22 Dekabr 2024, Bazar

Yanvarın 12-si Naxçıvan Dövlət Texniki Kollecində “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabının təqdimatı keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov diyarımızda təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, hazırda muxtar respublikada 3 ali, 4 orta ixtisas, 212 orta, 5 peşə, 20 məktəbdənkənar təhsil müəssisələri, 8 Uşaq-Gənclər Şahmat, 8 Uşaq-Gənclər İdman, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ötən müddət ərzində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, peşə təhsili, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilib.

Vurğulanıb ki, məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanılıb, təhsil müəssisələrində şagird, tələbə və müəllimlər üçün vahid geyim forması tətbiq edilib, qabaqcıl tədris metodlarının, o cümlədən STEAM təlim metodunun tətbiqinə başlanılıb. 2014-cü ildən interaktiv, 2015-ci ildən isə elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslər keçirilməsinə start verilib, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant audio və elektron kitabxana yaradılıb.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı muxtar respublikanın təhsil potensialını tam əks etdirir. Kitab bir bələdçi rolunu oynamaqla, eyni zamanda təhsil müəssisələrinin mövcud vəziyyəti ilə də bağlı ilkin informasiya əldə olunması baxımından əhəmiyyətlidir. Məhz bu nəzərə alınaraq kitabın elektron versiyası Təhsil Nazirliyinin saytına da yerləşdirilib. Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafına, göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin tapşırığı ilə mühüm elmi, tədris və praktik əhəmiyyəti olan bir çox xəritə və atlaslar hazırlanaraq yüksək keyfiyyətlə çap edilib. Muxtar respublikanın təhsil müəssisələrinin xəritələri toplusu qiymətli informasiya mənbəyi olmaqla, kartoqrafik nəşrlərin zənginləşdirilməsinə xidmət edir. Xəritələr muxtar respublikanın ərazisi üzrə təhsil müəssisələrinin yerləşməsini və sıxlığını vizual olaraq nümayiş etdirir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə İnstitutunun direktoru Cəfər Əliyev çıxış edərək kitabın ərsəyə gəlməsi ilə bağlı görülən işlərdən danışıb.
Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə nəşr olunan kitab 7 bölmə, 63 səhifədən ibarətdir. Kitabda 15 xəritə, 163 fotoşəkil yerləşdirilib və muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas, orta, peşə və məktəbdənkənar təhsil müəssisələri, o cümlədən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin adları, xəritə üzrə yerləşməsi və müasir görüntüləri yer alıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR