Dekabrın 16-da Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə keçirilən “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” adlı tələbələrarası yaradıcılıq müsabiqəsinin yekun tədbirindən əvvəlcə müsabiqə iştirakçılarının rəsm əsərlərindən ibarət olan sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, müstəqillik illərinin başlanğıcında ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da gənclər hərtərəfli qayğı ilə əhatə olunublar və bunu həyatımızın bütün sahələrində görə bilərik. Gənclər göstərilən qayğının ifadəsidir ki, bu gün muxtar respublikamızda 3 ali və 3 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin böyük kampusu, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının bütün texnoloji yeniliklərlərlə yenidən qurularaq istifadəyə verilməsi gənclərimizin təhsilini seçdiyi ixtisasa uyğun ali səviyyədə davam etdirərək yüksək ixtisaslı kadrlar kimi formalaşmasına şərait yaradır. Bu şərait nəinki muxtar respublikadan olan gənclərin, eyni zamanda ölkə miqyasında və ölkədən kənarda olan gənclərin də diqqətini çəkir. Bunun nəticəsidir ki, dünyanın ən qabaqcıl ali təhsil ocaqları sırasında olan Naxçıvan Dövlət Universitetində də müxtəlif ixtisaslarda xarici ölkə vətəndaşları olan gənclər də təhsil alır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev bildirib ki, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Bu mənada, Naxçıvan Dövlət Universiteti də tələbələrin uğurlu əmakdaşlığını təmin etmək, onların istedadlarını üzə çıxarmaq üçün ardıcıl tədbirlər görür, məqsədyönlü layihələr icra edir. Məhz "Müstləqillik illərində inkişafın Naxçıvan modeli" adlı tələbələrarası yaradıcılıq müsabiqəsi də təşkilatımız tərəfindən sözügedən uğurlu layihələrin məntiqi davamıdır.
Vurğulanıb ki, 6 müəssisənin iştirakı ilə 4 istiqamət üzrə - publisistik məqalə və ədəbi nümunələr, tələbə tədqiqat işləri, rəsm əsərləri, videotəqdimat mövzularında keçirilən müsabiqəyə, ümümilkdə, 265 yaradıcılıq nümunəsi təqdim olunub.
Sonra müsabiqə nəticələri açıqlanıb, qaliblərin mükafatlandırma mərasimi keçirilib. Publisistik məqalə və ədəbi nümunələr istiqaməti üzrə Naxçıvan Müəllimlər İnstitutunun II kurs doktorantı Ayxan Hüseynli III yerə, Naxçıvan Dövlət Universiteti Jurnalistika üzrə III kurs tələbəsi İlahə Allahverdiyeva II yerə, Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Məcid Əkbərov I yerə layiq görülüblər. Tələbə tədqiqatı işi mövzusunda Naxçıvan Dövlət Universiteti, Stomotologiya ixtisası üzrə I kurs tələbəsi Tan Osman Mehmetsena III yer, psixologiya ixtisası üzrə I kurs tələbəsi Sevil Quliyeva II yer, İngilis dili ixtisası IV kurs tələbəsi Sürəyya Piriyeva I yer tutublar. Rəsm əsərləri istiqamətində isə Naxçıvan Dövlət Texniki Kolleci Elektirik təhcizatı üzrə III kurs tələbəsi Elnur Tağıyev III yerin, Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Səbinə Cəfərova II yerin, Naxçıvan Dövlət Universiteti Rəngkarlıq ixtisası üzrə I kurs tələbəsi Əlizaman Abdinli I yerin qalibi olublar. Son olaraq videotəqdimat mövzusunda keçirilən nəticələrdə isə Naxçıvan Dövlət Universiteti, Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə I kurs tələbəsi Sərxan Əliyev III, Naxçıvan Dövlət Universiteti Dünya iqtisadiyyatı üzrə III kurs tələbəsi Firuz Məmmədli II, Naxçıvan Dövlət Universiteti Dünya iqtisadiyyatı üzrə IV kurs tələbəsi Kamal Babazadə I yerlər üzrə uğurlu nəticələr göstəriblər.
Tədbir İncəsənət fakültəsinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Məcid RƏŞADƏTOĞLU