22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq olub.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.
Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikamızda aparılan uğurlu idman siyasətindən danışıb. Vurğulanıb ki, Naxçıvan idmançıları ötən il, ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 37 medal qazanıblar.
Diqqətə çatdırıb ki, 2002-ci ildə yaradılan Karate-do Federasiyası idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib. Ötən il federasiya idmançıları beynəlxalq miqyaslı turnirlərdən 14 medal qazanıblar. Hazırda Karate-do Federasiyasında muxtar respublikamızın şəhər və rayonlarını əhatə etməklə, ötən il ərzində 607 idmançı, 27 fərqli qrupda idmanın bu növü üzrə keçirilmiş hazırlıqlarda, təlim-məşq proseslərində iştirak ediblər.
Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman və gənclər siyasəti, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir idman infrastrukturu yaradılaraq maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən danışıb.
Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən 12 idman federasiyasının hər birinə yüksək dövlət qayğısı göstərilərək işlərini günün tələbləri səviyyəsində qurmaları üçün hərtərəfli şərait yaradılıb. 2002-ci ildən muxtar respublikada fəaliyyət göstərən Karate-do Federasiyasının tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında 3 klub və 26 karate bölməsi fəaliyyət göstərir. Ötən dövr ərzində “Nəqşicahan” karate-do qızlar idman klubunun da fəaliyyəti genişləndirilərək 2-si Naxçıvan şəhərində, 1-i Şərur rayonunda, 1-i isə Ordubad rayonunda olmaqla, ümumilikdə, 4 qız bölməsi yaradılmışdır. Bu gün muxtar respublikada karate idman növü ilə 600 nəfərdən artıq uşaq, yeniyetmə və gənc məşğul olur ki, onlardan 100 nəfərdən çoxu qız idmançıdır.
Diqqətə çatdırılıb ki, dünyada tüğyan edən pandemiya 2020-ci ildə digər federasiyalar kimi, Karate-do Federasiyasının da fəaliyyətində müəyyən fasilələrin yaranmasına səbəb olub. Lakin buna baxmayaraq, 2020-ci ilin birinci rübündə federasiya tərəfindən məşqlər müntəzəm olaraq davam etdirilib, karateçilərimiz iki beynəlxalq səviyyəli və bir muxtar respublika daxilində keçirilən turnirdə iştirak ediblər. Mövcud çətinliklərə baxmayaraq, Karate-do Federasiyası 2020-ci il beynəlxalq turnirlərdə 1-i qızıl, 1-i gümüş, 12-si bürünc olmaqla, ümumilikdə, 14 medal qazanıb.
Federasiya sədri bildirib ki, göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, federasiyanın idmançısı Vüsal Seyidovun adı gənc istedadların “Qızıl kitabı”na salınaraq xüsusi aylıq təqaüdə layiq görülüb. Federasiyanın digər idmançısı Rafiq Hüseynli isə Ali Məclis Sədrinin mükafatına layiq görülüb.
Federasiya sədri yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.
Sonra federasiyanın şəhər və rayon bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirləri dinlənilib, il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasını giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, 2020-ci ilin fevral ayının 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən Nazirlik və dövlət qurumlarının qarşısına konkret tapşırıqlar qoyulmuş, tapşırılmışdır ki, idmanın davamlı inkişafını təmin etmək məqsədilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nı hazırlayıb təqdim etsinlər. Bu tapşırığa əsasən əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması məqsədilə 2020-ci il 14 fevral tarixdə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Sərəncam imzalanıb. Proqramın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilib.
Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev vurğulayıb ki, Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür. Yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Kikboksinq Federasiyanın idmançıları il ərzində muxtar respublikadan kənarda keçirilən ölkə səviyyəli yarışlarda da iştirak edib və 15 müxtəlif əyarlı medal qazanıblar. Bundan başqa, Türkiyənin İstanbul şəhərində Türkiyə Muaythai Federasiyasının təşkilatçılığı ilə keçirilən “Muaythai Qala Gecəsi”ndə naxçıvanlı idmançı Etibar Qəribov iştirak edərək Gecənin qalibi olub. Federasiyanın məşqçi-müəllimləri və idmançıları Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “İdman festivalı”nda iştirak ediblər. İl ərzində federasiya idmançıları tibbi müayinədən keçirilib. Muxtar respublikamızda 512 idmançı 29 qrupda bu idman növü ilə məşğuldur.
Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.
İclasa yekun vuran Gənclər və İdman naziri Azad Cabbarov yaradılan şəraitə görə bütün idmançılar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

*  *  *

Boks Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağında 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışında federasiyanın sədr müavini Məmmədcəfər Əliyev çıxış edib. Bildirilib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində bütün sahələr kimi, bədən tərbiyəsi və idman da inkişaf etməkdədir. Ötən il federasiya 7 müxtəlif idman tədbirində iştirak edib ki, bunlar arasında beynəlxalq turnir və Azərbaycan birinciliyi də var. Bu yarışlarda dəri əlcək sahiblərimiz 2 qızıl və bir bürünc medal əldə ediblər. İngiltərənin London şəhərində keçirilən Tokio Olimpiadasına lisenziya xaraketerli yarışda isə boks məktəbimizin yetirməsi Tayfur Əliyev 57 kiloqram çəki dərəcəsində vəsiqəni təmin edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğısı sayəsində bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir.
Məcid Seyidov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası da 2020-ci ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 330 idmançı 21 qrupda bu idman növü ilə məşğuldur. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Boks Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Sonra il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.
Yığıncağa yekun vuran Gənclər və İdman nazirinin müavini məşqçi-müəllimlər və idmançılar adından yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
Federasiyanın sədri Səhət Həbibbəyli 2020-ci il ərzində görülmüş işlərlə bağlı məlumat verib. Qeyd olunub ki, ötən ilin mart ayında Naxçıvanda keçirilmiş idman festivalında Atıcılıq Federasiyası da uğurla təmsil olunub. Ötən il stend, TİR atıcılığı və peyntbol üzrə 4 idman yarışı təşkil edilib.
Federasiya sədri hesabat ili ərzində atıcılıq idman növünün muxtar respublikada təbliği, atıcılıq idman klublarının fəaliyyətinin genişləndirilməsi və yeni idman avadanlıqlarının alınması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Atıcılıq Mərkəzinin peyntbol meydançasında maneələr yenidən qurulub, stend atışı üçün meydança müasir tələblərə tam uyğunlaşdırılıb, TİR atıcılığı üçün yeni hədəflər quraşdırılıb.
Atıcılıq idman növünə marağın artırılması, gənclərin fiziki və mənəvi cəhətdən Vətənin müdafiəsinə daha yaxşı hazırlanması üçün Naxçıvan Dövlət Universitetində TİR salonu yaradılıb. Bu məqsədlə ali təhsil ocağına “Hatsan” markalı 2 ədəd TİR tüfəngi və 1 ədəd TİR tapançası verilib, mexaniki şəkildə idarə oluna bilən hədəflər qurulub. Federasiya tərəfindən Naxçıvan Qarnizonu tam orta məktəbində yaradılan TİR salonuna da 2 ədəd müasir TİR silahı hədiyyə olunub, ötən il federasiyaya 60 nəfərə yaxın yeni üzv qəbul olunub, qızların və paralimpiyaçıların idmana cəlbi, perspektivli idmançıların müəyyənləşdirilməsi diqqətdə saxlanılıb.
Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev çıxışında bildirib ki, cari il ərzində atıcılıq idman növləri üzrə 15 müxtəlif yarışın, o cümlədən stend üzrə beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulub.
Sonra atıcılıq idman klublarının fəaliyyətinin genişləndirilməsi, rayon gənclər və idman idarələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi, rayondaxili yarışların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR