Ölkəmizdə olduğu kimi, muxtar respublikada da ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının uğurla reallaşdırılması, yenilənən qlobal və regional perspektivlər nəzərə alınmaqla həyata keçirilən kompleks tədbirlər yeni-yeni nailiyyətlərin əldə edilməsi üçün etibarlı zəmin yaradır. Məhz bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası yüksək templə inkişaf edir, formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı qarşıya qoyulan məqsədləri yerinə yetirməyə imkan verir. Qədirbilən naxçıvanlıların gərgin əməyi, yorulmaz fəaliyyəti, qurub-yaratmaq əzmi bu diyarı gülüstana çevirib. Bu mənada müasir Naxçıvanın əldə etdiyi böyük uğurla heç də təsadüfi deyil. Çünki harada güclü nizam-intizam, insana qayğı, əməyə yüksək qiymət, vətənpərvərlik, vicdan, torpağa, yurda, elə-obaya bağlılıq varsa, orada irəliləyiş, inkişaf olacaqdır. Muxtar respublika bunun real nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız”.
Təhsilə qayğı gələcəyimizə qayğıdır
Bu gün muxtar respublikanın bütün bölgələri inkişaf edir, gündən-günə gözəlləşir. Göstərilə dövlət qayğısı nəticəsində hər ay yeni-yeni sosial obyektlər istifadəyə verilir, abadlaşan qəsəbə və kəndlərin sayı artır, şəhərlərin siması dəyişir. Şərur rayonunun Şəhriyar kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Kənddə geniş quruculuq işlər aparılıb, yol yenidən qurulub, ümumtəhsil və uşaq-musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib.
Yanvarın 14-də Şəhriyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib. Ali Məclisin Sədri deyib: “Hər bir ölkə gələcəyini uğurlu görmək istəyir. Azərbaycan müstəqil dövlətdir, onun qurucusu ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün onun yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə təhsilə dövlət qayğısı göstərilir. Gənclərin vətənpərvər yetişdirilməsi Azərbaycanın müstəqilliyinin davamlı, gələcəyinin etibarlı olmasına xidmət edir. İnkişafa gedən yol təhsildən keçir. Bütün sahələr üçün yaxşı mütəxəssis, vətənpərvər gənclər məktəblərdə yetişdirilir. Yaradılan şərait imkan verəcəkdir ki, burada yetişdirilən təhsilli gənclər ölkəmizin gələcək inkişafında iştirak etsinlər. Bu da kollektivin ölkəmizin inkişafına, gələcəyinə verdiyi töhfədir”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, təhsil ocağının muxtar respublikanın nümunəvi məktəbləri sırasında öz yerini qoruyub saxlayacağına əminliyini bildirib.
Bu məqamda qeyd etmək istərdik ki, dövlətimizin diqqət və qayğısı sayəsində muxtar respublikada ümumtəhsil məktəblərinin maddi-tədris bazası möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı üçün əlverişli şərait yaradılır. Təkcə ötən il Şərur rayon Muğancıq-Mehrab, Qarabürc, Babək rayon Nəcəfəlidizə, Ordubad rayon Vənənd və Culfa rayon Camaldın kənd tam orta məktəbləri, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Təhsilə dövlət qayğısı məktəb tikintisi ilə yekunlaşmayıb, kitabxana fondları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla zənginləşdirilib. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılıb. Ümumtəhsil məktəblərinin infrastrukturunun yeniləşdirilməsi nəticəsində 52 mindən çox şagirdin, 7 mindən çox müəllimin təhsil şəraiti yaxşılaşdırılıb.
Onu da deyək ki, muxtar respublikanın ucqar kəndlərində qurulan məktəblərlə mərkəzdəki məktəblər arasında heç bir fərq yoxdur. Şəhriyar kənd tam orta məktəbində yaradılan şərait də bu baxımdan diqqəti cəlb edir. Burada müasir tədrisin tələbləri nəzərə alınaraq, elektron lövhəli siniflər, kompüter otağı, STEAM kabinəsi, şahmat otağı, laboratoriyalar, zəngin kitabxana qurulub, internetə çıxış təmin olunub. Bütün bunlar dövlətimizin təhsilə göstərdiyi qayğıdır. Yaradılan şərait həm şagirdlər, həm də müəllimlər üçün geniş imkanlar açır.
Təhsilli musiqiçilərin yetişməsi bir ölkənin milli musiqisinin yaşadılmasıdır
Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün muxtar respublikamızda fəaliyyət göstərən 26 musiqi məktəbindən 24-ü müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilib. Həyata keçirilən tədbirlər sayəsində musiqinin ilk pilləsindən başlamış ali musiqi təhsilinədək tədris yüksək səviyyədə təşkil olunub. Yanvarın 14-də Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilməsi də həmin yaşayış məntəqəsində musiqi təhsilinin daha da yüksək səviyyədə tədris olunmasına şərait yaradır.
Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub, musiqi məktəbinin kollektivi ilə görüşü zamanı yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.
“Təhsilli musiqiçilərin yetişməsi bir ölkənin milli musiqisinin yaşadılmasıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, musiqi məktəblərinin yaradılması, müasir tədrisin tələbləri səviyyəsində qurulması, avadanlıqlarla təmin olunması ölkəmizdə musiqi mədəniyyətinə göstərilən dövlət qayğısıdır. 1989-cu ildən fəaliyyət göstərən Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində bu gün 5 ixtisas üzrə tədris aparılır. Fortepiano istisna olmaqla, digər ixtisaslarda milli musiqi alətlərinin sirləri uşaqlara öyrədilir. Məktəbdə dünya xalqlarına məxsus musiqi alətlərinin öyrədilməsinə də yer verilməlidir. Yaradılan şərait imkan verəcək ki, gələcəkdə burada yeni ixtisaslar açılsın. Məktəbdə 109 şagirdin təhsil alması, bu tədris ilində 20-dək şagirdin qəbulu göstərir ki, musiqi məktəbinə maraq var. Məktəbdə yaxşı musiqiçilərdən ibarət kollektiv formalaşıb. Bu da imkan verəcək ki, məktəb nailiyyətlərini daha da artırsın, muxtar respublikanın musiqi məktəbləri içərisində özünə layiqli yer tutsun.
Ali Məclisin Sədri əldə etdikləri nailiyyətlər üçün kollektivə təşəkkür edib, yaradılan şəraitin onlara yeni imkanlar açacağına əminliyini bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.
Əminliklə demək olar ki, həyata keçirilən tədbirlər nəticəsində bu gün qədim diyarımızda mədəniyyətimiz və onun bir qolu olan musiqi sənəti özünün inkişaf dövrünü yaşayır. Hər il Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində yeni mədəniyyət müəssisələri, uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətinin aşılanması və musiqi təhsilinin nümunəvi təşkili üçün hər cür şərait yaradılır. Şərur rayonunun Şəhriyar kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Harada rahatlıq varsa, orada inkişaf olacaq, məskunlaşma artacaqdır
Qeyd etdiyimiz kimi, Şəhriyar kəndində görülən kompleks tədbirlər çərçivəsində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, avtomobil yolu da istifadəyə verilib. Açılış tədbirlərində iştirak edən Ali Məclisin Sədri sakinlərlə görüşü zamanı kəndin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: “Bu gün Şəhriyar kəndi Azərbaycanın müasir kəndləri sırasına daxil olub. Kənddə yeni məktəb binasının, uşaq-musiqi məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun və digər sosial obyektlərin istifadəyə verilməsi sakinlərin rahat yaşayışına hesablanıb. Harada rahatlıq var, orada inkişaf olacaq, məskunlaşma artacaqdır. Şəhriyarda da yaradılan şərait əhalinin rahatlığını təmin edəcək, məskunlaşma daha da artacaqdır. Bütün bunlar kəndin gələcək uğurlarına təminatdır. Kəndin məhsuldar torpaqları vardır. Heyvandarlıq, maldarlıq, quşçuluq inkişaf edib, torpaqlar əkilir, yaxşı məhsul götürülür, ailə təsərrüfatları formalaşıb. Bunların davamlı olması üçün dövlət tərəfindən bundan sonra da sakinlərə dəstək göstəriləcəkdir. Torpaqların əkilməsi dövlətin inkişafına töhfədir. Ona görə də kənd sakinləri ərzaq təhlükəsizliyinin təmin olunmasına və ölkənin inkişafına öz töhfələrini verməlidirlər”.
Yeni yaşayış binası istifadəyə verilib, şəhid ailəsinə ikiotaqlı mənzil təqdim olunub
Əlverişli təbii-coğrafi şəraitə və turizm potensialına malik olan Şahbuz rayonu böyük inkişaf yolu keçib. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan kompleks quruculuq işləri Şahbuz rayonunu da əhatə edib. Bu gün istər Şahbuz şəhəri, istərsə də rayonun qəsəbə və kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, eləcə də turizm obyektlərinin, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Şahbuzda məskunlaşmanı daha da artırıb.
Qeyd etmək yerinə düşərdi ki, son illər muxtar respublikada istifadəyə verilən yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir. Muxtar respublikada şəhid ailələrinin mənzillə təmin olunması da daim diqqətdə saxlanılır.
Yanvarın 19-da Şahbuz şəhərində yeni yaşayış binası istifadəyə verilib, binada şəhid Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunub.
Tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxış edərək deyib: “Bu gün Şahbuz rayonunda istifadəyə verilən 40 mənzilli yaşayış binasında ilk mənzil şəhid ailəsinə verilir. 1992-ci ildə Sədərək rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunur. Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş 42 şəhid ailəsinə mənzil verilmiş, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Şəhidlər, qazilər olmadan Vətən torpağı qorunmaz, suverenlik, dövlət müstəqilliyi möhkəmləndirilə bilməz. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri daim qəhrəmanlıq göstərmişdir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İstər Vətən müharibəsində, istərsə də Birinci Qarabağ müharibəsində şəhid və qazilərimiz olmuşdur. Sabah isə 20 Yanvar faciəsinin ildönümüdür. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizin tezliklə sağalmasını, şəhid ailələrinə isə səbir diləyirəm”.
Ali Məclisin Sədri şəhid ailəsinə yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzilin orderini şəhidin anası Çəməngül Orucovaya təqdim edib.
Naxçıvan: qabaqlayıcı tədbirlər nəticəsində epidemiya pandemiyaya çevrilməyib
Əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması səhiyyə sisteminin əsasını təşkil edir. Muxtar respublikada bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını alıb. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da görülən işlərin nəticəsidir.
Bu məsələdə Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələri qarşı qoyulan vəzifələri uğurla icra edib. Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən də tədbirlər həyata keçirilib, parazitoloji və bakterioloji müayinələr aparılıb, uşaqlar vaksinasiyaya cəlb edilib. Bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır. Şöbə üçün yeni iş şəraitinin yaradılması bu sahədə həyata keçirilən tədbirlərin keyfiyyətini daha da artıracaqdır.
Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə maraqlanıb.
Ali Məclisin Sədri deyib: “Dünyadakı epidemioloji vəziyyətlə bağlı olaraq bu gün gigiyena və epidemiologiya sahəsinin üzərinə mühüm vəzifələr düşür. Adından da göründüyü kimi, gigiyena və epidemiologiya sahəsi bütün dövrlərdə vacibdir. Dünya Səhiyyə Təşkilatının tövsiyəsi də ondan ibarətdir ki, gigiyenik qaydalara əməl edilsin, təmizlik, sosial məsafə qorunsun, ərazilərin epidemioloji vəziyyətinə nəzarət olunması üçün dezinfeksiya işləri aparılsın və əhali daim maarifləndirilsin. Bu sahə daim diqqət mərkəzində olmalı, maddi-texniki bazası möhkəmləndirilməli, kadr potensialının təkmilləşdirilməsi nəzarətdə saxlanılmalı, maarifləndirici tədbirlər keçirilməlidir. Artıq muxtar respublikanın bir sıra rayonlarında Gigiyena və Epidemiologiya şöbələri müasir iş şəraiti ilə təmin olunmuşdur. Bu işlər cari ildə də davam etdiriləcəkdir. Gigiyena və epidemiologiya sahəsində vaxtında görülmüş işlərin nəticəsidir ki, muxtar respublikada epidemiya pandemiyaya çevrilmədi”.
Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, bölgədəki turistik ərazilərdə və yaylaqlarda dezinfeksiya işlərinin aparılması, su hövzələrindən nümunələrin götürülərək yoxlanılması, ailə təsərrüfatlarında istehsal olunan konservləşdirilmiş məhsullara nəzarət olunması barədə tapşırıqlar verib.
20 Yanvar - milli qürur və şərəf günümüz
Özünü dünyaya sülh carçısı, xalqların qardaşlığının, humanizmin tərəfdarı kimi təqdim edən keçmiş Sovet İttifaqının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc, əliyalın əhaliyə qarşı amansızlıq nümayiş etdirməsi, onun həqiqi simasını bir daha göstərdi. Təbii ki, bu hadisənin baş verməsinin arxasında həm də siyasi məqsədlər dayanırdı. Azərbaycan kimi, necə deyərlər, yağlı tikəni əldən vermək istəməyən keçmiş Sovet İttifaqı rəhbərliyinin xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimlərə məxsus olan yolu seçdi. Azadlıqsevər azərbaycanlıları qorxutmaq, onların mübarizə əzmini qırmaq, eyni zamanda, imperiyanın digər ərazilərində də baş qaldırmaqda olan azadlıq, müstəqillik meyillərinə zərbə vurmaq da sovet rəhbərliyinin məqsədləri arasında yer alırdı. Qırmızı imperiyanın bu terror aktını törətməkdə digər dəhşətli planı Bakıya qoşun yeridərək diqqəti paytaxta yönəltmək, anklav şəraitində yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğal olunmasına şərait yaratmaq idi.
20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının düşmən Ermənistan ilə sərhədlərində baş verən hadisələr məhz sovet imperiyasının bu çirkin niyyətinin reallaşmasına xidmət edirdi. Ermənilərin məhz yanvarın 19-da cidd-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi. Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. 1990-cı il yanvarın 19-da təkcə Sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən növbəti hadisə baş verdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək özünü müstəqil respublika elan etdi. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilirdi.
Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin regionun lider dövlətinə çevirdiyi müstəqil Azərbaycan Respublikası və onun istənilən hərbi təcavüzə qətiyyətlə cavab vermək gücündə olan qüdrətli Silahlı Qüvvələri, bir də xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı şanlı mübarizə tarixi var. Bugünkü tarixi gerçəklik bir daha sübut edir ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, kədərlə xatırlanacaq gün deyil, həm də bizim üçün şərəf, milli qürur günüdür.
Yanvarın 20-də Ali Məclisin Sədri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib. Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Muxtar respublika rəhbəri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olan əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub.
Erməni işğalına son qoyulması qonşu ölkələrlə əlaqələrin inkişafı üçün geniş imkanlar yaradıb
Ötən il qazandığımız şanlı zəfər nəticəsində noyabrın 9-da imzalanan Bəyanata Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas ərazisi ilə nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan maddənin salınması qədim diyarın 30 illik blokadadan azad olunmasına yol açacaq. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır.
Nəqliyyat əlaqələrinin bərpası bu istiqamətdə İpək Yolunun canlanmasına səbəb olacaq. Çünki Naxçıvan üzərində daşımaların həyata keçirilməsi həm məsafəni qısaldır, həm də maliyyə xərclərinin azalmasına imkan verir. Çindən və digər ölkələrdən gətirilən malların Türkiyə və Avropa ölkələrinə çatdırılması və ya əks istiqamətə hərəkət bu yolla mümkün ola bilər. Bu məsələyə bizə qonşu olan ölkələr də böyük maraq göstərirlər. Belə olan halda Naxçıvanın mövcud strateji əhəmiyyəti daha da artacaq, muxtar respublika beynəlxalq nəqliyyat mərkəzinə çevriləcəkdir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası çox böyük perspektivlər vəd edir. Bununla qonşu ölkələrlə əlaqələrin inkişafı da yeni mərhələyə qədəm qoyacaqdır.
Yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfəri zamanı bu məsələ də diqqət mərkəzində olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirib və muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması bölgə üçün geniş imkanlar açır. Naxçıvan isə bölgənin logistik mərkəzidir. Regional əməkdaşlığa 30 il bundan əvvəl də başlamaq olardı. Lakin Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasəti bölgənin inkişafına böyük maneçilik törətdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra mətbuata bəyanatla çıxış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “İran İslam Respublikasının xarici işlər nazirinin Naxçıvana səfəri bölgə dövlətlərinin birgə əməkdaşlığının təşkili ilə bağlıdır. Bölgə dövlətlərini əhatə edən səfər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında başa çatır. Ermənistanın işğalçılıq siyasətinə son veriləndən sonra bölgə dövlətləri arasında əməkdaşlığın yaradılması səfərin əsas müzakirə mövzusu olmuşdur. Təşəbbüsə və səfərə görə İran İslam Respublikasının xarici işlər nazirinə minnətdarlıq edirik. Əminik ki, bu səfərin nəticələri uğurlu olacaqdır. Təbii ki, bu da bölgə dövlətlərinin birgə fəaliyyətindən asılıdır”.
Naxçıvan yüksəliş və tərəqqi dövrünü yaşayır
Müxtəlif mədəniyyətlərin kəsişdiyi, geostrateji baxımdan çox əhəmiyyətli bir məkanda yerləşən Naxçıvan yaxın illərdə həm də logistik mərkəzə çevriləcəkdir. Bu baxımdan xüsusilə vurğulamaq lazımdır ki, tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları vardır. Bu çağırışlara cavab vermək üçün elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Muxtar respublikada inkişafın planlaşdırılması və idarə edilməsinə əsaslanan səmərəli idarəetmə sisteminin mövcudluğu davamlı yüksəlişi təmin edəcək əsaslı amillərdən biridir. Dünyada pandemiyanın hökm sürdüyü bir şəraitdə ötən ay muxtar respublikada sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar deməyə əsas verir ki, Naxçıvan yüksəliş və tərəqqi dövrünü yaşayır.
Rauf Kəngərli