22 Dekabr 2024, Bazar

Xalqımızın tarixi ənənələrini özündə yaşadan milli-mədəni sərvətlərimizdən biri kimi xalça sənəti hər zaman diqqəti cəlb edən sahələrdən olmuşdur. Təsadüfi deyil ki, ölkəmizə səfər edən məşhur tarixçilərin və tədqiqatçıların Azərbaycanla bağlı xatirələrini qələmə aldığı əsərlərində xalçalarımız haqqında məlumatlara xüsusi yer verilmişdir. Tarixboyu Azərbaycan xalçalarının şöhrəti ölkə sərhədlərini aşmış və mühüm sənətkarlıq nümunəsi kimi əvəzolunmaz simvola çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı  demişdir: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin Vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Ölkəmizdə xalçaçılıq sənətinin ən yaxşı nümunələri sırasında Naxçıvan xalçaları, xüsusilə seçilmişdir. Özünəməxsus fərqləndirici cəhətlərə malik olan bu xalçalar Naxçıvan xalçaçılıq məktəbinin formalaşmasına səbəb olmuşdur. Muxtar respublikamızda Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi daim diqqət mərkəzində saxlanılmışdır. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması, 2010-cu ildə muzeyin yeni bina ilə təmin olunması bu sahəyə göstərilən dövlət qayğısının ən mühüm təzahürüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır. 

Proqramın icrası istiqamətində 2020-ci ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Xalq Yaradıcılığı Emalatxanasında 20, Cəlilkənd buzxanasında 9 xalça toxunmuş, 14 xalçanın satışı həyata keçirilmişdir. Əvvəlki illərdə yaradılan əllə toxunmuş xalçaların reyestrinə 2020-ci ildə 50 xalça haqqında məlumat daxil edilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində xalçaçılıq sənətinə marağın artması bu sahədə peşə təhsilinin və müvafiq kursların təşkili ilə bağlı tədbirlərin geniş vüsət almasına gətirib çıxarmışdır. Dövlət proqramında xalçaçılıq sahəsi üzrə sənətkar­ların bədii-texniki iş üsullarının öyrənilməsi, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi barədə tapşırıq nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2020-ci ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Xalq Yaradıcılığı Emalatxanasında təşkil olunan kursda 7 müdavimə xalçaçılıq sənətinin sirləri öyrədilmişdir. Xalçatoxuma sahəsində kadr təminatının yaradılması və peşə təhsilinin dəstəklənməsi məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən xalçaçı kursunu 17 müdavim bitirərək sertifikat almışdır. Həmçinin Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 2019-cu ildən fəaliyyətə başlayan xalçaçı kursunu başa çatdıran 12 müdavim iyunun 12-də sertifikatla təmin edilmişdir. Həmin məktəbdə noyabr ayından fəaliyyətə başlayan kursda 15 müdavim təhsilini davam etdirir. 2020-ci ildə Şərur, Culfa və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərində xalçaçılıq dərnəklərinin fəaliyyətə başlaması bu sahədə fəaliyyətin daha da genişləndirilməsinə şərait yaratmışdır.

Turizm sektorunun inkişafına təkan verən başlıca amillərdən biri ənənəvi sənətkarlıq sahələrinin özünəməxsusluğunun qorunması və bu fəaliyyətin nəticəsi olan məhsulların müxtəlif üsullarla nümayiş edilməsidir. Muxtar respublikamızda istehsal olunan sənətkarlıq nümunələrində ənənəvi cəhətlərin qorunması bu nümunələrin turizm məhsulu kimi təqdim edilməsinə imkan yaradır. Həmin məhsullar içərisində əllə toxunan xalçalar xüsusi yer tutur. Dövlət proqramında da Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının turizm nümayiş obyekti kimi mədəni turizm mar­şrutlarına daxil edilməsi və Turizm İnformasiya Mərkəzi vasitəsilə xalçaçılıq irsinin təbliği barədə tapşırıq müəyyən olunmuşdur. Tapşırığın icrası istiqamətində 2020-ci ildə muxtar respublikada fəaliyyət göstərən turoperatorlara Naxçıvan-Sədərək marşrutu üzrə təşkil edilən turlara Cəlilkənd buzxanasında və Sədərək rayonunda fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının daxil edilməsi tövsiyə olunmuş və bu məqsədlə metodik köməklik göstərilmişdir. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında xalçaçılıq irsinin təbliği məqsədilə 85 məlumat paylaşılmışdır.

Xalçaçılıq sənətinin qədim tarixə və ənənələrə malik olmasını bu istiqamətdə aparılan tədqiqat işləri də sübut edir. Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən araşdırılması bu sahədə unudulmaqda olan ənənələrin bərpasına şərait yaradır. Eyni zamanda tədqiqatlar nəticəsində əldə edilən məlumatlar xalçaçılıq irsinin təbliği üçün yeni imkanlar açır. Dövlət proqramının icrası məqsədilə Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən araşdırılması davam etdirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2020-ci il üzrə təsdiq olunmuş elmi-tədqiqat planına əsasən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Naxçıvanda xalçaçılığın inkişaf tarixi” mərhələsi üzrə tədqiqat işləri aparılmışdır. Tədqiqatın nəticəsi kimi açıq dünya ensiklopediyası olan “Vikipediya”da toxuculuq sənəti haqqında məqalə yerləşdirilmişdir. Bölmənin əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı”, “Naxçıvan xalçaları üzərindəki həndəsi ornamentlər” başlıqlı məqalələr bir sıra internet portallarında yerləşdirilmişdir. “Naxçıvan xalçaları üzərindəki motivlər”, “Naxçıvanda milli geyim mədəniyyətinin formalaşmasında ipəkçiliyin rolu”, “Naxçıvan xalçalarında Əcəmi möhürü” adlı məqalələr çap edilmişdir. Eyni zamanda bölmənin əməkdaşları 7-8 avqust tarixlərdə Türkiyə Respublikasında keçirilən IV Beynəlxalq Mardin elmi araşdırmalar konqresində “Naxçıvan və Anadolu xalça və kilim motivləri” mövzusunda çıxış etmiş, konqresin məruzələr toplusu çap olunmuşdur. Dekabrın 1-də Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan xalçaları, sadəcə, xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir...” Buna görə də Dövlət pro­qramında nəzərdə tutulan tədbirlərin qarşıdakı illərdə də uğurla həyata keçirilməsi Azərbaycan xalçaçılıq sənətinə əvəzsiz töhfələr bəxş edən Naxçıvan xalçaçılığının daha da inkişafına şərait yaradacaqdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR