Türkiyə Böyük Millət Məclisinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatorları Engin Vural və Sevilay Yıldırım Naxçıvan Dövlət Universitetində olublar.
Universitetin maddi-texniki bazası, mövcud fakültələri haqda məlumatlandırılan qonaqlar ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində Dəmir yolu nəqliyyatının avtomatlaşdırılması laboratoriyasında olub, konservatoriyada onlar üçün təşkil edilən konsert proqramını izləyiblər. Tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Tələbələrə bu ixtisas üzrə həm nəzəri, həm də təcrübi dərslərin keçirməsi üçün burada hər cür şərait mövcuddur. Bunun nəticəsidir ki, ötən il fakültəyə qəbul olan 336 xarici tələbədən 260-ı Türkiyə Respublikasındandır.
Görüşdə universitetin rektoru, dosent Elbrus İsayev qonaqları salamlayaraq ali təhsil ocağının fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi, elmi nailiyyətləri haqqında məlumat verib. Universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələrindən danışan rektor təhsil sahəsində həyata keçirilən layihələrdən, ali təhsilin strateji istiqamətləri, bu istiqamətdə qəbul olunan dövlət proqramlarının icrası barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının qardaş ölkənin 20-yə yaxın aparıcı ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqəsi var.
Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatoru Engin Vural qonaqpərvərliyə görə minnətdarlıq edib. Kordinatoru olduğu qurumun həyata keçirdiyi “Türkiyə təqaüdləri” proqramı haqqında məlumat verən qonaq qeyd edib ki, bu, tələbə və tədqiqatçılara Türkiyənin ən prestijli universitetlərində təqaüd təhsili və tədqiqat imkanı verən hərtərəfli və dövlət tərəfindən dəstəklənən rəqabətli bir təqaüd proqramıdır. Bildirilib ki, proqrama bakalavr, magistr, doktorantura və tədqiqat proqramları üzrə hər bir şəxs internet üzərindən onlayn olaraq 8 dildə müraciət edə bilər.
Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin digər koordinatoru Sevilay Yıldırım vurğulayıb ki, təqaüd proqramları ölkələrarası işbirliyini və cəmiyyətlər arasındakı ortaq anlayışı gücləndirmək məqsədini qarşısına qoymuş gələcəyin liderlərini yetişdirməkdir. Bu proqramlar ali təhsilin hər səviyyəsində ixtisaslı beynəlxalq səviyyədə tələbə hazırlamaq deyil, həmçinin bu tələbələrin universitetə yerləşdirmə proseslərini də əhatə edir. Diqqətə çatdırılıb ki, dünya miqyasında bu təqaüd proqramlarından faydalanan 100-ə yaxın ölkədən 150 mindən çox məzun olub.
Sonda bu səfərin elm və təhsil sahəsində əməkdaşlığa yeni təkan verəcəyi diqqətə çatdırılıb.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi