Naxçıvan diyarı hər zaman tarixin bütün sınaqlarından üzüağ çıxmağı bacarmış, naxçıvanlılar azərbaycan xalqının nümayəndələri kimi öz cəsarətləri, mərdlikləri sayəsində bütün çətinliklərə sinə gərmişlər. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlətçilik atributlarının əksəriyyəti də məhz Naxçıvanla bağlıdır.
Naxçıvan Muxtar Respublikasının ən parlaq-intibah dövrü hesab edə biləcəyimiz dövrü isə məhz müstəqillik illərindən başlayır. Müstəqillik qazandığımız ilk illərdən başlayaraq Naxçıvan Muxtar Respublikası iqtisadi, siyasi, elm-təhsil sahəsindəki nailiyyətlərinə görə hər zaman inkişaf modeli olmuşdur. Burada bütün sahələrdə icra olunan islahatlar məhz inkişafa hesablanmışdır.
Muxtar respublikada bütün sahələr dövlət qayğısı ilə əhatə olunmuşdur. Təhsil sahəsindəki inkişafın, təhsilə dövlət qayğısının ən bariz modeli isə Naxçıvan Dövlət Universitetidir. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan ali təhsil ocağı böyük inkişaf yolu keçmişdir. 1972-ci ildə ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə Naxçıvanda Pedaqoji İnstitut yaradılmış, 1990-cı ildə isə institut Naxçıvan Dövlət Universiteti adlandırılaraq pedaqoji profilli dövlət universitetinə çevrilmişdir.
Muxtar respublika rəhbərinin xüsusi qayğısı ilə əhatə olunan universitetimiz ildən-ilə yeni-yeni uğurlara imza atmış, təhsilalan və təhsilverənlərinin, ixtisaslarının sayı artmaqla yanaşı, keyfiyyət göstəriciləri də ali təsil ocağını ölkə universitetləri arasında ilk sıralara qaldıra bilmişdir. Bu gün Naxçıvan Dövlət Universiteti ölkəmizdə universitet şəhərciyi olan, tərkibində tibb fakültəsi olan yeganə universitetdir. Ali təhsil ocağı burada təhsil alan əcnəbi tələbələrin sayına görə də liderdir. Maddi-texniki bazanın, yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsinin yüksəldilməsi, tədris avadanlıqlarının, tədrisə köməkçi vəsaitlərin günü-gündən tələbata uyğun olaraq təkmilləşdirilməsi, xüsusilə də müəllimlərin ixtisaslarına uyğun olaraq müxtəlif yerli və beynəlxalq təlimlərə cəlb olunmasıisə peşəkar kadr hazırlığı işini daha da sürətləndirir. Bütün bunlar universitetin daim inkişafda olduğunun bariz nümunələridir.
Naxçıvan Dövlət Universitetinin inkişafını xarakterizə edən amillərdən biri də ilbəil sayı artan və maddi-texniki bazası zənginləşdirilən tədris binalarıdır. Bu il bu binaların sırasına daha biri-Xarici dillər fakültəsi də əlavə olundu. Bir neçə gün əvvəl müəllim və tələbələrin istifadəsinə verilən tədris binasında ən müasir texniki avadanlıqlar və tədrisə köməkçi vəsaitlərlə zənginləşdirilmiş müxtəlif təyinatlı otaq və tədris kabinələri yaradılmışdır.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan tədris korpusunun zirzəmisində 2 linqafon kabinəsi, 6 auditoriya, bufet, qarderob və qazanxana yerləşir. Birinci mərtəbədə 5 auditoriya, tərcümə mərkəzi, tədris-metodiki mərkəz, ingilis dili və metodika, Roman-german dilləri kafedraları, Alman dili mərkəzi, multimediya otağı, Fransız dili mərkəzi vardır. İkinci mərtəbədə 6 auditoriya, 50 yerlik auditorium, kompüter sinfi, xarici ölkə ədəbiyyatı kabinəsi, İngilis dili mərkəzi, İngilis dili və tərcümə kafedrası, dekanlıq, dekan və dekan müavini otaqları, üçüncü mərtəbədə isə 7 auditoriya, sinxron tərcümə, Rus, Ərəb, Fars dilləri mərkəzləri, Rus və Şərq dilləri kafedrası, həmçinin 80 yerlik iclas zalı istifadəyə verilib. Fakültədə İngilis dili və metodika, Roman-german dilləri, İngilis dili və tərcümə, Rus və Şərq dilləri kafedraları, xarici ölkə ədəbiyyatı və 2 linqafon kabinəsi, eləcə də “Tədris – metodiki mərkəz”, “Sinxron tərcümə mərkəzi”, “Fransız dili”, “İngilis dili”, “Alman dili”, “Rus dili”, “Ərəb dili”, “Fars dili” mərkəzləri və “Tərcümə mərkəzi” fəaliyyət göstərir.
Xarici dillər fakültəsində İngilis dili müəllimliyi, Fransız dili müəllimliyi, Alman dili müəllimliyi, Rus dili müəllimliyi, Tərcümə (İngilis-Azərbaycan dilləri), Tərcümə (Ərəb-Azərbaycan dilləri), Tərcümə (Fars-Azərbaycan dilləri) olmaqla, 7 ixtisas üzrə 433 tələbə təhsil alır ki, onlardan 6-sı Türkiyə və Banqladeş vətəndaşıdır.
Tədris korpusunda 12 elektron lövhə, 7 proyektor, 112 kompüter quraşdırılıb və sürətli internetə çıxış təmin edilib.
Fakültə binasında quraşdırılmış ekran vasitəsilə “Universitet” televiziyasının ingilis dilində xəbər buraxılışları da yayımlanır.
Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil sistemində sinxron tərcümə mərkəzi olan ilk universitetdir. Sinxron tərcümə mərkəzi fakültədə tədris olunan dillərə aid xüsusilə də şifahi tərcümə fənlərinin daha peşəkar şəkildə öyrədilməsi, tələbələrin əyani vəsait və vasitələrlə təlimə cəlb olunması baxımından əvəzedilməz əhəmiyyətə malikdir. İstər tədris prosesi, istərsə də fənlərə dair biliklərin yekun qiymətləndirilməsi üçün quraşdırılan texniki avadanlıqlar müstəsna rola malikdir. Sinxron tərcümə otağı ardıcıl və sinxron tərcümə fənlərinin tədrisi zamanı praktiki cəhətdən çox mühüm əhəmiyyətə malik tədrisə köməkçi vasitədir.
Fakültədə istifadəyə verilən ən müasir texniki avadanlıq və tədrisə köməkçi proqram təminatı ilə təchiz olunmuş; hər biri 20 tələbə yerlik olmaqla 2 otaqdan ibarət olan linqafon kabinələr xüsusilə də dinləmə dərslərinin tədrisi üçün ən vacib olanlardandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da otaqlara baxış zamanı vurğuladığı kimi, dil dərslərinin tədrisi prosesində linqafon kabinələrin rolu əvəzedilməzdir. Kabinələrdəki bütün kompüterlər sürətli internetlə təmin olunmuşdur. Linqafon kabinələrdə əsas komputer-mərkəzli idarəetməyə malik xüsusi proqram həm müəllim-tələbə mobilliyini artırmaq, həm də vaxta qənaət baxımından tədris zamanı xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu proqram vasitəsilə tələbələrin istifadəsində olan 20 kompüterə eyni anda tam nəzarət edə bilməklə yanaşı, həm də material mübadiləsi, elektron jurnal, hər fənn və sinif üçün xüsusi səhifə aça bilmək, söhbət, tapşırıq göndərmək və hazır tapşırıqların yoxlanılması funksiyaları bu proqramın səmərəliliyini daha da artırmış olur. Quraşdırılmış ekran vasitəsilə tələbələrin kompüterlərinin və ya hər hansı xüsusi bir materialın ümumi nümayişi də mümkündür.
Müxtəlif otaqlarda quraşdırılmış sürətli internetə çıxışı olan, elektron lövhə və kompüterlərlə və əyani vəsaitlərlə təchiz edilmiş otaqlar praktiki dərslərlə yanaşı, həm də mühazirə dərslərinin daha səmərəli və innovativ üsullarla tədrisi üçün çox əhəmiyyətlidir. Belə ki, müəllimlərin hazırladıqları mühazirə-təqdimatlar və video materiallar dərsləri daha maraqlı edir; xarici ölkə ədəbiyyatı kabinəsində üç kateqoriyada toplanmış ədəbiyyata aid nəzəri kitablar və müxtəlif dillərdəki əsərlər tələbələr üçün materialları daha da əlçatan edir.
Yaradılan şərait, qurub-yaradılan imkanlar hər kəsi daha məhsuldar çalışmağa sövq edəcək və fakültədə dərs deyən müəllimlər və təhsil alan tələbələr yaradılan şəraitdən maksimum faydalanacaq və muxtar respublikanın elmi, ictimia mühitinə öz töhvələrini vermiş olacaqlar.
Aidə Cəlilzadə
İngilis dili və tərcümə kafedrasının baş müəllimi