23 Dekabr 2024, Bazar ertəsi

Bir qərinədən də az olan zaman kəsiyində qədim diyarımız, sanki yüzillik yol keçib. Bu reallığı dünənimizi görənlər daha dolğun müqayisə edə bilərlər. Bu məqamda Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası” ikicildliyində özünə yer almış yazıların birində dediyi: “Bugünkü nəsil elə bilir ki, Naxçıvan əzəldən belə olub”  fikrini xatırlatmaq yerinə düşər. O dövrü yaşayanların, görənlərin isə həmkarımızın fikrinə öz münasibətlərinin birmənalı olması şəksizdir: Dünənki Naxçıvanla bugünkü Naxçıvan arasında yerlə göy qədər fərq var. Təbii ki, söhbət təkcə paytaxt şəhərimizdən getmir; bugünkü tərəqqi və inkişaf muxtar respublikanın hər bir guşəsini, həyatımızın hər bir sahəsini əhatə edir. Dünən ucqar bir əyalət təsiri bağışlayan məmləkətdən tərəqqi və inkişafa nail olan, müasirliyə qovuşan indiki Naxçıvan kərpic-kərpic, bina-bina, kənd-kənd yenidən qurulub. Min bir zəhmətlə qurulub. Dünənə ehtiram, sabaha cavabdehlik hissindən qurulub. Bu gün istənilən yurd yerimizə yolumuz düşsə, tərəqqi və inkişafın ifadəsi olan gözəlliklərin ovsunu bizi bir anda öz ağuşuna alacaq. Şərur rayonu da eləcə. Bu rayonun da dünəni ilə bu gününü müqayisə etməyə dəyməz. Çünki bu, mümkünsüzdür.

...Hər fəsildə özünəməxsus gözəlliyi olan Şərur qış donundadır. Bu, zahirən belədir. Belə ki, rayonda qaynar həyat ritmi hakimdir. Bir neçə amillə bağlı məqamlar qaynar həyatın real ifadəsidir. Bu sırada ilk olaraq Azərbaycan yaşadıqca həmvətənlərimizin də yaşadığı Böyük Qələbəmizi qeyd etmək lazımdır. Azadlıq mücadiləsində bu qədim yurd yerinin igid oğulları da qəhrəmanlıq göstəriblər. Şəhidlik zirvəsinə ucalmış şərurluların 29-u rayonda, bir neçəsi paytaxt Bakı şəhərində torpağa tapşırılıb. Onların döyüş yolu, şücaətləri bu gün hər bir şərurlu gənc üçün vətənpərvərlik dərsidir. O da xüsusi qeyd olunmalıdır ki, bütün ölkəmizdə olduğu kimi, Şərurda da şəhid və qazi ailələri hərtərəfli qayğı ilə əhatə ediliblər. Belə qayğı hər birimizi ürəkdən sevindirir. Təbii ki, ərazi bütövlüyümüzün Qələbə ilə təmin edilməsi şərurluların da qurub-yaratmaq əzmini artırıb, yeni qazanılacaq uğurlara stimul olub. Elə 2020-ci ili götürək. Xatirələrini yaşadığımız ötən il Şərurda yeni inkişaf mərhələsinin tarixi də sayıla bilər.

... Bu gün ictimai-siyasi sabitliyin tam bərqərar olduğu muxtar respublikanın bütün bölgələri kimi, Şərurda da əmək intizamının, çalışdığın vəzifədə məsuliyyət hissinin yüksək səviyyədə olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur və sadəcə, bəzi statistik rəqəmləri oxucuların diqqətinə çatdırmaq yerinə düşər.

Quruculuq ünvanlarının
coğrafiyası genişlənir

Bəhs olunan dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 80 milyon 194 min 800 manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin həcmi 1,9 faiz artaraq 76 milyon 737 min 600 manat təşkil edib. Həmin vəsait müxtəlif quruculuq tədbirlərinin aparılmasına sərf edilib. Həyata keçirilən bütün belə tədbirlərdə keyfiyyət amilinə ciddi önəm, yerli tikinti materiallarından istifadəyə üstünlük verilib. Bu dövrdə 77 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. 33 müxtəlif təyinatlı obyektin tikintisi, əsaslı təmiri və ya yenidən qurulması davam etdirilib. Göründüyü kimi, 110 ünvanda çalışanların iş şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Şərurlular bütün bunları onlara göstərilən yüksək qayğı kimi dəyərləndirirlər. Yeri gəlmişkən, sovet dönəmində muxtar respublikada heç 10 il ərzində bu həcmdə tikinti işi həyata keçirilməyib. Quruculuq tədbirlərindən biri ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən müxtəlif istehsal sahələri üzrə fəaliyyət göstərəcək Şərur Sənaye Məhəlləsində tikinti işlərinin sürətlə davam etdirilməsidir. Bu obyektin yaradılması sənaye sahəsində kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsində mühüm rol oynamaqla bərabər, ixracın və rəqabət qabiliyyətinin artırılmasına gələcəkdə öz töhfəsini verəcəkdir. Ötən il obyektdə 3 istehsal sahəsinin tikintisi davam etdirilib.

Bəhs olunan dövrdə Şərur şəhərində “Naxçıvanbank” ASC-nin Şərur rayon filialının inzibati binasının, Təqaüdçülər Klubunun, Mərasim Evi və dini icma üçün iş otaqlarının, Musiqili fəvvarənin, 4 yaşayış binasının əsaslı təmiri başa çatdırılıb. Rayonda Mədəniyyət Sarayının, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının, Bayraq və Saat meydanlarının tikintisi, Şəhidlər xiyabanının, 1 yaşayış binasının, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon Şöbəsinin inzibati binalarının əsaslı təmiri və yenidən qurulması davam etdirilib. Belə tədbirlərdən kənd yaşayış məntəqələri də xeyli yararlanıb. Məmmədsabir, Muğancıq-Mehrab və Qarabürc kəndlərində aparılan kompleks abadlıq-quruculuq tədbirləri sözügedən kəndləri müasir görkəmə qovuşdurub. Həmin kəndlərdə tam orta məktəb binalarının, kənd və xidmət mərkəzlərinin, səhiyyə müəssisələrinin tikintisi və yenidən qurulması işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Onların ardınca yeni ildə isə həmin quruculuq tədbirləri Şəhriyar kəndində həyata keçirilib.
Bu dövrdə “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərə də ciddi önəm verilib. Bu sırada Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin və Cəlilkənddə içməli su xəttinin tikintisinin başa çatdırılaraq əhalinin istifadəsinə verilməsini, Cəlilkənd, Yuxarı Daşarx və İbadulla kəndlərində olmaqla, 3 subartezian quyusu vurulmasını da xüsusi vurğulamaq lazımdır. Sözügedən layihə çərçivəsində Sərxanlı kəndində içməli su xəttinin çəkilişi davam etdirilib.

Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir. Ötən il Şərur rayonunda 3-cü və 8-ci Sərhəd zastavalarının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur əməliyyat taboru üçün yeni xidmət və yaşayış komplekslərinin istifadəyə verilməsi bunun ifadəsidir. Hazırda Ərəbyengicə kəndində yerləşən sərhəd zastavasında inşaat işləri yüksək keyfiyyətlə davam etdirilir. Bəhs olunan dövrdə hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilib, hərbi qulluqçuların xidmət və məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Bol məhsul istehsalı daxili bazarda yerli məhsulun çəkisini artırır

Rayonda sənaye sahəsinin inkişafına xüsusi önəm verilir. Bunun ifadəsidir ki, 2020-ci ildə 98 milyon 920 min 400 manatlıq sənaye məhsulu istehsal edilib. Bu isə daxili bazarda məhsul bolluğu yaradılmasına şərurluların töhfəsidir. Bu sahənin inkişafında xüsusi çəkiyə malik olan sahibkarlıq fəaliyyətinə yüksək dəstək göstərilib, 4 hüquqi və 578 fiziki şəxs qeydiyyata alınıb. Onların böyük əksəriyyəti sənaye fəaliyyəti ilə məşğul olanlardır.
Elə digər istehsal sahələrində də qazanılan uğurlardan geniş danışmaq olar. Bu dövrdə rayonda 165 milyon 509 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən illə müqayisədə 4,9 faiz çoxdur. Rayonun məhsuldar torpaq sahələri burada əkinçiliyin müxtəlif sahələrinin inkişaf etdirilməsinə imkan verir. Bu baxımdan taxılçılıqda qazanılan uğurlardan geniş danışmaq olar. Şərurlu torpaq mülkiyyətçilərinin 2020-ci ildə taxıl zəmilərindən bol və yüksəkkeyfiyyətli məhsul götürmələrinin ifadəsidir ki, 2021-ci ilin məhsulu üçün 3 min 796 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilib. Yazda bu iş davam etdiriləcək. Əkinçiliyin inkişafında başlıca amillərdən biri kənd təsərrüfatı texnikaları ilə təchizatdır. Bunu nəzərə alaraq ötən il “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə 1 milyon 623 min manat dəyərində 84 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.

Bir məsələni də qeyd edək ki, bu gün Şərurda ən mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının yaradılması və onların fəaliyyətinə qayğı göstərilməsi diqqət mərkəzindədir. İlbəil belə təsərrüfatların sayı artır, onların istehsal etdikləri məhsulların qablaşdırılması, Naxçıvan və Şərur şəhərlərində təşkil olunan yarmarka və festivallara çıxarılması təmin edilir.
Muxtar respublikamızda ötən illərdən bəri davam etdirilən ekoloji siyasət diyarımızın təbii zənginliklərinin qorunmasında, xüsusilə yaşıllıq sahələrinin xeyli artırılmasında əhəmiyyətli rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilib, aparılan genişmiqyaslı yaşıllaşdırma tədbirləri sayəsində rayonun siması tamamilə dəyişib. Belə tədbirlərdə 14,5 hektar sahədə yeni meyvə bağları salınıb, 12 hektar meyvə bağında isə bərpa işləri aparılıb. 75 mindən çox müxtəlif növ ağac tingləri və gül kolları əkilib. Sahibkarlar tərəfindən isə xüsusi mülkiyyətdə olan və həyətyanı torpaq sahələrində 47,32 hektar sahədə meyvə bağları salınıb.
Əhalinin ekoloji cəhətdən təmiz yerli meyvə-tərəvəzlərlə təmin edilməsində, xüsusilə kənd təsərrüfatı məhsullarının saxlanılmasında soyuducu anbarların və istixanaların mühüm rolu vardır. Əhalinin ilboyu təzə və keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunması üçün rayonun Arpaçay, Kosacan, Məmmədsabir, Siyaqut və Ələkli kəndlərində müasirtipli istixana kompleksləri, istehsal olunan meyvə və tərəvəz məhsullarının tələbatdan artıq hissəsinin saxlanılması üçün rayonun müxtəlif kəndlərində ümumi tutumu 6 min 680 ton olan 20 soyuducu anbar fəaliyyət göstərir.
Rayonda üzümçülüyün və tütünçülüyün inkişafı üçün ictimai marağın artmasına lazımi dövlət dəstəyi göstərilir. Bütün sahələrə olduğu kimi, tütünçülük sahəsinə də xüsusi diqqət yetirilib, 2,7 hektar sahədə tütün əkini aparılıb və quru halda 4 min 500 kiloqram məhsul əldə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün rayonda əlverişli şərait mövcuddur. Bölgənin təbii iqlim şəraiti və zəngin bitki örtüyü imkan verir ki, təsərrüfatın gəlirli bir sahəsi kimi arıçılıq təsərrüfatı davamlı inkişaf etdirilsin. Bəhs olunan dövrdə rayonda 4 arıçılıq təsərrüfatı yaradılıb, 1 arıçılıq təsərrüfatı genişləndirilib, 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib. Hazırda rayonda 586 arı təsərrüfatında 12 min 935 arı ailəsi vardır.

Bu dövrdə digər sahələrdə də
xeyli uğurlara nail olunub

Belə ki, rayon sakinlərinin nəqliyyat, informasiya-rabitə texnologiyalarının və energetika xidmətlərindən istifadəsinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin keçirilməsi davam etdirilib. Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir avtomobil yolunun, Təzəkənd-Qarabürc kəndlərində avtomobil yollarının yenidən qurulması, Yuxarı Daşarx kəndində fəaliyyət göstərən “Arpaçay” yanacaqdoldurma məntəqəsinin əsaslı təmiri başa çatdırılıb. Xanlıqlar-Şərur şəhəri-Yengicə-Dəmirçi, Xanlıqlar-Aşağı Daşarx-Siyaqut-Yuxarı Daşarx kənd avtomobil, Şərur şəhərində giriş və daxili avtomobil yollarının, Avtovağzal binasının və yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilib.
İnformasiya və rabitə texnologiyaları bu gün həyatımızın ayrılmaz tərkib hissəsidir. Bəhs olunan dövrdə bu istiqamətdə xeyli iş görülüb, əhaliyə göstərilən xidmətlərin səviyyəsi yüksəldilib. Bunun ifadəsidir ki, informasiya və rabitə texnologiyaları xidmətlərinin dəyəri 7 milyon 901 min 100 manat olub ki, bu da əvvəlki illə müqayisədə 3,7 faiz çoxdur.
Sirr deyil ki, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı kimi Şərur rayonunda enerji təhlükəsizliyinin tam təmin edilməsi üçün “Çomaxtur” yarımstansiyasının tikintisi başa çatdırılıb. Muğanlı və Maxta kəndlərində 35/10 kilovoltluq elektrik yarımstansiyalarının tikintisi, Şərur şəhərində yüksəkgərginlikli elektrik verilişi xətlərinin yeraltı tunel vasitəsilə çəkilişi davam etdirilib. 5 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisinə başlanılıb.
Əhalinin məşğulluğunun artırılması insanların sosial müdafiəsinin təmin edilməsində başlıca amildir. Ona görə də rayonda bu məsələyə ciddi önəm verilir. İl ərzində rayonda 51 yeni iş yerinin açılması, mövcud yerlərdə insanların məşğulluğuna şərait yaradılması rayon sakinlərinə dövlət qayğısının ifadəsi kimi dəyərləndirilib.
Şərurda pensiya və müavinətlərin vaxtlı-vaxtında ödənilməsi razılıq doğurur. 2020-ci ildə pensiya və müavinətlərin ödənilməsinə 33 milyon 339 min manata yaxın vəsait yönəldilib.
Göstərilən qayğı rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrini də əhatə edib. Bu da öz bəhrələrini verib. Adıçəkilən sahələrdə xeyli uğurlar qazanılıb.

2021-ci ilin ikinci ayını yaşayırıq. Qısaca nəzər saldığımız ötən ilin uğurları tam cəsarətlə deməyə imkan verir ki, illərin uğur estafetinin yeni mərhələsinə qədəm qoyan Şərur bu ili də yüksək nailiyyətlərlə başa vuracaq. Bunun üçün davamlı xarakter almış dövlət qayğısı, zəhmətə qəlbən bağlı olan bölgə sakinlərinin gündən-günə artan qurub-yaratmaq əzmi, onların həyat səviyyəsinə müsbət təsir göstərən məqsədyönlü tədbirlərin diqqət mərkəzində saxlanılması başlıca amillərdir.

 Muxtar MƏMMƏDOV
Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR