23 Dekabr 2024, Bazar ertəsi

Hər kəsin dünyaya göz açdığı torpaq onun üçün əzizdir. İnsan suyu, çörəyi ilə böyüdüyü torpağı sevir, hər kəs öz tutduğu mövqedə Vətəninə xidmət etməyə çalışır. Müəllim savadlı kadr yetişdirməklə, şair torpağını vəsf etməklə, yazıçı gözəllikləri qələmə almaqla, hərbçi isə torpağının hər daşını, qayasını qorumaqla.

      Bu xalq, bu millət millətlər içində imzası olan bir xalqdır. Elə bir xalq ki bir ölüb min dirilir.  Lazım gələndə düşmənin başına şimşək kimi çaxır, dəmir yumruğa dönüb onu pərən-pərən salır. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Bu bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq”.

       Bu gün biz müzəffər bir xalqın övladları olaraq başımızı dik tuturuq. Əcdadlarımızın bizə əmanət etdiyi torpaqları mənfur düşmənin qanlı caynaqlarından alıb Vətənimizə qovuşdurduq. Bütün bunlar günlərlə yuxusuz qalıb siyasət masasında səbir və iradə göstərən xalqımızın dahi oğlunun davamçısının və canını Vətənə sipər edən igid övladlarımızın sayəsində oldu. Tarixin bütün dövrlərində qəhrəman bir xalq kimi tanınan azərbaycanlılar 44 günlük Vətən müharibəsində dillərə dastan oldu. Bütün dünya bu kiçik dövlətin ürəyi dağlardan da böyük oğullarının igidliyindən danışdı. Onlar öz şücaətləri ilə əfsanəyə döndülər. Qədim Naxçıvanın qeyrət qalası Sədərəyin igidləri də buradan Qarabağa üz tutub orada başımızı uca etdilər. Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Ali Baş Komandan tərəfindən mükafatlandırıldılar. Onlardan bir neçəsi  ilə həmsöhbət olduq.

     

     Murad Həsənov:  –  İki ildir ki, şərəfli peşənin sahibiyəm. Hərbçi olmaq uşaqlıq arzum olub. Biz burada, cəbhə bölgəsində böyüdüyümüz üçün uca dağların başındakı əsgərləri tez-tez görür, onlara həsəd aparırdım. Hər dəfə dərsdən gələndə onların yanına gedir, böyüyəndə mən də sizin kimi olacağam deyirdim. Bu gün müzəffər bir ordunun əsgəriyəm və çox sevincliyəm, çünki mən də Vətən müharibəsinin iştirakçısı oldum. Oraya gedən gündən ən böyük arzum Şuşaya çatmaq, o şəhər uğrunda döyüşlərdə iştirak etmək idi. Mən xəyal belə edə bilmədiyim Şuşanın işğaldan azad edilməsində iştirak etdim. Azərbaycanın incisi olan bir şəhərə qədəm qoydum. Orada Azərbaycanımızın üçrəngli bayrağının dalğalandığını görmək bizə qürur yaşatdı. Ali Baş Komandanın müvafiq Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmağım sevincimi daha da artırdı.

      Quliyev Əmirxan:  – Həqiqi hərbi xidmətimi bitirdikdən sonra orduda qalmaq üçün müraciət etdim və müddətdən artıq hərbi xidmətçi kimi ordu sıralarında qaldım. Xidmətə başladığım, hərbi formanı geyinən gündən bir arzum olub ki, işğalda olan torpaqlarımızı azad edək. Yurdumuzu Vətənimizə qaytaraq. Bu gün bu arzuya çatanlardan biriyəm. Artıq  30 ilə yaxın bir zaman idi ki, torpaqlarımız erməni işğalında can verirdi. Harada dünyaya gəlməyimizin, harada böyüyüb boya-başa çatmağımızın fərqi yoxdur. Naxçıvan da bizimdi, Şuşa da, Laçın da, Xocalı da. Barmaqlarımızın hansını kəssək, oradan qan gəlməyəcək ki?.. Vətənin bu başı, o başı yoxdu. O dərd hamımızın idi, hamımız da bir olub bu yaraya məlhəm olduq. Oktyabr ayının 10-da Naxçıvandan Qarabağa yola düşəndə hamımız sevincli idik, gülə-gülə gedirdik döyüşə. Çünki bir ovuc torpaq qızıldan belə, dəyərlidir bizim üçün.

      Silahdaşlarımızdan bir neçəsi şəhidlik şərbətini içdi, qazi olanlarımız da oldu. Füzulu istiqamətində döyüşlərdə iştirak etdikdən sonra Hadruta, oradan isə Daşaltı və Şuşaya  getdik. Oktyabrın 18-də yaralandım, hospitala getdim. Yoldaşlarımdan ayrılmaq istəmirdim. İki gün sonra təkid və tələbimlə geri qayıtdım və döyüşlərə davam etdim. Şuşa əməliyyatında iştirak etməyim həyatımın ən unudulmaz səhifəsi olaraq qalacaq. O uca dağların başında yerləşən şəhəri yüzlərlə düşməndən azad etmək xəyal kimi görünsə də, biz bunu bacardıq. O keçilməz meşələrdə saatlarla piyada çiynimizdə silah, üstümüzdə ağır döyüş geyimləri dayanmadan, nəfəs almadan döyüşə-döyüşə gedirdik. Bəzən barmaqlarımızla torpağı cırmaqlaya-cırmaqlaya, bəzən isə bir kolun qanadından yapışa-yapışa çıxırdıq. Aramızda elələri var idi ki, yaralansa da, dözür,  hədəfə çatmağa can atırdı. Şuşaya çatanda Köhnə qala tərəfdən hücuma keçdik. Təcrübəli zabitlərimiz və kəşfiyyatçılarımızın əvvəlcədən verdikləri məlumatların sayəsində istəyimizə nail olduq. Qaranlıq bir gecədə gözəl Şuşamızı düşmənin murdar          nəfəsindən təmizlədik. Qürurum və sevincim sonsuzdur, çünki illərdir həsrətində olduğumuz günə çatdı xalqımız. Yaxın günlərdə Ali Baş Komandanın sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildim. Minnətdaram cənab prezidentimizə ki, bizə belə gözəl günləri yaşatdı.

      Burhan Həsənov da yaxın günlərdə Ali Baş Komandanın müvafiq əmri ilə “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. O deyir: –  Qalib, müzəffər bir Ordunun Qələbə Paradında iştirak etmək mənə dünyanın ən böyük xoşbəxtliyini bəxş etdi. Bundan gözəl nə ola bilər? Bir hərbçi üçün Qələbə qazanmış bir ordunun fərdi olmaq dünyanın ən böyük sevincidir. Vətən müharibəsinin iştirakçısı olub düşmənin illərdir, bərkitdiyi mövqelərini dağıdıb, torpaqlarımızı düşməndən azad etdik. Bu cümləni tələffüz etmək belə insana qürur yaşadır. Hələ ki, orada olub, irəli, əmrini gözləyib düşməndən təmizlənən yurd-yuvamızı bir-bir görəndə yaranan sevinci sözlə ifadə etmək çox çətindir. Bayrağımızın o torpaqlarda dalğalandığını görmək, oraya ayaq basmaq hər birimizin uzun illərdir, arzusu, həsrəti idi. Artıq bitdi o həsrət. Bitirdik həsrəti. Biz bir olduq, birləşdik və düşmənə qalib gəldik.

      Otuz ilə yaxın bir zaman kəsiyində hər gün, hər yeni il gələndə, hər bayramda bir arzumuz, niyyətimiz var idi, torpaqlarımız işğaldan azad edilsin, gələn bayramı, yeni ili Şuşamızda, Laçınımızda qeyd edək. Budur, həmin arzuların çin olduğu günləri yaşayırıq. 44 gündə 30 ilə dünya dövlətlərinin görə bilmədiyi bir işi bacardıq. Biz bir olduq, birlikdə gücləndik, qayıtdıq elimizə, obamıza. Azərbaycanlıların gücünü, qüdrətini göstərdik bütün dünyaya. Necə bir xalq olduğumuzu döyüşlərdə canından, sağlamlığından keçən igid Vətən oğullarının sayəsində sübut etdik. Necə ki xalqımızın  belə oğulları var, bu xalq, bu millət də var, olacaq, öz torpaqlarının, müstəqil dövlətinin sahibi olacaq.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR