Mərkəzi və Şərqi Avropa ölkələlərində geniş yayılmağa başladı. “Nordik”, ingiliscədən tərcümədə “Şimal” və ya “Skandinaviya yürüşü” kimi ad qazanan bu idman növü qısa zamanda bir çox faydaları ilə insanların marağını çəkdi. Səbəbləri isə çox sadədir: “Nordik” gəzintisinin faydalarına baxdıqda, insan təəccüblənməyə bilməz. Ümumiyyətlə, həkimlərin fikrincə bu növ fitnes ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Belə ki, yürüş zamanı ürək və qan damarlarının işi yaxşılaşır, xolesterol parçalanır, beyinə qan təzyiqi yüksəlir. Digər tərəfdən, bu, bədənin oksigen istehlakının miqdarını artırmaq üçün effektli yoldur. Skandinav yürüşü digər idman növlərindən fərqli olaraq 46 faiz daha çox kalori yandırmasına kömək edir. Yeganə idman növüdür ki, hərəkət zamanı bədən əzələlərinin 90 faizi işlək vəziyyətdə olur. Hansı ki, bu göstərici qaçışda 45 faiz, velosiped sürəndə isə 50 faiz təşkil edir. “Nordik” yürüşü şəkər və təzyiq, kardiopatoloji xəstələr, ortopedik, əlilliyi olan şəxslər, qamət əyriliyi və bel yırtığı kimi problemləri olan insanlar üçün də ən ideal idman növüdür.
Bu zaman ortaya bir sual çıxır: skandinav yürüşündə nələrə diqqət etmək lazımdır? Bu yürüş növündə insan güc itirmir, gövdə sərbəst və hamar bir şəkildə hərəkət edir. İstifadə olunan çubuqlar ayaqların ritminə görə hərəkət etdirilir: sağ ayaq irəli hərəkət edərkən sol çubuq geridə qalır və əksinə. Yürüyərkən qamət düz tutulmalı, ayaqlar adi yerişdən fərqli olaraq daha çox açılmalı, qollar arxaya sonadək aparılmalı və arxaya hərəkətdə əllər çubuğun yapışdığı yerdən buraxılaraq önə hərəkət yerdəyişməsində yenidən tutulmalıdır. Bununla yanaşı, yürüşdən qabaq isinmə hərəkətləri edilməli, ayaqqabılar və paltarlar rahat olmalıdır.
Skandinav yürüşü üçün çubuqlar dağlıq ərazilərdə istifadə olunan çubuqlarla (trekinq) oxşarlıq təşkil etsə də, onlardan fərqlənir. Belə çubuqların seçilməsi bir neçə xüsusiyyətə əsaslanmalıdır. Belə ki, çubuqlar keyfiyyətli və yüngül olmalı, uc hissəsi yüngül lehimli materialdan hazırlanmalıdır. Bundan əlavə, çubuq, bərk örtüklü yerlərdə (asfalt, beton və sair) hərəkət etmək üçün rezin başlıqla (başmaq) təchiz olunmalıdır. Vacib aspektdən biri çubuğun gücünü və uzunluğunu göstərir. Bu, sahibinin çəkisi və artımı əsasında hesablanmalıdır. Ümumiyyətlə çubuqlar üçün material karbon və ya alüminiumdan ibarət olur. Çubuqların uzunluğu atletin öz boyunun hündürlüyünə görə hesablanır. Məsələn, hər santimetr artımı 5 santimetrə vurulur. Yəni atletin hündürlüyü 185 santimetrdirsə, o, təxminən 125 santimetr uzunluğunda bir çubuq seçməlidir. Uzunluq əzələlərin yükündən də asılı olur.
Skandinav yürüşünün ən üstün cəhətlərindən biri də odur ki, bu idman növü ilə məşğul olmaq üçün yaş məhdudiyyəti yoxdur, hər kəs məşğul ola bilər. Getdikcə populyarlaşan bu idman növü ilə hazırda dünyada 40 milyondan çox insan məşğul olur.
Məlumdur ki, muxtar respublikamızda idmana göstərilən dövlət qayğısı hər il bu sahədə yeni uğurların qazanılmasına şərait yaradır. Xüsusilə gənc nəslin fiziki inkişafında mühüm rol oynayan idman yeni-yeni idmançıların da yetişməsinə imkan verir. Təsadüfi deyil ki, hər il muxtar respublikamızın gənc idmançıları ölkə və beynəlxalq yarışlarda iştirak edərək müxtəlif medallar qazanırlar. Məlum pandemiya ilə bağlı ötən il bir çox beynəlxalq idman yarışları təxirə salınsa da, onlayn qaydada bəzi yarışlarda iştirak edənlər də oldu. Onlardan biri də Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elşad Həsənli və həmin məktəbin 7-ci sinif şagirdi Vəli Həsənovdur. Adıçəkilən şagirdlər 2020-ci ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq yarı marafonda həm qaçış, həm də skandinav yürüşü üzrə onlayn qaydada iştirak edərək müvafiq vaxt ərzində müəyyən olunmuş məsafəni qət edərək medallar qazanıblar. Qeyd edək ki, 13 və 14 yaşlarındakı bu yeniyetmələr skandinav yürüşü üzrə beynəlxalq yarışda hər biri 23 kilometr məsafəni qət etməklə ölkəmizə bu növ üzrə ilk medalları gətiriblər.
Hər iki idmançı ilə söhbətimizdə öyrəndik ki, onlar Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının üzvləridirlər. Lakin məlum səbəblərə görə, ötən il güləşlə bağlı yarış və məşqlərdə iştirak edə bilməyiblər və atalarının skandinav yürüşü ilə bağlı istəyi onları da bu idman növünə həvəsləndirib. İl ərzində davamlı olaraq bu yürüşlə məşğul olan uşaqlar məşqlər zamanı muxtar respublikamızın təbiət mənzərələrininin də fotolarını çəkərək sosial şəbəkələrdə paylaşıblar. Bu isə digər xarici ölkələrdə daim açıq məkanlarda bu idman növü üzrə məşğul olanların diqqətini cəlb edib. Hətta Polşa, Serbiya, İtaliya, Ukrayna, Rusiya, Belarus, Özbəkistan kimi ölkələrin Skandinav Yürüşü federasiyalarının üzvləri Naxçıvanla bağlı həmin fotoşəkilləri özlərinin sosial şəbəkə hesablarında paylaşıblar. Bu isə onları daha da həvəsləndirib və Özbəkistan təmsilçilərinin təklifi ilə Səmərqənddə keçirilən yarı marafonda həm qaçış, həm də skandinav yürüşü üzrə onlayn qaydada iştirakçı olublar. Qaçış üzrə 2 kilometr məsafəni müəyyən olunmuş müddətdə başa vuran Elşad Həsənli və Vəli Həsənov skandinav yürüşü üzrə yarışda yaş kateqoriyasını aşaraq hər biri 23 kilometr məsafə qət edərək marafonu uğurla başa çatdırıblar.
Reylef baxımından əlverişli mövqedə olan Naxçıvan Muxtar Respublikasında bu idman növünün inkişafı üçün hər bir imkan var. Gələcəkdə bu növün kütləvi hal alması, beynəlxalq turnirlərin keçirilməsi həm də diyarımızın turizm imkanlarının beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayar.
Ceyhun MƏMMƏDOV