25 Aprel 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. 2021-ci ildə də muzey ziyarətləri davam edir.

 Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Heydər Əliyev Muzeyində olublar. Muzeyin direktoru Ramil Orucəliyev mədəniyyət müəssisəsi barədə ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin il may ayının 10-da fəaliyyətə başlayıb.

Mədəniyyət ocağına ekskursiya zamanı qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Vurğulanıb ki, 420 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 4621 eksponat vardır ki, onun da 3000-dən çoxu kitabxana və ekspozisiyada nümayiş olunur. Dəyərli eksponatlar onu seyr edən hər kəsin qəlbində dərin iz qoyur, yüksək təəssürat yaradır. Dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənc nəsil üçün əsl həyat məktəbidir. Xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş muzey ulu öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri dahi öndər Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır. Burada nümayiş etdirilən eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Ötən illər ərzində muzeydə ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla birgə elmi konfranslar keçirilib, məktəblilərin və tələbələrin ekskursiyaları təşkil olunub, onlar üçün lektoriyaların və açıq dərslərin keçilməsi diqqətdə saxlanılıb. Ekskursiyanın sonunda Ramil Orucəliyev onu da qeyd edib ki, ulu öndərin muzeylərə sığmayan həyat yolu və siyasi fəaliyyəti bugünkü və gələcək nəsillər üçün böyük örnəkdir, 44 gün davam edən, ölkəmizin Böyük Qələbəsi ilə yekunlaşan Vətən müharibəsi də bir daha göstərdi ki, ümummilli liderin siyasi xəttinin alternativi yoxdur və bu yol xalqımızı firavan, xoşbəxt gələcəyə əmin addımlarla aparmaqdadır.

Qeyd edək ki, yanvarın 30-da muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının, onların şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da muzeyləri ziyarət ediblər. 

Nail ƏSGƏROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR