Ümumi daxili məhsul istehsalı bir ölkənin sərhədləri çərçivəsində müəyyən bir zaman ərzində, əsasən, illik olaraq istehsal edilən son məhsulların və xidmətlərin ümumi məcmusudur. Davamlı inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, ümumi daxili məhsul istehsalında sənaye sahəsi özünün liderliyini qoruyub saxlayır. Bunun da təbii səbəbləri var. Çünki bu gün istifadə olunan ərzaq və qeyri-ərzaq məhsullarının böyük bir qismi sənaye istehsalı mərhələsindən keçdikdən sonra istehlakçıya çatdırılır.
Bu, bir tərəfdən həmin məhsulların ilkin formada xammal şəklində olduğuna əsaslanırsa, digər tərəfdən hətta ilkin şəkildə istifadə oluna biləcək ərzaq məhsullarının da çeşidləndirmə, qablaşdırma kimi sənaye proseslərinə cəlb olunması ilə bağlıdır. Yəni kənd təsərrüfatı məhsullarının da böyük bir qismi uzunmüddətli istifadə üçün sənaye istehsalından keçməyə məcbur olur. Buna görə də ümumi daxili məhsul istehsalı iqtisadi inkişafda hansı yeri tutursa, sənayenin də inkişafı ümumi daxili məhsulun formalaşmasında o qədər böyük rol oynayır. Buna görə də hesab olunur ki, sənayenin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı irəliləyişdən söhbət gedə bilməz.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü məhsul istehsalına nail olmaqdan ibarətdir. Son illərin iqtisadi mənzərəsinə nəzər salsaq, görərik ki, muxtar respublikada uğurla icra olunan müxtəlif istiqamətli Dövlət proqramları, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü layihələr, ailə təsərrüfatlarının inkişaf etdirilməsi, rəqabətqabiliyyətli məhsul istehsal edən yeni müəssisələrin yaradılması özəl sektorun inkişafına, dolayısı ilə yeni növ və çeşiddə məhsul istehsalının stimullaşdırılmasına şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, daxili bazarın tələbatında yerli istehsal məhsullarının həcmi ildən-ilə artır. Təsadüfi deyil ki, hazırda muxtar respublikada yerli istehsal müəssisələri tərəfindən 384 növdə məhsul istehsal olunur. Bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Təbii ki, ərzaq və qeyri-ərzaq məhsullarının növ və çeşidinin artması ümumi daxili məhsul istehsalına da təsir göstərir.
2020-ci ildə pandemiyanın yaratdığı mənfi təsirlərə baxmayaraq, muxtar respublikada əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub. Onun bir nəfərə düşən həcmi 6 min 310 manat təşkil edib. Bu, 2019-cu ildəki göstəricidən 1,8 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində sənayenin də payı artır və bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, ötən il ümumi daxili məhsulda ilk yeri tutan sənaye sahəsində məhsul həcmi artaraq 1 milyard 40 milyon 475 min manat olub. Sənayenin dövlət sektorunda 68 milyon 245 min manatlıq, qeyri-dövlət sektorunda 972 milyon 230 min manatlıq məhsul istehsal edilib. Ümumilikdə isə sənaye məhsullarının istehsal həcmi muxtar respublikanın illik ümumi daxili məhsul istehsalının, təxminən, yarısına bərabərdir. Digər xidmət sahələrinin mövcud vəziyyətlə bağlı fəaliyyətini (xüsusilə turizm xidmətlərini) nəzərə alsaq, ümumi daxili məhsul istehsalında əldə olunan artımın daha çox istehsal sahələri üzrə yarandığını əminliklə söyləmək mümkündür.
Səbuhi HƏSƏNOV