05 Fevral 2025, Çərşənbə

Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təlimlərə start verilib. Naxçıvan gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlərə nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışının səmərəliliyini artırmaq məqsədilə Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Şəhər Gömrük idarələrində yaradılmış müayinə qruplarında yer alan əməkdaşlar cəlb edilib.

2-8 fevral 2021-ci il tarixlərdə keçirilmiş ilk təlimdə 9 əməkdaş iştirak edib. Seminar-məşğələləri komitənin əməkdaşları – Mahir Orucov, Əkrəm Məmmədov, Emin Eylazov və Rahil Tahirli aparıblar. Əməkdaşlar nəqliyyat vasitələri – TIR, soyuduculu yük maşını, minik avtomobili və avtobusda gizlədilmiş şərti qaçaqmalçılıq predmetlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlamaq üçün praktik məşğələlərə cəlb olunublar.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli təlimin son günündə nəqliyyat vasitələri üzərində aparılan gömrük yoxlamasını izləyib və yekun qiymətləndirmə edilib. Təlim iştirakçılarına sertifikatların təqdim olunması mərasimində çıxış edən komitə sədri muxtar respublika gömrük sistemində ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramının gömrük işinin keyfiyyətinin artırılması, qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, fevralın 9-da daha 10 əməkdaşın iştirakı ilə növbəti təlimə start verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR