22 Dekabr 2024, Bazar

Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinin təşkilinə, insanların və onların əmlakının xilası, təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunmasına yönəltməkdir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə zəruri qanunvericilik bazası yaradılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulmuşdur. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması muxtar respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması baxımından atılan mühüm addımlardan biridir. Ötən illər ərzində böyük inkişaf yolu keçmiş Fövqəladə Hallar Nazirliyi və onun yerlərdəki strukturları üçün müasir inzibati binalar tikilib istifadəyə verilmiş, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Belə ki, 2012-ci ildə nazirliyin yeni inzibati binası istifadəyə verilmiş, binada müasir xidmət şəraiti, elektron nəzarət və idarəetmə sistemləri yaradılmışdır. Həmçinin 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə Şərur və Babək rayon şöbələri, 2014-cü ildə Sədərək rayon şöbəsi, 2020-ci ildə isə Culfa rayon şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilmiş, müasir iş şəraiti yaradılmışdır. Mülki Müdafiə Alayının təlim mərkəzində döyüş hazırlığı məşğələlərinin, təlim və məşqlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanması, istismarı və texniki xidmət göstərilməsi üçün müasir avtomobil parkı istifadəyə verilmiş, peşəkar xilasedicilərin hazırlanması məqsədilə təlim mərkəzi yaradılmış və onun ərazisində vertolyot meydançası tikilmişdir.
Muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsi və nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmış və bu sahədə fəaliyyətin nümunəvi təşkili üçün zəruri addımlar atılmışdır. Muxtar respublika ərazisində baş vermiş təbii, texnogen hadisələrin statistikasının aparılması, belə hadisələrə çevik reaksiyanın verilməsi məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılmışdır.

Tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə muxtar respublikada 2010-cu ildən etibarən Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi fəaliyyətə başlamış, onun nəzdində Mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılaraq ən müasir sınaq avadanlıqları və cihazları ilə təchiz edilmişdir.
Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Belə ki, nazirliyin zabit-gizir ailələri üçün Naxçıvan şəhərində 48 mənzilli yaşayış binası tikilmiş və 2017-ci il yanvarın 11-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə şəxsi heyətin istifadəsinə verilmişdir.
Nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmış, ötən il 7 yanğınsöndürmə və 2 xidməti minik avtomobili, 63 adda müxtəlif təyinatlı avadanlıq alınmışdır. Həmçinin muxtar respublika ərazisində enerji təhlükəsizliyinin təmin olunması, elektroenergetika infrastrukturunun müasir tələblər səviyyəsində qurulması məqsədilə 2 “İsuzu” markalı səyyar işıqlandırma avtomobili, su hövzələrində xilasetmə işlərinin səmərəliliyinin artırılması məqsədilə 1 “Yamaha” markalı skuter alınaraq Mülki Müdafiə Alayına təhvil verilmişdir. Müdafiə alayında əsaslı təmir və yenidənqurma işləri aparılmış, istilik, su, kanalizasiya və elektrik sistemləri quraşdırılmış, yaşayış və qeyri-yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, sıra meydanlarına asfalt örtüyü salınmış, ərazidə abadlıq işləri aparılmışdır.
Nazirlik tərəfindən mütəxəssis hazırlığına xüsusi diqqət verilərək ötən tədris ilinin “Uzlaşma planı”na uyğun olaraq Mülki Müdаfiə Alаyının və Хüsusi Riskli Хilаsеtmə Хidmətinin xilasediciləri “Qar uçqunlarında xilasetmə işlərinin aparılması” mövzusunda təlimlərin kеçirilməsinə cəlb olunmuşdur. 2020-ci ilin avqust-sentyabr ayları ərzində Əlahiddə Ümumqoşun Ordunun Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyi taktiki təlimdə Mülki Müdаfiə Alаyı və Хüsusi Riskli Хilаs­еtmə Хidmətinin bir qrup şəхsi hеyəti iştirak edərək təcrübə qazanmışdır. Həmçinin Mülki Müdаfiə Alаyı və Хüsusi Riskli Хilаsеtmə Хidmətinin xilasedici dalğıclarının peşə hazır­lığı keçirilən taktiki-xüsusi təlimdə təkmilləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.
Fövqəladə Hallar Nazirliyi bundan sonra da mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində zəruri tədbirləri həyata keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR