23 Dekabr 2024, Bazar ertəsi

O, hər gün  qürurla üzərində daşıdığı formasını geyinib işə gedirdi. İşdən asudə vaxt tapdıqda isə hərbi hissədə Xocalı faciəsinin qurbanlarının xatirəsinə  həsr olunmuş guşənin qarşısında durub fikrə dalırdı. Acı təəssüf, kədər və qəzəb ilə şəkillərə baxanda hər dəfə sinəsinin sol tərəfindən qəribə bir ağrı başlayırdı. Bu şəkillər onu kədərləndirməklə yanaşı, həm də Vətən borcunu xatırladırdı. Hər gün özünə bu sualı verirdi: – Sən bu Vətən üçün nə etmisən? 

 Bu düşüncələrə dalan II Qarabağ müharibəsində canından keçəcək Niyaməddin Qulu oğlu İsgəndərov idi. Niyaməddin 1985-ci il dekabr ayının 6-sı şaxtalı bir gündə Kəngərli rayonunun Xok kəndində dünyaya gələrək ailəsinə isti nəfəs olmuşdu. Özündən başqa bacı və qardaşının əhatəsində sevgi və nəvazişlə boya-başa çatan bu gənc ailəsində hamıdan çox anasına bağlı idi. Sadə, zəhmətkeş bir ailənin qürurlu övladı olan Niyaməddin xasiyyətinə görə kənddə də hamı tərəfindən sevilirdi. O, 3 il Naxçıvanda Daxili Qoşunlarda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi sonra öz istəyi ilə oradan ayrılaraq sənədlərini Quru Qoşunlara verərək “N” hərbi hissədə xidmətinə davam etmişdi. O, xarakteri etibarilə çox nikbin biri idi. Həyatda heç bir çətinlik onu ruhdan salmazdı. Ən ağır dərdi isə Qarabağ həsrəti idi. Quru Qoşunlarda xidmət etmək istəyi də düşməndən qisas almaq arzusundan irəli gəlirdi. Elə buna görə də müharibə başlayanda könüllü olaraq adını Qarabağa döyüşmək üçün gedən igidlərin siyahısına yazdırmışdı. İllərdir, ürəyində olan ağrı bu gün azalmışdı. O, çox sevinirdi ki artıq neçə ildir, cavabsız qalan sualına cavab tapmağın vaxtı çatıb. Niyaməddin Vətənə olan borcunu ödəmək üçün düşmən işğalı altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşə gedirdi. Artıq hərbi hissədəki Xocalı soyqırımı şəhidlərinin şəkillərinə baxanda əzab çəkməyəcəkdi, çünki onların qisasını alacaqdı. 

Bu sevinclə evlərinə zəng etdi. Doğmaları onu heç bir vaxt bu qədər sevincli görməmişdi. Niyaməddin, sanki müharibəyə deyil, toy-düyünə gedirdi. O, nə ailə quranda, nə də ki, övladları Aytac və Mətanət dünyaya gələndə heç bu qədər sevinməmişdi. Axı Niyaməddin üçün Vətən hər şeydən, hamıdan öncə gəlirdi. İndi o bu sevdası uğrunda mübarizə aparacaqdı. Anamız Azərbaycanı öz bütövlüyünə qovuşdurarkən Vətən borcunu layiqincə yerinə yetirəcəkdi.
Niyaməddin bu sevinclə oktyabrın 18-də – müharibənin qızğın bir vaxtında Qarabağa getdi, döyüşlərdə fəal iştirak etdi. Hər bir kəndi, qəsəbəni, rayonu, şəhəri azad etdikcə Vətənə olan borcunun layiqincə yerinə yetirilməyinin verdiyi sevinc onu daha cəsur bir əsgərə çevirirdi. O, döyüş yoldaşları ilə bir an belə, durmadan düşmənin Vətənə dikilən xain gözlərini oyaraq irəliləyirdi. Bu sevinc onu, sanki qanadlandırırdı. Hər gün anası Bəyim xalaya zəng edib yaşadığı sevinci onunla paylaşırdı. Niyaməddin axırıncı dəfə ailəsi ilə oktyabrın 28-dən 29-na keçən gecə danışmışdı. Hər şeyin yaxşı olduğunu bildirmişdi. Sonra ailəsi ondan 24 gün xəbər ala bilməmişdi. 24 gün Bəyim xala telefon başında oturub oğlunun zəngini gözləmişdi. Noyabrın 21-də ailəsinə Niyaməddinin Xocavənd uğrunda döyüş zamanı qəhrəmancasına şəhid olduğu xəbəri gəlmişdi. Niyaməddinin müqəddəs ruhu azadlıq göyərçini olaraq Qarabağın səmasında şəhadətə yüksəlmişdi. Noyabrın 22-də şəhidin cənazəsi Naxçıvana gətirilərək ehtiramla dəfn edildi.
Niyaməddin Qulu oğlu İsgəndərov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.
Şəhid qardaşım, sən artıq borcunu qanınla, canınla ödədiyin Vətənin yenilməz, məğrur, igid qəhrəmanısan. Qanla ödədiyin Vətən borcu sənin adını tariximizin şanlı səhifəsinə yazdı. İndi bu xalq 30 illik həsrətdən sonra qovuşduğu azadlığını sizlərə borcludur! Ruhunuz qarşısında sonsuz ehtiramla baş əyirik! Müjdələndiyiniz cənnətdə rahat uyuyun, çünki Qarabağda qazandığınız qələbə Vətənimizi əbədi dirçəltdi!

İlahə AlLahverdiyeva
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə
II kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR