05 Fevral 2025, Çərşənbə

2021-ci il oktyabrın 13-də mühüm tarixi-siyasi əhəmiyyətə malik Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fevralın 8-də “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Tədbirlər Planı da təsdiq olunub.
Tədbirlər Planında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Qars müqaviləsi və Naxçıvan” mövzusunda konfransın, Qars şəhərində Türkiyənin Qars Qafqaz Universiteti ilə birlikdə beynəlxalq konfransın keçirilməsi, Qars müqaviləsi ilə təsbit olunmuş ərazinin xəritəsinin hazırlanması, “Qars müqaviləsi – 100” mövzusunda interaktiv dərsin keçilməsi, “Naxçıvan” jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi, zərf və poçt markalarının buraxılması, “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmaların aparılması, elmi əsərlərdən ibarət sərginin təşkili, yubiley tədbirinin keçirilməsi və başqa tədbirlər nəzərdə tutulmuşdur.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev mövzu ilə bağlı söhbətimiz zamanı Ali Məclis Sədri tərəfindən imzalanan sərəncamın Naxçıvanın zəngin dövlətçilik tarixinin, muxtariyyətin baniləri olan görkəmli tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, ümummilli liderimiz Heydər Əliyevin muxtariyyətin qorunmasındakı müstəsna xidmətlərinin öyrənilməsi və təbliği baxımından mühüm tarixi-siyasi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Akademik bildirdi ki, 1920-ci ildə Zəngəzurun itirilməsi ilə Naxçıvan diyarının Azərbaycanla quru sərhəd əlaqəsi pozulmuş, bundan istifadə edən Ermənistan dövləti Naxçıvanı tutmağa, Ermənistana birləşdirməyə səy göstərmişdir. Böyük dövlətlərin hər cür yardımından istifadə edən Ermənistan hərbi təcavüzdən də çəkinməmiş, Naxçıvan ərazisinə hərbi basqınlar etmiş, soyqırımlar törətmiş, şəhər və kəndləri dağıtmışdır. Yerli ziyalıların və əhalinin qəhrəmanlığı, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe sayəsində ərazi qorunub saxlanılmışdır. 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun nəticəsi, yəni əhalinin 90 faizdən çoxunun səsverməsi ilə Naxçıvan diyarının Azərbaycanın tərkibində qalması, Türkiyə ilə Rusiya arasında imzalanan Moskva müqaviləsi məsələni ədalətli həll etmişdir. Belə ki, Moskva beynəlxalq müqaviləsinə görə, Naxçıvana Azərbaycanın himayəsində muxtariyyət statusu verilmiş və Azərbaycan heç bir halda onu üçüncü dövlətə verməməlidir.
Bundan təqribən 7 ay sonra – 1921-ci il oktyabrın 13-də Qarsda Türkiyə ilə Cənubi Qafqaz respublikaları – Azərbaycan, Gürcüstan və Ermənistan arasında Rusiya nümayəndəsinin iştirakı ilə beynəlxalq Qars müqaviləsi imzalandı. Həmin müqaviləni imzalayan Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə razı olmuş və müqaviləni imzalamışlar.
Qars müqaviləsinin mühüm siyasi və tarixi əhəmiyyətindən bəhs edən akademik İsmayıl Hacıyev bunu həmin müqavilə ilə Türkiyənin Cənubi Qafqaz respublikaları arasındakı mübahisəli ərazi – sərhəd məsələlərini həll etməsi ilə əlaqələndirdi.
Qeyd olundu ki, 20 maddə və 3 əlavədən ibarət olan müqavilə müddətsiz imzalanmışdır. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Üçüncü əlavədə isə Naxçıvanın ərazisinin dəqiq sərhədləri verilib.
Akademik onu da vurğuladı ki, Qars müqaviləsinin nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.
İsmayıl Hacıyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsini yüksək qiymətləndirməsindən bəhs edərək dahi öndərin bu müdrik fikirlərini xatırlatdı: “Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Naxçıvanın dövlətçilik tarixinin, xüsusilə də muxtariyyət və müstəqillik dövrlərinin tədqiqatçısı kimi tanınan akademik qeyd etdi ki, Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələ olmaqla, həm də Naxçıvanın Azərbaycanın tərkibində qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışdır və böyük tarixi əhəmiyyəti vardır. Bunları nəzərə alan Ali Məclisin Sədri mühüm tarixi-siyasi əhəmiyyət daşıyan sərəncam imzalamışdır. Həmin sərəncamda da qeyd olunduğu kimi “...Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir,... bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir”.
Akademik sonda bildirdi ki, Qars müqaviləsi XX əsrin Türkiyə və Azərbaycan üçün verdiyi çox mühüm sənəddir. O nəinki Türkiyənin mənafeyinə tamamilə zidd olan Sevr müqaviləsini iflasa uğratdı, habelə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında münasibətləri tənzimlədi. Müqavilənin əhəmiyyətli cəhətlərindən biri də onun müddətsiz imzalanması idi.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR