22 Dekabr 2024, Bazar

“Poçt qutusu”, “Ölülər”, “Anamın kitabı” əsərlərinin, ya da təkcə “Molla Nəsrəddin” in adını çəkmək kifayətdir ki, onu hamı tanısın. Bu böyük qələm sahibi hekayələri, dram əsərləri, məqalələri ilə hər kəsin ailəsinin  bir üzvünə çevrilib. Bunun əsas səbəbi Mirzə Cəlilin xalqın dilində danışması, onun dərdini başa düşməsi, dərmanının nədə olduğunu bilməsindədir. Ədibin yaradıcılığında öz əksini tapan məsələlər kəndli, şəhərli, kasıb, dövlətli, bir sözlə, bütün kütlələr üçün başadüşüləndir. Məhz buna görədir ki, Cəlil Məmmədquluzadənin əsərləri bu gün də müasirdir, aktualdır. Gözünü birinci dəfə açanda dünyanı qaranlıq görməsinə baxmayaraq, sonralar xalqının düçar olduğu sıxıntıları, bəlaları aydınca görür, onun xoşbəxtliyi naminə əlinə qələm alır. “Sizi deyib gəlmişəm” söyləyərək söhbətini xoşlamayan, dinləməyən, bəzi bəhanələrə ondan qaçıb qeyri-vacib əməllər dalınca gedənlərə rəğmən Vətəni, xalqı üçün yanan ürək çırpıntılarını, ümid, arzu və ideallarını yazmağa davam edir. Bəzən bu yolda təqiblərə məruz qalır, amma yenə də Vətən, millət dərdini yadından çıxarmır, milli məqsəd və əqidəsindən heç vaxt dönmür.

O vaxt xalqın düçar olduğu bəlaların başında savadsızlıq öndə gəlirdi və ədib qaranlıqdan işığa çıxış yolunu yalnız onunla mübarizədə elmə, biliyə yiyələnməkdə görürdü. Hələ 1903-cü ildə qələmə aldığı ilk mətbu əsəri, “Şərqi-Rus” qəzetində dərc edilən “Poçt qutusu” hekayəsində XIX əsr Azərbaycan kəndindəki cəhalət ön plana çəkilir. Novruzəlinin timsalında avamlığı, savadsızlığı ifşa, yüzlərlə, minlərlə belə novruzəliləri tənqid edir, xalqı savadsızlığa və geriliyə çəkənləri günahlandırırdı. Yazıçının kiçik gülüş içərisində böyük bir həyat həqiqətini açıb göstərməyi, ictimai ədalətsizliyin, avamlıq və nadanlıq mühitinin həqiqi və real mənzərəsini yarada bilmək bacarığı onun müdrikliyindən xəbər verir. Cəlil Məmmədquluzadənin bir əsr bundan qabaq savadlı görmək istədiyi xalqımızın bu gün bilikli, intellektli övladları dünyada ölkəmizi təmsil edir, yaradıcı, təşəbbüskar yetişir, müasir texnologiyaları mənimsəyir.

Ustad yazıçının “Usta Zeynal”, “Pirverdinin xoruzu”, “Buz”, “Qurbanəli bəy”, “Quzu”, “Saqqallı uşaq” və digər hekayələri də ədəbiyyatımızda milli şüurun təşəkkülündə mühüm rol oynamaqla, bu gün də sevə-sevə oxunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”na Cəlil Məmmədquluzadənin hekayələrinin salınması da gənc nəslin bu hekayələrə müraciət etməklə mənəvi cəhətdən zənginləşməsi, milli əxlaqi dəyərlərimizə sədaqətli olması, dünyagörüşünün formalaşmasında əsaslı rol oynayır.
Mirzə Cəlili bizə sevdirən əsas məqamlardan biri ana dilinə böyük məhəbbət, onun saflığının, təmizliyinin qorunması yolunda fədakarlıq, inkişafı üçün göstərdiyi xidmətlərdir. Ədibin ana dili uğrunda mübarizəsi müasir dövr üçün də çox aktualdır. Onun məşhur “Anamın kitabı” əsəri insanları ana dilini bilməyə səsləyən, Azərbaycançılıq ideologiyasının təşəkkülündə mühüm rol oynayan dahiyanə əsərlərdəndir. Əsərin qayəsini milli müstəqillik və birlik, soykökə dərin bağlılıq, milli məfkurə, istiqlal uğrunda mübarizə kimi aktual məsələlər təşkil edir. Görkəmli mirzəcəlilşünas, akademik İsa Həbibbəylinin təbirincə desək, “Anamın kitabı” üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır. Əsərdə ərəb-fars, türk-osmanlı, rus-Avropa dillərinə meyil edən Zəhra bəyim ananın fərqli ölkələrdə təhsil görmüş üç oğlu – Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin timsalında öz ana dilində doğru-dürüst danışa bilməyənlər, doğma dillərindən, adət-ənənələrindən uzaqlaşanlar tənqid edilir.
“Anamın kitabı” əsəri niyə sevilir, çünki aktualdır, yenidir. Bu gün də təmiz, saf ana dilimizdə danışmaqdansa, gündəlik həyatda rus, ingilis dillərində, Türkiyə türkcəsində danışmağa üstünlük verənlər kifayət qədər çoxdur. Ona görə də bu əsər bugünkü gənclik üçün də əsl vətənpərvərlik, milli-mənəvi özünüdərk dərsliyidir.
Görkəmli dövlət xadimi Heydər Əliyevə sual verirlər ki, ən çox sevdiyiniz pyes? – Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi, ən çox sevdiyiniz jurnal? – “Molla Nəsrəddin”, – deyə cavab verir. Ulu öndər “Ölülər” tragikomediyası barədə ayrıca olaraq qeyd edir ki, “Ölülər” əsəri haqqında mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını və özünəməxsus fikir istedadını əks etdirir”. Bu əsərlə Cəlil Məmmədquluzadə dini təhrif edənləri, dindən istifadə edib, fırıldaqçılıqla məşğul olanları ifşa edir, tənqid atəşinə tutur, həm də insan mənəviyyatının nə qədər əhəmiyyətli olduğunu göstərir. “Zakavkazye” qəzetində Hüseyn Minasazov onun haqqında yazırdı: “Bütün pyes kədərlidir, realdır. Müsəlman həyatının bütün yaraları – zülmət, cəhalət, fanatizm, ruhaniliyin müqəddəsliyi qarşısında kor-koranə sitayiş etməyə sadəlövhcəsinə inam, çoxarvadlılığın dəhşətləri, müvəqqəti, yarımsaatlıq nikahlar... Məmmədquluzadənin pyesi bax bunlardan bəhs edir”. “Ölülər” əsəri bugünkü günə qədər yazılan dram əsərləri arasında xüsusi bir yer tutur. Təəssüf ki, bu gün də cəmiyyətdə din pərdəsi arxasında əyri yollar seçən, mənəviyyatca geridə qalan insanlar az deyil. Məhz bunun üçün “Ölülər” əsəri aktualdır və bizə bu gün də lazımdır.
Cəlil Məmmədquluzadənin publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Dərinməzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları onu dövrünün Azərbaycan milli publisistika məktəbinin ən görkəmli simasına, həmişəmüasir Molla Nəsrəddininə çevirib. Ədibin özünün də qeyd etdiyi kimi “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı. “Molla Nəsrəddin” jurnalının nəşri ilə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsası qoyuldu. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistləri öz ətrafına toplayan bu mətbu orqan Azərbaycan sərhədlərini aşaraq dünyada da sevilməyə başladı. Jurnal 25 illik fəaliyyəti dövründə nadanlıq, gerilik, savadsızlıqla mübarizə apardı, dil, din, demokratizm və azadlıq məsələləri milli şüurun, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynadı. Bütün bunlar jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yarandı və onun davamçıları formalaşdı.
Qeyd edim ki, Mirzə Cəlilin publisistikasında Azərbaycançılıq mövzusu özünəməxsus yer tutur. Böyük ədibin “Molla Nəsrəddin” jurnalının 27 noyabr 1917-ci il tarixli 24-cü nömrəsində çap olunan “Azərbaycan” məqaləsi bu gün də Azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Bu məqalədə Cəlil Məmmədquluzadə dövrünün üsyankar çağırışçısı, istiqlalçı obrazındadır: “Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: – Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki: – Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. – Dilim nə dildi? – Azərbaycan dili! – Yəni Vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir... Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək, haradır bizim Vətənimiz. Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?! ” “Azərbaycan” məqaləsini milli oyanış və siyasi intibah dövrünün həqiqi manifesti kimi qiymətləndirən akademik İsa Həbib­bəyli yazır: “Azərbaycan” məqaləsi – xalqımızın müstəqil və demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrinin publisist tərcümanı, carçısı, vətəndaşlıq harayının ifadəsidir. “Azərbaycan” məqaləsi – Azərbaycan coğrafiyasının, vətəndaş ədib Cəlil Məmmədquluzadənin mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsidir”. Ədibin Azərbaycana, doğma Vətəninə sevgisi, məhəbbəti tükənməzdir. Məhz buna görədir ki, öz Vətəninin dərdini özününkü bilir, ona çarə tapmağın yollarını axtarıb tapır.
Cəlil Məmmədquluzadə publisistikası bu gün biz jurnalistlər üçün də böyük bir məktəb, necə yazmağı, nədən və niyə yazmağı öyrədən örnəkdir. Cəlil Məmmədquluzadə həyatdan köçəndən sonra da ölməzlik qazanan dahi şəxsiyyətlərimizdəndir.
Bu gün dahi yazıçının doğulduğu Naxçıvan şəhərindəki ev-muzeyi, vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri bu yerlərdə yaşayan insanların, xüsusilə də gənclərin ən çox ziyarət etdiyi ünvanlar olmaqla, həm də onlarda bu dahi Vətən oğlu haqqında aydın təsəvvür yaradır. Bu gün Cəlil Məmmədquluzadənin adını daşıyan Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı həm yazıçının özünün, həm də Azərbaycanın digər tanınmış yazarlarının həyat və fəaliyyətlərini, ədəbi irslərini təbliğ edən mədəniyyət ocaqlarımızdır. Bütün bunlar, o cümlədən ədibin yubileylərinin doğma diyarımızda yüksək səviyyədə qeyd edilməsi ona göstərilən ehtiramın bariz nümunəsi olmaqla, Cəlil Məmmədquluzadə irsini yaşatmaq baxımından mühüm əhəmiyyətə malikdir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR