Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə həyata keçirilməsinə başlanılan, mühüm sosial əhəmiyyətə malik özünüməşğulluq proqramının icrası uğurla davam etdirilir. Belə ki, dekabr ayında muxtar respublika üzrə, ümumilikdə, 33 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 21 nəfərin hər birinə 2 baş iribuynuzlu, 6 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə 100 baş quş və quş yemi, 1 nəfərə qaynaqçı avadanlıqları və ləvazimatları, 4 nəfərə isə miniyerşumlayan aqreqat verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 1 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunan, 1 nəfəri şəhid ailəsi, 4 nəfəri isə gənclərdir.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.
Nicat Babayev sosial qayğıya ehtiyacı olan şəxslər adından göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Sonra çıxış edənlər özünüməşğulluq proqramının icrasının əhəmiyyətindən danışıb.
Proqrama cəlb edilmiş sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Babək rayon Nehrəm qəsəbə sakini Vilayət Fərəcova və Sədərək rayon Sədərək kənd sakini Zülfiyyə Kazımovaya otdoğrayan aqreqat verilib. Nazirlik tərəfindən bu kimi həvəsləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti