22 Dekabr 2024, Bazar

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, məktəblilərə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, toprağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə fevralın 26-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında “Xocalı faciəsi insanlığa qarşı cinayətdir” mövzusunda interaktiv dərs keçilib.

Dərsdə qeyd olunub ki, əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməmişlər. Vurğulanıb ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misligörünməmiş soyqırımı törətdilər. Dağlıq Qarabağın ən iri yaşayış məskəni 366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Döyüşlərdə canlı qüvvə az olsa da, silah-sursat çatışmasa da, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparmışlar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirilmişdir. Dərsdə Xocalı faciəsinin ağır nəticələrindən, xalqımıza vurduğu maddi və mnəvi zərbələrdən, dünya hərb tarixində ikinci belə dəhşətli qətliama təsadüf edilməməsindən bəhs olunub.
Şagirdlərə həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyevin ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verməsi, ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülməsi haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu gün Azərbaycanın müzəffər Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad olunması, Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
Həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində ilk dərs saatı da Xocalı soyqırımına həsr edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR