Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Culfa rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Ərəzin kəndində torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçılarının iştirakı ilə “Torpağın münbitliyinin qorunması, üzvi və mineral gübrələrin verilməsi, yaz tarla işlərinə hazırlıq və zərərvericilərə qarşı mübarizə tədbirləri” mövzusunda tarla-seminar müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə İcra Hakimiyyətinin əməkdaşı Valeh Kəngərli açaraq müşavirənin məqsədi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Əsgər Həsənov, Yaşar Quliyev və Bəhruz Qasımov tərəfindən Torpağın münbitliyinin qorunub saxlanması, taxılçılıqda mütərəqqi metodların, o cümlədən şırımla suvarmanın əhəmiyyəti”, “Payızlıq taxıllara mineral və üzvi gübrələrin nora və nisbətlərə uyğun qaydada, eləcə də optimal müddətdə həyata keçirilməsi” mövzularında çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, əkin dövriyyəsinə daxil olan torpaq sahələrindən səmərəli istifadə olunaraq yüksək məhsuldarlığa nail olunması üçün əkindən əvvəl torpaqların laborator analizləri aparılmalı, sturuktur tərkibi müəyyənləşdirilməlidir. Sturuktur tərkibinə əsasən qida mühiti yaradılmalı, həmin qida mühitində yaşam şəraitini qura bilən rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə edilərək əkin həyata keçirilməli, şırımla suvarla üsuluna xüsusi diqqət yetirilməlidir.
Qeyd olunub ki, taxılçılıqda yüksək məhsuldarlığa nail olunması üçün sahələrin optimal müddətdə yemləmə gübrələrinin verilməsi əsas şərtlərdəndir. Yemləmə gübrəsi iki mərhələdə taxılın kollanma dövründə və boruya getmə dövründə verilməlidir. Bunun üçün bitkilərin inkişaf fazaları və kənd təsərrüfatı maşınlarının sahədə sərbəst hərəkət etməsi diqqətdə saxlanılmalı, suvarma sularından maksimum dərəcədə səmərəli istifadə olunmasına diqqət yetirmək lazımdır. Erkən yazda becərilmə işləri aparılarkən zərərverici, xəstəlik və alaq otlarının mütamadi olaraq müşahidələri aparılmalı, zərurət yaranan ərazilərdə mütəxəssislərin tövsiyələri ilə komplek mübarizə tədbirləri həyata keçirilməlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılb, buklet informasiya vərəqələri sahibkarlara paylanılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidməti