23 Dekabr 2024, Bazar ertəsi

Arxiv işi müxtəlif istiqamətlər üzrə sənədlərin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini təmin edən mühüm əhəmiyyətli sahələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyev arxiv işinə həmişə böyük dəyər vermiş və demişdir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də, ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Arxiv işi ilə bağlı ölkəmizdə son illər mühüm dövlət tədbirləri həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafına xüsusi diqqət yetirilir, xalqın maddi-mənəvi həyatını özündə əks etdirən, tarixi, elmi, sosial, iqtisadi, siyasi, bədii və başqa mədəni əhəmiyyət kəsb edən sənədlər məcmuəsinin mühafizəsi təmin olunur. Muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin yönəldiyi əsas istiqamətlərdən biri də arxiv sahəsində müasir infrastrukturun qurulmasıdır. Rayon dövlət arxivləri üçün iş otaqları və fondların, kənd mərkəzlərində arxiv otaqlarının istifadəyə verilməsi qeyd olunanların əyani sübutudur. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığı, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə arxiv işinin rolunun artırılması, arxiv fonduna aid sənədlərin toplanılması, sistemləşdirilməsi, dövlət mühafizəsinə daimi qəbulu, qeydiyyatı və onlardan səmərəli istifadənin təmin edilməsi üçün yeni imkanlar yaratmışdır. 

Proqramda nəzərdə tutulan mühüm əhəmiyyətli tədbirlərdən biri dövlət arxivlərində fəaliyyətin müasir prinsiplər əsasında qurulması, arxiv sahəsində çalışan əməkdaşlar üçün seminar və tematik təlimlərin keçirilməsindən ibarətdir. Bu istiqamətdə işlər 2020-ci ildə diqqətdə saxlanılmış, rayon dövlət arxivlərində çalışan əməkdaşların elmi-metodik cəhətdən təlimatlandırılması məqsədilə 7 tematik təlim keçirilmişdir. Eyni zamanda dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda işləyən arxiv əməkdaşlarının məlumatlandırılması və maarifləndirilməsi üçün həmin təşkilatlarda çalışan 17 arxiv işçisinin iştirakı ilə seminar təşkil olunmuşdur. Seminarda idarə, müəssisə və təşkilatlarda arxiv işinin düzgün aparılmasının təşkil edilməsi üçün hazırlanmış “Tövsiyələr paketi” broşürü iştirakçılara paylanmışdır. Həyata keçirilən tədbirlər arxiv işçilərinin müasir metodlarla işləməsinə, fond sənədlərinin yenidən siyahılaşdırılması və elektronlaşdırılması işlərinin peşəkarlıqla aparılmasına xidmət etmişdir.

Arxiv sənədləri ilə işin xüsusi peşəkarlıqla qurulması xalqımızın mədəni irsinin uzun illərboyu qorunaraq saxlanılmasının təminatıdır. Bu sahədə ixtisaslı kadrların hazırlanması arxiv işinin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdən biridir. Dövlət proqramında nəzərdə tutulan tapşırığın icrası məqsədilə 2020-ci ildə Naxçıvan Dövlət Universitetində müvafiq ixtisas üzrə fəaliyyət göstərən müəllimlərin, təhsil alan tələbələrin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin bu sahədə tədqiqat aparan əməkdaşlarının iştirakı ilə seminar təşkil olunmuşdur. Bu dövrdə Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsilini başa vuran 1 nəfər Dövlət Arxiv İdarəsində işlə təmin edilmişdir.
Arxiv fondu sənədləri daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilənədək dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə yaradılan idarə arxivlərində mühafizə olunur. İdarə arxivləri müvafiq təşkilatın fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin mühafizəsini, komplektləşdirilməsini, uço­tunu və istifadəsini həyata keçirir. Dövlət proqramında müəyyən edilmiş tapşırıqların icrasına uyğun olaraq 2020-ci ildə arxiv fondu sənədlərinin idarə arxivlərində qanunvericiliklə müəyyən edilən müddətdə mühafizəsinin təşkili, daimi dövlət mühafizəsinə təhvil verilmək üçün seçilən sənədlərin işlənməsi sahəsində görülən işlərə nəzarət məqsədilə 50-dən çox təşkilatda kompleks yoxlama, 46 təşkilatda pasportlaşma işləri icra olunmuşdur. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər idarə, müəssisə və təşkilatlarda arxiv işinin düzgün qurulmasını, müvəqqəti mühafizə müddəti bitdikdən sonra arxiv fondu sənədlərinin komplekləşdirilərək Dövlət Arxiv İdarəsinə təhvil verilməsini təmin etmək məqsədilə mütəmadi olaraq komplektləşdirmə mənbəyi olan idarə arxivlərinə metodik köməklik göstərilmiş, təlimatlandırma işi həyata keçirilmişdir. Bu sahədə görülən işlər nəticəsində müvəqqəti mühafizə müddəti başa çatmış və dövlət arxivlərinə qəbul edilən sənədlərin həcmi artmışdır. Belə ki, 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi və rayon dövlət arxivlərinə, ümumilikdə, 12 min 27 saxlama vahidi qəbul edilmişdir.
Arxiv işi sahəsində müasir dövrün tələblərindən biri elektronlaşdırma işinin aparılmasıdır. Proqramın icrası məqsədilə 2020-ci ildə Dövlət Arxiv İdarəsində mövcud olan 761 fond üzrə 442 min 464 saxlama vahidinin daxil olduğu 2 min 395 siyahının elektronlaşdırılması və elektron kataloqunun hazırlanması bu sahədə görülən işlərin səmərəliliyinin artmasına imkan yaratmışdır.
Görülən işlər onu deməyə əsas verir ki, “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası yeni perspektivlərə yol açmaqdadır. Bu işlərin davam etdirilməsi muxtar respublikamızda arxiv işinin daha da təkmilləşdirilməsinə təkan verəcəkdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR