13 Aprel 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
Əvvəlcə komissiyanın sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat vermişdir. Bildirmişdir ki, hesabat dövrü ərzində 1 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 12 uşaq isə qəyyumluq və ya himayəyə verilmişdir. Bundan əlavə, muxtar respublikada yaşayan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşaq ali məktəbə qəbul olmuşdur.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılmışdır.
2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 58, distant tədrisin birinci sinfinə 12, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 3, məktəbdənkənar müəssisələrin dərnəklərinə 119, şahmat məktəblərinə 60, idman məktəblərinə 162, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 7 və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 102 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər aparılmış, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 12 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Monitorinqlərin nəticələri aktlaşdırılmış, nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür. 2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 8403 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş, bankdakı uşaqların sayı 32766 nəfərə çatmışdır.
Ötən il ərzində 4624 uşaq doğulmuş və muxtar respublikada uşaqların sayı 165228 olmuşdur. Tibb müəssisələrində uşaqlar arasında peyvəndləmə işləri diqqətdə saxlanılmışdır. Ötən dövr ərzində 617 elektron sağlamlıq kartı alınmışdır.
2020-ci ildə yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində səhiyyə xidməti və icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilmişdir. 2020-2021-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52286 şagird təhsil alır ki, bunlardan da 25489-u qızdır. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1698-i ali, 683-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Ali məktəblərə qəbul olunan 275 nəfər 500-700 arası bal toplamış, 4 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür. Ötən il ərzində keçirilən Azərbaycan Respublika fənn olimpiadalarında 24, muxtar respublika fənn olimpiadalarında isə 42 şagird qalib olmuşdur.
Komitə sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar xüsusi aylıq təqaüdə layiq görülmüşlər. Bəhs olunan dövrdə Şərur və Culfa rayonlarının məktəbdənkənar müəssisələrində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklərin fəaliyyətə başlaması, uşaq və yeniyetmələrin istedad və bacarıqlarının üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətlidir.
Sonda məruzə ətrafında çıxışlar olmuş, təşkilati məsələlərə baxılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR