23 Dekabr 2024, Bazar ertəsi

Gedirik Naxçıvan şəhərinin Tumbul kəndinə, şəhid İbrahim İbrahimovun ailəsi ilə görüşməyə. Qəlbimdəki təlatüm bambaşqa duyğular yaradır məndə. Hər şeydən əvvəl, qürurluyam ki, Naxçıvan torpağı  belə vətənpərvər, igid, qeyrətli oğullar yetirir. Digər tərəfdən, “şəhidlik” adlı uca məqama yüksələn bu Vətən övladının ailəsini danışdırmaq, qanayan yaralarının qaysağını yenidən qanatmaq mənim üçün də çətindir. Nə qədər çətin olsa da,  şəhidlərimizin həyat hekayələrini oxucularla bölüşməyə çalışırıq. 

Artıq İbrahimin xalasıgilin evinə çatmışıq. O, uşaqlıq çağlarını nənəsi və xalasının yanında keçirib. Atası Şərur rayonunun Alışar kəndindən olan Etibar İbrahimov ömrünü-gününü ancaq işləməyə, evinə bir tikə çörək gətirməyə sərf edib. İbrahimin anası iki il əvvəl şəkər xəstəliyindən vəfat edib. Elə bil ana da duymuşdu övladının taleyinə yazılan günü, ondan əvvəl torpaq altına köçdü, gözünün ağı-qarası bircə oğlunun ölümünə şahid olmadı. Evə daxil oluram, ilk baxışdan şəhid evi olduğu bəllidir. Evə dərin sükut çöküb, divarlar da bu qəmə, kədərə etinasız qala bilmir, İbrahimin yoxluğu hər addımda hiss edilir. Digər otaqda stolun üzərinə düzülən şəkillər gözümə dəyir. Yaxınlaşıram, şəhidimizin şəkillərinə baxıram tək-tək. Kəlmələr boğazımda düyünlənir. Ömrünün bahar çağında igid oğul itirmək nə qədər də çətindir. İbrahimin atası Etibar müəllim: – Qızım, İbrahim getməsəydi, onun kimi cəsur oğullar yollanmasaydı müharibəyə, bəs kim alacaqdı torpaqlarımızı yağı düşməndən,– deyir. Doğrudur, 30 il həsrət, göz yaşı, Qarabağ nisgili hərbi qulluqçularımız, müharibəyə könüllü yollanan İbrahim kimi cəsur oğullarımız doğma torpaqlarımız uğrunda son damla qanlarınadək mərdliklə döyüşərək şəhid oldular, əbədilik qazandılar...

Ata, mənimlə fəxr edəcəksiniz

Ata üçün çətindir itirdiyi bircə oğul övladı haqqında danışmaq. “Oğlum Birinci Qarabağ müharibəsi zamanı, ölkəmiz üçün çox çətin bir dövrdə – 1992-ci il fevralın 18-də doğulub”, – deyir Etibar İbrahimov. Gənc yaşlarından işləyib, çalışqan, vətənpərvər uşaq olub. Ürəyindəki Allah sevgisi çox böyük idi, namaz qılırdı, məscidə gedirdi. Bir gün gəldi ki, ata, sənədlərimi toplayıb hərbiyə gedəcəyəm. Həmin vaxt müəyyən səbəblərə görə alınmadı, amma qəlbində Vətən keşiyində dayanmaq arzusunun qaldığını görürdüm. Ötən il yenidən müraciət etdi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunda iştirak etdi, könüllü olaraq oktyabrın 18-i müharibəyə yollandı. Getməzdən altı saat əvvəl evə gəlmişdi. Elə hey deyirdi ki, mənimlə fəxr edəcəksiniz. Şərəfli döyüş yolu keçən oğlum yaralıları döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlir. Döyüş yoldaşları deyir ki, qadağan olunmuş silahla sol tərəfindən vurulur. Elə həmin dəqiqə də şəhadətə qovuşur. Hələ müharibə olmamışdan əvvəl də evdə söhbəti ancaq Mübariz kimi qeyrətli igidlərimizdən, qəhrəmanlarımızdan salar, mən fəxr edərəm ki, elə şəhidlik adını alam deyərdi.

Komandirləri, döyüş yoldaşları deyirlər ki, İbrahim bambaşqa idi. Böyüklə böyük, kiçiklə kiçik idi. Cəsur idi, mərd idi. Sonuncu dəfə oktyabrın 29-u danışdıq oğlumla. Mənə çox dedi ki, ata, haqqını halal elə... Allah bütün şəhidlərimizə rəhmət eləsin, İbrahimin itkisi mənim üçün ağırdır, tək təskinliyim azad edilən Vətən torpaqlarıdır.

Övlad deyil, elə bil göydən ­enmiş mələk idi

Məhsəti Salmanova İbrahimin uşaqlıqdan ən yaxın dostu, sirdaşı olub. Onun yaxşı xüsusiyyətlərindən danışan nənə deyir: – Neçə nəvəm var, ancaq İbrahimin tayı-bərabəri heç yerdə yox idi. İbrahim uzun illərdən sonra ata-anasına Allahın verdiyi şirin pay oldu. O bizim yanımızda böyüyüb, burada məktəbə gedib. Bir sözümü iki eləməzdi. Qanacaqlı, zarafatcıl, hamıya qarşı mehriban idi. Övlad deyildi, elə bil mələk idi. Sən mənim aslan, qeyrətli nənəmsən deyərdi həmişə. Bir gün dedi, nənə, yeddi ildir, bir qızı istəyirəm elçiliyə gedə bilərsən? Aldıq qızı, beş-altı ay çəkmədi toyunu elədik. Ondan qabaq hərbiyə yazılmaq istəyirdi. Toyundan bir il sonra getdi, şəhidlik xəbəri gəldi. Bu da İbrahimin qisməti idi. Torpaq uğrunda şəhid oldu kişi kimi. Dövlətimiz, Prezidentimiz sağ olsun. Digər şəhidlərimiz kimi, onu da öz yurdunda hörmətlə-izzətlə torpağa tapşırdılar, bütün Naxçıvan İbrahimi uca tutdu.

Əbədi həsrət, əbədi gediş

İbrahimin həyat yoldaşı Gülsüm İbrahimova danışır: – Toyda bir-birimizi görüb, tanış olmuşduq. Düz yeddi il İbrahim də, mən də sözümüzə, andımıza, sevgimizə sadiq olduq. Allah dualarımızı qəbul etdi. Bir il iki ay idi ailə qurmuşduq. Müharibəyə getməzdən qabaq evə gəlmişdi. Deyib-gülürdü, hamı ilə halallaşırdı. Deyirdi, birdən gedərəm qayıtmaram. Qapıdan çıxanda atama dedi ki, bu yolun gedişi də var, dönüşü də. Gəlsəm heç, gəlməsəm, Gülüşü sizə əmanət edirəm. Gözüm arxada qalmasın. Elə bil toy-bayrama gedirdi, müharibəyə yox. Tez-tez zəng edirdi. Deyirdi, bu yerlərdən cənnət ətri gəlir, qayıdım gəlim, sizi də gətirəcəyəm buraları görəsiniz. Oktyabrın 30-u sonuncu dəfə zəng etdi. “Hamımızla bir-bir danışdı dedi, dualarınızı əsirgəməyin bizdən”, – dedi. Nə biləydim, yarım saat sonra döyüşdə qəfil güllə ona tuş gələcək, əbədi bir həsrətə qərq edəcək məni. Mən təkcə həyat yoldaşımı yox, həm də dərd ortağımı, sirdaşımı itirmişəm. Deyirdi, həsəd aparıram o adama ki, cümə günü şəhid kimi dünyadan köçə. Elə arzusu da gerçək oldu, cümə günü o uca məqama yüksəldi. Müsahibim boynundan asılan üzüyə işarə edərək deyir ki, bu, İbrahimin döyüş zamanı da barmağında olan nişan üzüyümüzdür. Ondan mənə yadigar qalan, xatirələrimizin yeganə nişanəsi bu üzüyü üzərimdə gəzdirirəm. Bununla onun ruhunun həmişə mənimlə olduğunu hiss edirəm. Demək olar ki, hər gün İbrahimin məzarına gedirəm. Saatlarla onunla söhbət edirəm, inanıram ki, məni eşidir. Axı şəhidlər ölmür, Peyğəmbərimiz də buyurub ki, onlara ölü deməyin, onlar ölü deyillər. İbrahim hamımızın qəlbində əbədi yuva qurub.
Onu da qeyd edək ki, dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən İbrahim İbrahimov, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən digər şəhidlərimiz həmişə qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı hər nəslə örnək olacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR