Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən, dövrlərə – çillərə bölünür. Çillə, əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Bizim müasir dilimizdə çillədən çıxmaq ifadəsi var. Əgər bir adam günlərlə evdən çıxmasa, zarafatla onu haqqında deyərlər ki, filankəs çilə çıxardır. Amma bu zarafatın arxasında böyük bir inam var. Xalq belə təsəvvür edir ki, qış təbiətin məşəqqətli bir zamanıdır. Bu zamandan aciz insanın çıxması son dərəcə çətindir. O qışdan çıxmaq insanın, doğurdan da, bayram etməsinə dəyən bir keçid dövrüdür. O mənada, Böyük Çillə, Kiçik Çillə, Boz ay mərhələləri Novruz bayramına qədərki çox vacib mərhələlərdir.
Məlum olduğu kimi, Böyük Çillə dönəmində havalar mülayim keçir. Qışın şaxtalı, sərt günləri bu dönəmdə sonrakı mərhələyə nisbətən az olur. Və qış öz “hökmünü” sonra – Kiçik Çillə dövründə daha aydın göstərir. Qışın ikinci mərhələsi sayılan Kiçik Çillə dönəmində hava, adətən, Böyük Çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq da deyir ki, “Əsas şaxta Böyük Çillədən sonra olur, yəni Kiçik Çillədə. Bu kiçik Çillə çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günnük Kiçik Çillə nə qədər sərt olsa da ömrü qısadır. Bu vaxt həm də günlər uzanmağa başlayır. Xalq yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük Çillə və Kiçik Çillə bir-birinə qarşı qoyulur. Böyük Çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik Çillə onun əksinə olaraq, öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Bu baxımdan professor A.Nəbiyevin fikirləri böyük önəm daşıyır: “...Maraqlı cəhətlərdən biri də odur ki, mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik Çillə ilə bağlı poetik düşüncəsində ifadə edir:
Kiçik Çillə..
Boyu bir belə...
Hikkəsi bir belə..
Gəlişi oldu
Hayınan.
Gedişi oldu
Vayınan.
Əlində qırmanc,
Eli-günü yandırdı,
Neçə günahsız doqqaz bağladı,
Neçə alaqapı
Sındırdı.
Kəsdi neçə evin yağmasın,
Pendirin, çörəyin, ağmasın...”.
Nümunədən göründüyü kimi, Kiçik Çillə ərəfəsində hava o qədər soyuq və şaxtalı günlərlə müşayiət olunur ki, şaxta və arasıkəsilməz soyuqla müşayiət olunan günlər insanlara, təsərrüfata kəskin ziyan vurur. İnsanlar lap əvvəllərdən ilin bu dönəmini qışın ən sərt vaxtı kimi qarşılamışlar. İlin bu dönəminin sərtliyinin insanların yaşayış tərzinə, təsərrüfata da mənfi təsirlərini nəzərə alaraq hazırlıqlar görmüşlər. Xalq öz düşüncəsində ilin bu dönəmini – Kiçik Çillə dönəmini “qışın oğlan çağı” da adlandırmışdır. Ulu əcdadlarımız Kiçik Çillənin bu qədər sərt havalı olmasını maraqlı fəlsəfə ilə qarşılamışlar: evin kiçik övladı həmişə ərköyün olduğu üçün Kiçik Çillə də öz ərköyünlüyünü belə göstərir. Xalq təfəkküründə Kiçik Çillənin Böyük Çilləyə “həsədlə” yanaşdığını ifadə edən mifoloji mətnlərdə deyildiyi kimi, əgər Kiçk Çillənin də Böyük Çillə qədər ömrü olsaydı, “dünyanı öz soyuğu ilə viran edərdi”. Mifoloji mətndə Kiçik Çillə Böyük Çilləylə “söhbətində” öz hünəri ilə belə öyünür:
Böyük Çillə ilə Kiçik Çillə yolda rastlaşıllar. Kiçik Çillə Böyükdən soruşur:
- Getdin nə etdin?
Böyük Çillə deyir:
- Təndirləri yandırdım, kürsüləri qurdurdum, küplərin, xaralların ağzını açdırdım.
Kiçik Çillə deyir:
- Qoy mən gedim, gör neyləyəcəm?! Qarıları təndirdən basıb küflədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, üzüqoyulu qoyub gələcəyəm.
Böyük Çillə deyir:
-Bacarmazsan...
Qabağın yazdı,
Ömrün azdı.
Göründüyü kimi, insanlar Kiçik Çillənin öz təbiəti ilə yaratdığı fəsadlarından narahat olurlarsa da, ömrünün çox az olduğunu, cəmi 20 gün – fevral ayının 1-dən 21-nədək hökm sürəcəyini düşünüb təsəlli tapırlar.
Onu da əlavə edək ki, qışın sərtliyi bu dönəmdə əvvəllər icra olunan mərasimlərlə nisbətən kölgədə qalırdı. İstər Böyük Çillədə zamanı icra olunan Saya mərasimi, istərsə də Kiçik Çillə dönəmində keçirilən Xıdır Nəbi mərasimi etnosun dirilən təbiətlə bağlı arzi-istəyini ifadə edirdi. Bəzi bölgələrdə bu mərasimi Kiçik Çillənin axırıncı 9 və ya 10-cu günündə keçirilər. Bir çox bölgələrdə, məsələn Borçalıda bu mərasim birinci çillənin çıxan son gününə təsadüf edir. Naxçıvanda isə xalq arasında Xıdır Nəbi mərasimi Kiçik Çillənin birinci ongünlüyündə icra olunur.
Böyük Çillədə indi unudulmuş, əvvəllər isə aktiv şəkildə icra olunan Saya mərasimi keçirilib. Bu barədə folkorşünas M.Kazımoğlu maraqlı məlumatlar verərək yazır ki, saya mərasimi qoyunçluqla birbaşa əlaqəsi olan mərasim idi. Saya mərasimi bizim indiki Kosa-kosa mərasiminə oxşar detallarla müşayiət olunub. Məsələn, adamlar, xüsusi oyunbazlar, məsxərəçilər çoban paltarı geyinər, əllərinə quzu dərisi alıb və qapı-qapı gəzərək xüsusi nəğmələr oxuyaraq pay yığarmışlar:
Salamməleyk say bəylər,
Bir-birindən yey bəylər.
Saya gəldi gördünüzmü,
Sayaya salam verdinizmi?
Sayaçı sözlər adlı janrın adı da bu bayramın qalığıdır. Saya sözü çuvaşlardakı çaya sözü ilə səsləşir. Deməli, digər türk xalqlarında da saya bayramları keçirilib. Bu bayram folklor etnoqrafiyamızın bir parçası, folklor numunəsi kimi gün bizdə də elmi ədəbiyyatlarda, tədqiqatlarda özünə yer almaqdadır. Bu bayram təxminən yanvar ayının ortalarında, qoç sürüyə daxil olan vaxtda keçirilib. Erkək qoyunları xüsusi qırmızı parçalarla bəzəyər və onu sevinclə sürüyə qatardılar və ümid edərdilər ki, həmin o saya və ya çaya adlı hami ruh insanlara kömək edəcək ki, heyvandarlıqda məhsuldarlıq bol olsun.
Bizim indi Kosa-kosa mərasimində də oyun elementləri var: kosa da nəğmələr oxuyur və insanlardan pay istəyir. Bu payın arxasında çox böyük həqiqətlər dayanır. Yəni sayaçı mərasimləri göstərir ki, bu bayram məhsuldarlıq bayramıdır. Yəni qışdan çıxan insan özünün qoyunçuluqla bağlı ümidlərinin bayramını edir.
Bütün bunlar etnosun təqvim və bu təqvimlə bağlı yaranmış olan mərasim düşüncəsinin qədim kökləridir.
Aytən Cəfərova
AMEA Naxçıvan Bölməsi filologiya üzrə fəlsəfə doktoru