21 Dekabr 2024, Şənbə

Tarixi yaddaş fərdi və bütövlükdə cəmiyyəti tanımaq qabiliyyətini təmin edən ictimai şüurun əsası, psixi nüvəsidir. Tarixi yaddaş sosial konsolidasiya üçün ən mühüm katalizatordur. Milli kimliyin formalaşmasında tarixi yaddaşın rolu danılmazdır. Dünyanın nüfuzlu elm adamları tarixi yaddaşın öyrənilməsinə dair əsas metodoloji yanaşmaları ümumiləşdirmiş, milli kimliyin mexanizmlərini öyrənmişlər. Xalqın maarifləndirilməsi, dövlətin daxili və xarici siyasəti, hətta gələcək perspektivlərin dəqiq müəyyənləşdirilməsi və digər amillər tarixi yaddaşa mühüm təsir göstərir. Lakin ən əsas amil odur ki, “tarixi yaddaş” və “şəxsiyyət” anlayışları bir-birindən ayrılmazdır və onlar arasında sıx qarşılıqlı asılılıq əlaqələri mövcuddur, çünki yaddaşın qorunması fərdlərin öz müqəddəratını təyin etməsi və sosial qrupların birliyinin güclənməsi üçün ən vacib şərtdir.

Dövlətlərin və xalqların taleyüklü qərarlarının alınmasında tarixi yaddaş şəxsiyyət amilinə müraciət etdir, amma tarixi yaddaşda qalmaq hər siyasətçiyə və liderə qismət olmur. Yəni, daha dəqiq ifadə etsək hər kəs bir siyasi fiqur kimi özünü tarixi yaddaşa hopdura, həzm etdirə bilmir. Azərbaycan xalqının tarixinə dönüb baxdığımız zaman onun nəhəngliyi və yaddaşının silinməzliyi ondadır ki, müasir yeni tariximizdə özünü, adını və hər addımını qızıl hərflərlə yaddaşa həkk etdirən, dünyanın siyasi və hərb tarixində inqilabi dəyişikliklərə səbəb olan bir şəxsiyyət var ki, O, həm tarix yazdı, həm də tarixi yaddaşa düşdü. O şəxs ulu öndər Heydər Əliyev ideyalarının və ideallarının ən layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz Prezident İlham Əliyev tarixi yaddaşımıza, milli kimliyimizə dönməmizi təmin edən, bütün şəxsləri və müxtəlif qrupları bir “Dəmir yumruq” altında birləşdirərək, fərd olaraq Azərbaycan vətəndaşını, cəmiyyət, xalq olaraq isə Azərbaycan xalqını dünyaya tanıtdı. Müharibədə qalib gəlib, lakin dünya siyasi arenasında, tarixində hələ də qəbul olunmayan ideologiyalar, bu ideologiyanın daşıyıcısı güclü xalqlar və qüdrətli dövlətlər praktikasını heç kim inkar edə bilməz. Əldə etdiyimiz Zəfərin leqallaşdırılması, bütün dünya birliyi tərəfindən qəbul etdirilməsi elə zəfərin əldə olunması qədər özündə mürəkkəb kombinasiyaları ehtiva edən bir prosesdir. Bu, sözsüz ki, çoxşaxəli və yorulmaz fəaliyyət, düzgün istiqamət, dostların sayını artırmaq, düşmənləri isə ən az neytrallaşdırmaq qabiliyyəti tələb edir. Liderimiz elə bir incə siyasət yürüdür və beyinlərə yeridir ki, Azərbaycanın regionda yaratmış olduğu reallıq beynəlxalq münasibətlər sisteminin güclü aktorlarının siyasi gündəliklərinə yenidən nəzər yetirmək zərurətini yaradır. Bu təqdirdə daha da aydın olur ki, lider amili xalqın tarixini, bugünkü vəziyyətini, mümkün və arzu olunan perspektivlərini dərk etmək prosesində ən önəmli faktordur.

Müasir dünyanın reallığı və proseslərin gedişisübut edir ki, liderin cəmiyyətin və xalqın məqsədləri üçün atdığı addımlar tarixi yaddaşa dönüş olmaqla bərabər, özünün, nəticə etibarilə isə təmsil etdiyi xalqın liderlik keyfiyyətlərinin üzə çıxarılmasıdır. Ona görə də xalqın öz taleyini həll etmək prosesində tarixi inkişaf yolunu seçərkən lider amilinin dəqiqliklə və düzgün seçilməsi imperativ kimi görünür. O, keçmişin nəticəsi və eyni zamanda gələcəklə qarşılıqlı əlaqə kimi çıxış edir və nəticədə milli kimliyin və xalqın müsbət obrazının formalaşmasında problemlərinin həllinə, onun daha da müsbət imicinin formalaşdırılmasına töhfə verir.

Liderin linqvistik xüsusiyyətləri, çıxışları xalqa müraciəti zamanı insanlara müəyyən əxlaqi və ya etik qaydalar təlqin etmək baxımından olduqca mühüm əhəmiyyətə malikdirsə, bir digər tərəfdən də ali məqsədlərə gedən yolda xalqın birləşdirilməsinə birbaşa təsir edən ən önəmli amildir. Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə xidmət edən çıxışlarında, debatlar və müsahibələrində bu möhtəşəm xüsusiyyətlərinin şahidi oldurduqsa, 44 günlük Vətən müharibəsi zamanı onun natiqlik qabiliyyətinin möhtəşəm olduğu faktını nəinki Azərbaycan, bütün dünya gördü və böyük rəğbətlə qarşıladı. Sadə xalqa müraciət edərkən ən sadə sözləri seçməsi Onu xalqımıza daha da yaxınlaşdırdı, hər ailənin bir üzvü kimi uşaqdan-böyüyə hər kəs Onu səmimi sevgi hissləri ilə sinələrinə basdı. Bu, xalqın məqsədə çatmaq yolunda siyasi proseslərdən asılı olmadan qeyd-şərtsiz, ən rəvan və bər-bəzəksiz duyğuları, hissləri idi. Dünyanın ən peşəkar jurnalistlərinə, müxbirlərinə tarixi faktlarla və lazımi formada həqiqəti dərk etdirmək bacarığı bütün dünyanı mat qoymuşdu.

Prezident İlham Əliyevin çıxışlarını diqqətlə dinləyən siyasət adamları qeyd-şərtsiz olaraq bu çıxışları dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış kimi dəyərləndirirlər. Ulu öndər Heydər Əliyev kimi ahinin davamçısı olan insanın tarixi və həyat missiyası bu yolu davam etdirmək zərurəti idisə, digər tərəfdən Azərbaycan xalqının ona duyduğu inam idi ki, bu inam da ən ali səviyyədə təmin olundu. Çünki uzaqgörən və dahi ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü il oktyabrın 15-də Prezident seçildikdən sonra dövlətimizin başçısı Bayraq meydanında söz vermişdi ki, ən ali vəzifəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması olacaqdır. Xalq onun etimadını və rəğbətini qazanmış Prezidentinə o qədər güvəndi ki, qarşıdan gələn hər seçkidə dövlətimizin başçısı daha çox səslə qalib gəlməyə qoymağa müvəffəq oldu. Məhz verilən sözlərin yerinə yetirilməsinin nəticəsidir ki, bu gün xalq öz Liderinə sonsuz güvənini ifadə edir. Məhz bu faktın özü dünya siyasi tarixində bənzərsiz bir hadisədir. Dövlət başçımız çoxşaxəli fəaliyyəti ilə bir çox təltiflərə, ordenlərə, fəxri elmi adlara, idman təşkilatlarının mükafatlarına layiq görülmüşdür. Amma dövlət başçımızın özünün də bildirdiyi kimi onun fəaliyyətinə verilən ən yüksək dəyər Azərbaycan xalqının səmimi sevgisidir.

Son üç onillikdə müstəqilliklərini yenicə quran və daxili münaqişələrdən çıxan dövlətlər davamlı sülhə və hərtərəfli siyasi nizamlanmalara nail olmaq üçün getdikcə daha çox siyasi dialoqlara müraciət ediblər. Ümummilli lider Heydər Əliyevin Azərbaycanı vətəndaş müharibəsinin və bir dövlət kimi yox olmağın astanasından döndərməsi, xalqımızı vahid Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməsi və dövlətçilik mexanizminin inkişaf etdirilməsi prosesi, heç şübhəsiz ki, yeni dövrün reallıqlarına və dünyanın çağırışlarına uyğun davam etdirilməli idi. Dövlət idarəçiliyində siyasi dialoqun rolunu cari dünya təcrübəsinə uyğun şərh edərkən görürük ki, dünyanın bir çox dövlətləri müxtəlif formalarda siyasi dialoqlar həyata keçirib. Siyasi dialoqun məqsədi problemlərin praktiki və sülh yolu ilə həllinə nail olmaqla yanaşı, daha dərin səviyyədə milli konsensus, sosial birlik yaratmaq və gələcəyə ümumi baxışı müəyyən etməkdir. Dövlət başçımızın təşəbbüsü ilə reallaşan yeni siyasi konfiqurasiya yaradıldı. Prezident İlham Əliyev inklüziv və iştirakçı mexanizmlər yaratmaqla siyasi dialoqun unikal Azərbaycan modelini yaratdı. Siyasi keçidin həll edilməmiş məsələlərini iştirakçı dialoq prosesi vasitəsilə həll etməyin nəticəsi idi ki, demokratik islahatlar nəticəsində ölkədə yaşanan yeni inkişaf mərhələsinə qədəm qoyuldu. Məhz bu amil-milli və siyasi həmrəylik xalqın orduya inamını və dəstəyini daha da artırmaqla Zəfər tarixinin ideoloji bazisini yaratmış oldu. Məhz bu səbəbdən də vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident İlham Əliyev xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır.

Dövlət dəqiq müəyyən edilmiş güclü məqsədlər uğrunda konkret və ardıcıl planları sistemli icra edərkən güclənir. Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti məhz Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla icra olunur. Prezident İlham Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri seçilmişdir. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni proqramının hazırlanması üzrə işlərə və kadr islahatlarına başlanılmışdır. Bu gün böyük bir fəxarətlə deyirik ki, köklü islahatlar nəticəsində Yeni Azərbaycan Partiyası yenilənir, Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi yol daha da genişləndirilir. Nəticə etibarilə, YAP nəinki Azərbaycanda siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynayır, YAP-ın sıralarına qoşulan insanların sayı gündən-günə artır, həm də bu siyasi təşkilat ölkə hüdudlarını aşaraq regionun ən böyük və güclü siyasi partiyasına çevrilməyi bacarmışdır.

Azərbaycanda həmrəylik mühitinin və dayanaqlı demokratik ənənələrin vəhdət şəklində ikişafı mütərəqqi təcrübədir ki, bunun da kökündə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalanmasıdır. Təkcə son iki il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 8 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Prezident İlham Əliyevin prinsipial mövqeyinin təzahürüdür ki, siyasi partiyaların Respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakı təmin edilmiş, siyasi partiya liderlərinin kütləvi informasiya vasitələrində məqalələrlə, çıxışlarla öz fəaliyyətlərini aktiv şəkildə həyata keçirmələrinə geniş platformalar yaradılmış, onlarla bərabər azad olunmuş ərazilərə birgə səfərlər təşkil edilmiş, “Siyasi partiyalar” haqqında yeni qanun layihəsi siyasi partiya rəhbərləri ilə müzakirə edilmişdir. Azərbaycanda demokratik dəyərlərin ən ali formada təzahür olunmasının nəticəsi və bariz nümunəsidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara uyğun olaraq bəzi siyasətçilərə müvafiq cinayət işləri üzrə bəraət verilmiş və təzminat ödənilmişdir. Prezident İlham Əliyevin azərbaycanlıya xas olan humanistliyini, yüksək insani keyfiyyətlərini və Lider kimi böyüklüyünü tam təcəssüm etdirən bir xüsusi məqam da var ki, məhz bu nüans Azərbaycan xalqı tərəfindən də olduqca təqdir olunmuşdur. Belə ki, dövlət başçımız siyasi partiya rəhbərlərinə şəxsi xarakterli problemlərin həlli istiqamətində dəstəyini ifadə etmişdir. Məhz bu amil Onun Böyüklüyünün Ən Ali Zirvəsidir!

Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikriləri zaman ötsə də, regionda və dünyada köklü dəyişikliklər baş tutsa da stabil olaraq qalır. Dövlətimizin başçısının hər aldığı qərar sübut edir ki, onun sosial siyasətinin əhatə dairəsi gündən-günə genişlənir, ən əsası isə birbaşa vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması işinə xidmət edir. Bu baxımdan da Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, bütövlükdə 800 min işçini əhatə edəcək. Sosial siyasətin əsas məqsədlərindən biri gəlir səviyyəsini təmin etməkdir. Sosial siyasətin parametrləri, sosial müdafiənin əhatə dairəsi, pensiya siyasəti, iş yerlərində gender balansı və bu istiqamətdə mütərəqqi ideyaların tətbiq olunması istiqamətində Azərbaycanda əsaslı işlər həyata keçirilir. Koronavirus (COVID-19) pandemiyasının diktə etdiyi mənfi tendensiyaları konstruktiv reallığa çevirə biləcək sosial və siyasi, eləcə də iqtisadi dəyişiklikləri dəstəkləmək üçün yaxşı düşünülmüş fəaliyyətə ehtiyac var. Bu sahənin mütəxəssisləri “Qloballaşan dünya iqtisadiyyatı əsas etikaya, siyasi və sosial prosedurlara oxşar qloballaşmış yanaşma tələb edir” fikrini irəli sürərək dövlətin konseptual və universal yanaşmasının gücünü vurğulayırlar. Bu modern və mütərəqqi yanaşmaları öz siyasətinin mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə minimum əməkhaqqında artımlar davamlı xarakter alıb.

Sosial siyasət böyük ölçüdə bir cəmiyyəti müəyyənləşdirməyə xidmət edir. Bu, cəmiyyətin ən həssas üzvlərini qorumaq üçün kollektiv şəkildə görülən işlərin əksəriyyətini əhatə edir, həm də hamının sosial ehtiyaclarını qarşılamalıdır. İş sosial həyatın mərkəzi aspektidir və bu gün dünyada cərəyan edən hadisələr bu sahədə ciddi narahatlıqların mövcud olduğundan xəbər verir. Buna baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Əsas məsələ müxtəlif narahatlıqların hərtərəfli qiymətləndirmə daxilində yerləşdirilməsi məsələsindən gedir ki, Azərbaycan da bu işdə konseptual olaraq hərtərəfli yanaşma ortaya qoyur. Azərbaycan dövləti sübut edir ki, sadəcə bir qrupa diqqət ayırmaq ya da digəri üzərində üstünlük verməkdənsə, bu narahatlıqlar tarazlaşdırılan inklüziv yanaşma ilə daha ağlabatan və daha ədalətli şəkildə həll edilə bilir.

Qlobal əməkdaşlığın qlobal disfunksiyadan üstün olması üçün hələ gec deyil, lakin bu, dövlətlərdən və onların siyasi liderlərindən illərlə alışdıqları konservativ kursu dəyişərək, yeni yanaşmalar ortaya qoymağı tələb edir. Dünyada olan problemləri, cərəyan edən hadisələrin gedişatını qabaqlamağı bacaran, müasir çağırışlara dərhal və adekvat cavab verməyi bilən siyasətçi və Lider kimi tanınan dövlətimizin başçısı ən ali kürsülərdən bəyan etmişdir ki, COVID-19 pandemiyası ilə mübarizə aparmağın yeganə effektiv yolu bütün dünya ölkələrinin ümumi səylərinin ortaya qoyulmasıdır və bu istiqamətdə dövlət başçımız bir çox ilklərlə, təşəbbüslərlə adını nəinki Azərbaycan, bəşər tarixinə yazdırmağa müvəffəq olmuşdur.

Son 18 ildə daxili siyasətin uğurla icra edilməsi xarici siyasət kursunda da eyni tendensiya ilə müşahidə olundu. Qlobal iqtisadi və hərbi güc balansında uzunmüddətli dəyişikliklər, dövlətlər arasında rəqabətin artması və daha güclü qeyri-dövlət aktorlarının meydana çıxması ilə dünya sürətli və əsaslı dəyişikliklər prosesindədir. Proqnozlaşdırılmayan təhdidlər gözlənilməz hadisələrlə üzləşmə ehtimalını getdikcə artır. Dünyanın bir çox dövlətlərində terrorizm, ekstremizm və qeyri-sabit mübarizə, dövlət əsaslı təhdidlər, münaqişənin geniş vüsət alması, dövlətlərin beynəlxalq münasibətlər sisteminin digər aktorları ilə daha çox mənfi məcrada münasibətlərinin irəliləməsi fonunda Azərbaycan Prezidentinin müstəqil, eyni zamanda konstruktiv siyasət yürütməsinin, orta məxrəcin olduqca düzgün və sərrast müəyyən edilməsinin bəhrəsinin hər bir siyasi qərarda və gündəlik həyatımızda şahidi oluruq. Bu gün Azərbaycan vətəndaşı dinc, sabit və inkişaf edən bir ölkədə yaşadır, yaradır, firavan gələcək qurur. Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Dövlətimizin başçısının özünün də ifadə etdiyi kimi, Azərbaycan gənci küçələrdə iğtişaşlarda deyil, elm ocaqlarında zəngin biliklərə yiyələnir, özlərinə sağlam gələcək qururlar.

Heç çəkinmədən deyə bilərik ki, bu gün Azərbaycan bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına öz mühüm töhfəsini verir və elə bu baxımdan da dünyaya nümunədir. Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində Respublikamız səylərini durmadan davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında hökm sürən harmoniya bu gün daha da möhkəmlənmişdir.

Bunlarla yanaşı, iki güc qütbü - Moskva və Vaşinqton Azərbaycanı etibarlı tərəfdaş kimi gördüyündən önəmli görüşlər üçün məhz Bakını seçirlər. ABŞ, eləcə də NATO və Rusiya generallarının Bakıda görüşmələrinin bir sıra mühüm səbəbləri var. Bu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunması istiqamətində tərəfdaş kimi çıxış etməsi və bu müstəvidə davamlı olaraq mühüm mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, müxtəlif güc mərkəzlərinə bərabər məsafədə dayanması, etibarlı tərəfdaş olması və şübhəsiz ki, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilləri ilə bağlıdır.

Əgər bu gün Azərbaycan Ordusu qalib ordu statusuna yiyələnibsə, bu nailiyyət ümummilli lider Heydər Əliyev siyasi xəttinin, güclü dövlət quruculuğu strategiyasının Prezident İlham Əliyev tərəfindən dəqiqliklə və yüksək peşəkarlıqla yürüdülməsinin nəticəsidir. Azərbaycan Ordusu silahlanmanın ən müasir tətbiqi olan “5-ci nəsil müharibəsi” əsasında hərbi əməliyyatlar apardı. “Minimum itki, maksimum nəticə” prinsipi ilə döyüşən Azərbaycan Ordusunun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına, düşmənə bir daha özünə gəlməyə imkan verməyən sarsıdıcı zərbələr vurulmasına imkan verdi. Azərbaycan xalqı “Öldü var, döndü yoxdur” deyərək öz Liderinin ətrafında bir yumruq oldu. Ordumuzun Zəfər yürüşü bir daha təsdiq etdi ki, ölkəmizin hərbi büdcəsi uzaqgörənliklə yüksələn xətt üzrə məqsədyönlü şəkildə artırılıb. Prezident İlham Əliyev bir daha sözünün imzası qədər əhəmiyyətli olduğunu, ədalət deyilən məfhumun varlığını əyani olaraq bütün dünyaya göstərdi.

Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Üçtərəfli Bəyanatda əksini tapan Ermənistanın işğal altındakı Kəlbəcər, Laçın və Ağdam rayonlarını heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verməsi, məhz bu formada düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.

Prezident İlham Əliyevin hazırda ən ali amalı azad edilmiş torpaqlara yenidən həyat vermək və insanlara verdiyi sözü tutaraq, qısa zaman ərzində onları öz doğma-yurd-yuvalarına yerləşdirməkdir. Bu istiqamətdə də sadəcə zəruri olan işlərin həyata keçirilməsi yox, müasir standartların tətbiq olunaraq “yaşıl enerji” zonalarının yaradılması işləri icra olunur ki, bu da dövlət başçımızın illər ərzində sinəsi Vətən qubarı bağlamış soydaşlara verdiyi dəyərin əyani sübutudur. Dünya iqtisadiyyatının mövcud pandemiya şəraitində böyük problemlər yaşadığı bir vaxtda Prezident İlham Əliyevin təşəbbüsü və təlimatları əsasında Azərbaycan yalnız erməni işğalından azad edilmiş əraziləri bərpa etməyi və yenidən qurmağı deyil, həm də “Ağıllı şəhər” və “Ağıllı kənd” anlayışlarını həyata keçirir.

Müasir dövr Azərbaycan diplomatiya tarixinin ən uğurlu tarixlərindən biri 2011-ci ilə təsadüf edir. Belə ki, məhz bu ildə Azərbaycan 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Məhz bu amil Azərbaycanın beynəlxalq münasibətlər sisteminin güclü aktoru olduğunu, onun artan nüfuzunun və iqtisadi inkişafının əyani sübutu idi. 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər ərzində BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının sədri seçildi. Ümumiyyətlə, Prezident İlham Əliyev Azərbaycanın sıx əməkdaşlıq etdiyi təşkilatlarla bir prinsip üzərində işləyib. Belə ki, dövlətimizin təşkilatların imkanlarından yararlandığı qədər, bizim də o təşkilatların dünyadakı nüfuzunun artırılmasına xidmət etməyimiz əsas prinsip olmuşdur. Bu baxımdan da sədrlik dövründə irəli sürülən yeni təşəbbüslər təşkilatların dünyada cərəyan edən proseslərin idarə edilməsində və dizaynında olan rolunu əhəmiyyətli dərəcədə artmışdır.

2020-ci ilin 44 gününə Prezident seçildiyi ilk gündən hazırlaşan və bunu heç bir dairədən gizlətməyən, çəkinmədən bəyan edən dövlət başçımızın döyüş meydanında, diplomatik masada və informasiya müharibəsi cəbhəsində qazandığı qələbənin nəticəsi olaraq bu gün Azərbaycan regionun yeni geosiyasi mənzərəsi formalaşdırmaqla yanaşı, region tarixində yeni səhifələrin açılmasını təmin edir. Belə ki, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı, region ölkələri üçün yeni iqtisadi perspektivlər yaradır. Dövlət başçımızın aldığı müdrik qərarların nəticəsidir ki, region dövlətləri arasında daha etibarlı münasibətlər bərqərar olur və regionun investisiya cəlbediciliyi artır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycanın uğurla sədrlik etməsi olduqca önəmli məsələdir. Prezident İlham Əliyevin məntiqli addımlarının nəticəsidir ki, Azərbaycan zamanında xəyal olan məsələləri reallığa çevirir. Belə ki, türk dövlətlərinin coğrafi bütünlüyünün, həmrəylik məsələsinin gündəmə gətirilməsi, daha da gücləndirilməsi işi olduqca həssaslıq, bir o qədər də qətiyyət və şücaət tələb edirdi. Bu ağır tarixi missiyanın da altına girən Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son illərdə sinxron şəkildə atdığı addımların nəticəsidir ki, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Məhz bu işlərin nəticəsidir ki, 2021-ci il noyabrın 12-də Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir.

Bu gün Azərbaycan Avropanın enerji təminatçısı qismində çıxış edir. Azərbaycan o dərəcədə etibarlı tərəfdaşdır ki, ərazisində faktiki olaraq müharibə getməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyə sadiq qalaraq Cənub Qaz Dəhlizinin dördüncü - sonuncu seqmenti olan Trans-Adriatik kəmərini müharibədən qısa müddət sonra, yəni, 2020-ci il dekabrın 31-də istifadəyə verdi. Məhz bu addımları görən, Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyən dövlətlər sözügedən layihəyə qoşulmaq niyyətlərini ifadə edirlər. Bu heç şübhəsiz ki, Prezident İlham Əliyevin Azərbaycanın imicini nə qədər düzgün müəyyənləşdirməsinin nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin yenidən yaratdığı, Prezident İlham Əliyevin inkişaf etdirdiyi, yeni və çiçəklənən Azərbaycanı aydın görən, Vətən müharibəsinin üzə çıxardığı reallıqların nəticəsi olaraq dünyanın və regionun siyasi mənzərəsini hər zamankından daha dərin dərk edən Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib, onun yürütdüyü daxili və xarici siyasətə sonsuz güvənir, dəstəyini hər keçən gün daha möhkəm formada ifadə edirlər.

Tək bir cümlə ilə yekunlaşdırsaq, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı və Azərbaycan xalqının səmimi sevgisini qazanan Liderdir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR