22 Dekabr 2024, Bazar

19 fevral 2021-ci il tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində görkəmli yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açaraq bildirmişdir ki, bu gün demokrat ədibin anadan olmasının 152-ci ildönümü tamam olur.  Cəlil Məmmədquluzadə mənsub olduğu ölkənin və xalqın istiqlalı və müstəqilliyi uğrunda mübarizə aparmış qüdrətli sənətkardır. Onun yüksək sənətkarlıq nümunəsi sayılmağa layiq olan bədii əsərləri və publisistikası hər cür ictimai mənəvi əsarətin, fanatizmin, cəhalətin aradan qaldırılmasına və milli oyanışa həsr olunmuşdur. Bütün bunlara görə Cəlil Məmmədquluzadə çoxəsrlik Azərbaycan ədəbiyyatının milli iftixarı, dünya bədii mədəniyyətinin görkəmli nümayəndəsidir. Onun yaradıcılığı yeni nəsillər üçün müstəqillik, azərbaycançılıq, millilik və vətəndaşlıq məktəbidir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur. Cəlil Məmmədquluzadə elə bir şəxsiyyət və sənətkardır ki, həyatının 40 ilini yaradıcılıqla məşğul olmuş, zəngin bir irs qoyub getmişdir. Bu irs xalqımız tərəfindən bu gün də öyrənilir və öyrənilməkdədir. Onun qələmindən çıxan hekayələri, nəsr və dram əsərləri, məqalə, məktub və felyetonları bu gün də özünə geniş oxucu kütləsi qazanmışdır.

Muzeyin bələdçisi N.Abdullayeva “Cəlil Məmmədquluzadənin tarixə düşən sözləri”,  zal nəzarətçisi E.İsmayilova “Mirzə Cəlil haqqında dəyərli fikirlər” mövzularında çıxış etmişlər. Qeyd olunmuşdur kı,  “Əgər məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim ki, bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var” deyən Mirzə Cəlil dühasına əsl qiyməti  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vermişdir:  “Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalı və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir.”

Tədbirin sonunda “Cəlil Məmmədquluzadə-152”       başlıqlı sərgiyə baxış olmuşdur. Sərgi haqqında muzeyin baş fond mühafizi-elmi işçisi K.Allahverdiyeva geniş məlumat vermişdir. 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR