Erməni terrorçu dəstələri Naxçıvana qarşı
Sovet İttifaqının tarixində ilk dəfə 31 il əvvəl Naxçıvan Muxtar Respublikası SSRİ-nin tərkibindən çıxdığını bəyan etdi.
1990-cı ilin yanvar ayında erməni terroru daha da şiddətlənmişdi. Azərbaycana qarşı erməni təcavüzünə Sovet İttifaqı rəhbərliyi açıq-aşkar şərait yaratmışdı. Buna baxmayaraq, xalqımızın istiqlaliyyət uğrunda mübarizəsi getdikcə güclənməkdə idi.
Qanlı Bakı qırğınına hazırlaşan imperiya ordusu ölkəmizin digər bölgələrində, o cümlədən Naxçıvanda da kütləvi qırğın planı hazırlamaqda idi.
1990-cı ilin yanvar ayından başlayaraq erməni terror dəstələri Naxçıvanın yaşayış məntəqələrinə ard-arda hücumlar həyata keçirirdi. Belə bir vəziyyətdə Naxçıvandakı rəhbərlik Moskvadan konstitusiyadakı öhdəliklərə əməl edilərək, muxtar respublikanın əhalisinin təhlükəsizliyinin təmin olunmasını tələb edirdi. SSRİ rəhbərliyi, nəinki bu hücumun qarşısını alır, əksinə, seperatçı erməni birləşmələrinə Naxçıvana hücum etmək üçün silah və hərbi texnika köməkliyi göstərirdi. Hətta basqınlarda imperiya ordusunun hərbi qulluqçuları da basqınlarda iştirak edirdilər. Məhz Naxçıvanın Kərki kəndi SSRİ daxili qoşunlarının birbaşa iştirakı ilə işğal olunmuşdur.
Ermənilərin məqsədi mərkəzi imperiya rəhbərliyinin dəstəyi ilə Naxçıvan əhalisi arasında qorxu yaradaraq, qısa zamanda buranın boşaldılmasına nail olmaq idi. Sədərək istiqamətində döyüşlərin getdikcə intensivləşməsi qardaş Türkiyə ilə dar bir zolaqda yerləşən sərhəd strateji ərazisinin işğal edilməsinə çalışırdılar. Bununla da Naxçıvanda əhalinin vəziyyətini kritik hala gətirərək bölgədə Azərbaycanın varlığına son qoyula bilərdi.
31 il əvvəl baş verən kritik şəraitdə Naxçıvandakı əhali özünü itirməyərək, birlik nümayiş etdirib həm erməni hücumlarına qarşı səfərbər oldular, həm də bu günümüz üçün mühüm tarixi əhəmiyyət daşıyan siyasi qərarın qəbul olunmasına nail oldular.
Minlərlə naxçıvanlı MSSR-in Ali Sovetinin fövqəladə sessiyasının keçirilməsi tələbi ilə mitinqlərə başladı.
Naxçıvan Parlamenti 19 yanvar 1990-cı il tarixdə axşam gec saatlarda Azərbaycanın və Naxçıvanın suverenliyi, ərazi bütövlüyün müdafiə edilmədiyinə görə SSRİ Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq Naxçıvanı müstəqil respublika elan etdi. Naxçıvan Ali Sovetinin SSRİ-nin tərkibindən çıxdığına dair qərarda daha sonra aşağıdakılar qeyd olunur:
1. Naxçıvan MSSR SSRİ tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.
2. Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin.
3. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına və dünyanın bütün dövlətlərinə kömək məqsədilə müraciət olunsun.
Sovet İttifaqının 70 illik tarixində ilk dəfə olaraq muxtar ərazinin imperiyanın tərkibindən çıxması kimi tarixə düşən bu hadisə dünyada böyük rezonans yaratdı. Bu siyasi qərarın qəbul olunması o dövr üçün cəsarət tələb edən riskli məsələ idi.
Naxçıvan Parlamentinin qətiyyətli addım ataraq muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması ilə bağlı verdiyi qərar imperiya rəhbərliyinin Bakıda törətdiyi qırğını Naxçıvanda da törətməkdən çəkindirdi. Daha sonrakı proseslər də muxtar respublikanın müdafiəsinin təşkili və təhlükəsizlik məsələlərində ciddi zəmin yaratdı. Azərbaycanın müstəqillik uğrunda gedən mübarizəsində Naxçıvan ön cərgədə addımladı.
Naxçıvan Parlamentinin 19 yanvar 1990-cı il tarixli qərarı Sovet İttifaqında ilk addım olaraq imperiyaya qarşı mübarizədə Azərbaycan xalqının dünyada mübariz xalq kimi tanınmasında mühüm rol oynadı.
Samir Adıgözəlli
İctimai Siyasi Proseslər
Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri
www.republic-underground.com