22 Dekabr 2024, Bazar

İşə qəbul prosesinin şəffaflığı müəllim peşəsinin nüfuzunun artması ilə nəticələnir

Ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin müasir tələblər səviyyəsində inkişafı prioritet istiqamət təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində müasir təhsil infrastrukturu yaradılıb. Son 20 ildən artıq bir dövrdə muxtar respublikamızda aparılan quruculuq tədbirləri içərisində 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün muxtar diyarımızda təhsil sahəsində qazanılmış uğurlu nailiyyətlər, müəllim əməyinə verilən yüksək dəyər, təhsil müəssisələrində yaradılan müasir şərait müəllim əməyinin bəhrələrini daha da artırır. 

 Müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Qeyd edək ki, bu günə qədər muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si Azərbaycan Respublikasının, 189-u isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş,108-i isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən məktəblərin və pedaqoji kadrların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hər il “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. 2013-cü ildə muxtar respublikamızdan daha 5 müəllim “Ən yaxşı müəllim” adına layiq görülüb, bununla da mükafatlandırılan müəllimlərin sayı 30-a çatmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəllimlər qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Bu gün qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, savadlı və milli gənclər yetişdirməliyik. Muxtar respublikada mövcud təhsil infrastrukturu bu vəzifənin icrası üçün bütün əsasları yaradır. Lakin müəllim əməyi olmadan, peşəkar təhsil kollektivi formalaşdırılmadan yaradılan təhsil infrastrukturu faydalı iş müstəvisinə keçirilə bilməz”. 

Bəli, peşəkar təhsil kollektivi formalaşdırılmasa, uğurlu təhsil nəticələrindən danışa bilmərik. Qürur hissi ilə deyə bilərik ki, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər, konfranslar keçirilir, müəllimlərin işə qəbulu prosesində obyektivlik təmin edilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu aparılır. Adıçəkilən qərar isə gənc kadrların işlə, ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təmin olunmasına şərait yaradır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Müvafiq qərara uyğun olaraq yanvarın 14-dən Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarının keçirilməsinə başlanılıb. Qərarda bildirilir ki, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq sertifikatlaşdırma iki – test və müsahibə mərhələsindən ibarət olmaqla keçirilir. Biz də fürsətdən istifadə edərək test imtahanında iştirak etmiş və imtahanda iştirak etməyə hazırlaşan müəllimlərin bir neçəsi ilə söhbətləşdik:
Naibə Əliyeva – Heydər Əliyev adına tam orta məktəbin ibtidai sinif müəllimi: – Muxtar respublikamızda digər sahələrin inkişafı ilə yanaşı, təhsil sahəsində də qazandığımız uğurlar qürurvericidir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasındakı məruzəsində də vurğuladığı kimi, ötən tədris ilində qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2381-i ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olanlardan 1108-i ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən 275 nəfər 500-dən yuxarı bal toplamış, onlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür. Sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılmış, laboratoriyalar və fənn kabinələri, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilmiş məktəblərdə təhsil alan şagirdlərin qəbul imtahanlarında yüksək nəticə əldə etmələri, əlbəttə, bu səbəbdəndir. Bu gün istər şəhər, istər kənd məktəblərində müasir tədris imkanlarının yaradılması hər birimizin gözü qarşısındadır. Fəaliyyət göstərdiyim tam orta məktəbdə də hər cür şərait yaradılıb. Bu da, öz növbəsində, biz müəllimləri daha yaxşı işləməyə, gələcəyin əsl vətənpərvər gənclərini yetişdirməyə ruhlandırır. Nazirlər Kabinetinin qərarı ilə təşkil edilən müəllimlərin sertifikatlaşdırma test imtahanı isə bizi çox sevindirir. Mən də ibtidai sinif müəllimi olaraq keçirilən imtahanda iştirak etdim. Qarşıya qoyulmuş test suallarının hər birinə düzgün cavab verməklə biliyimi daha da möhkəmləndirdiyimə əmin oldum. 120 dəqiqə vaxt ayrılan test mərhələsi elektron qaydada həyata keçirildi. Bu mərhələdə hər bir düzgün cavab 1 balla qiymətləndirildi. Səhv cavablar düzgün cavablara təsir göstərmir. Test mərhələsi başa çatdıqdan dərhal sonra nəticə elan edilərək “Test imtahanının nəticəsi haqqında arayış” verildi. Qarşıda müsahibə mərhələsini gözləyirik. Təhsil verənlərin biliyinin daha da möhkəmləndirilməsi üçün atılan bu addım təqdirəlayiqdir.
Elmira Hüseynli – Naxçıvan Qızlar Liseyində Kimya müəlliməsi: – Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır. Məhz buna görə də təhsilə, təhsil işçilərinə muxtar respublikamızda yüksək qayğı göstərilir. Nə xoşbəxtik ki, bu diyarda yaşayıb, bu diyarda müəllim adını qazanmaq bizə nəsib olub. 1995-ci ildən etibarən digər sahələrlə yanaşı, təhsilimiz də özünün inkişaf mərhələsinə qədəm qoymuşdur. Kimya fənnini tədris etdiyim Qızlar Liseyində də işıqlı sinif otaqları, müasir avadanlıqlarla təchiz edilmiş fənn laboratoriyaları, kompüterlər və elektron lövhələr quraşdırılmış sinif otaqları, zəngin fonda malik kitabxanalar, laboratoriyalar biz müəllimlərin istifadəsinə verilib. Təhsilin inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər təhsilin keyfiyyətini daha da yüksəldir, bacarıqlı, savadlı, hərtərəfli dünyagörüşə malik gənclər yetişməsinə stimul verir.
Muxtar respublikamızda müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, 2019-cu il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər müəllimlərin rifahı ilə yanaşı, nüfuzunu da artırmış, təhsilin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olmuşdur.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR