Muxtar respublikada yaşayan, dövlətin diqqət və qayğısı ilə əhatə olunan uşaqların qanunla müəyyən edilmiş hüquq və mənafelərinin müdafiəsi ötən il də diqqət mərkəzində saxlanılmış, bir sıra tədbirlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş və icrası uğurla başa çatmış “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılmış, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin, distant tədrisin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci siniflərinə, ümumilikdə, 73, məktəbdənkənar müəssisələrin dərnəklərinə 119, şahmat və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 229, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 102 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiya yönümlü məşğələlər aparılmış, mərkəzin təlim-tərbiyə işləri üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçirilmişdir.
Hazırda ümumtəhsil məktəblərində 1063, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 9, Distant Tədris Mərkəzində 20, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 75, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında müvafiq kateqoriyadan olan 1188 uşaq təhsil, 6 uşaq isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində təlim-tərbiyə alır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 38 uşağın təhsil aldığı art terapiya kursları təşkil olunmuş, müvafiq mərkəzdə kinect oyun otağında keçirilən məşğələlərə, musiqi terapiyasına, psixoloji dəstək xidmətinə, təlim-bərpa otağına isə, ümumilikdə, 136 uşaq cəlb edilmiş, həmçinin mərkəzdə audiokitabxana fondunun zənginləşdirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara evlərində səyyar kitabxana xidməti göstərilməsi diqqətdə saxlanılmışdır.
Bu dövrdə sağlamlıq imkanları məhdud 2 uşaq peşə məktəblərinə cəlb edilmiş, ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbinə uyğun fəaliyyət göstərən peşə ixtisas kursları haqqında məlumatlar verilmişdir. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 29 nəfəri orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi reabilitasiyası da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 2020-ci il ərzində bu qəbildən olan uşaqların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 4163 uşağa müavinətlər ödənilmiş, müvafiq kateqoriyadan olan uşaqlar texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, onlara protez-ortopedik xidmətlər göstərilmiş, 29 nəfərə veloaraba və köməkçi reabilitasiya vasitələri verilmişdir.
Həmçinin Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 173 uşağın müalicəsinə köməklik göstərilmişdir. Bu kateqoriyadan olan uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə onlar arasında intellektual oyunlar, idman yarışları, rəsm müsabiqələri keçirilmiş, film və tamaşalar nümayiş olunmuş, ekskursiyalar təşkil edilmişdir. Keçirilən müsabiqə və tədbirlərdə fərqlənən sağlamlıq imkanları məhdud uşaqlar mükafatlandırılmışlar.
Bundan əlavə, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 450-dən çox uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimləri ilə təmin edilmişlər. Hesabat dövrü ərzində 1 uşaq övladlığa, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 12 uşaq isə qəyyumluq və ya himayəyə verilmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların evlərində monitorinqlər təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 12 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir.
Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.
2020-ci il ərzində 4624 uşaq doğulmuş və muxtar respublikada uşaqların sayı 165228 olmuşdur. Muxtar respublikanın tibb müəssisələrində doğulan uşaqlarda peyvəndləmə işlərinin vaxtlı-vaxtında aparılması diqqətdə saxlanılmışdır.
2020-ci ildə yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində səhiyyə xidməti və icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilmişdir. Uşaqların icbari dispanserizasiyasının təmini məqsədilə 45974 nəfər müayinə olunmuş, onlardan 9252 nəfəri dispanser nəzarətə götürülmüş, dispanser nəzarətə alınmış 307 uşağın müayinəsi aparılmışdır. Bu dövrdə elektron sağlamlıq kartlarının verilməsi işi davam etdirilmiş, ötən dövr ərzində 617 elektron kart alınıb valideynlərə paylanmışdır.
2020-2021-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52286 şagird təhsil alır ki, bunlardan da 25489-u qızdır. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 2381-i ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, ali məktəblərə qəbul olunan 275 nəfəri 500-700 arası bal toplamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
Ötən il muxtar respublikanın ümumtəhsil məktəblərində 31 interaktiv dərs keçilmişdir ki, bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradır. Həmçinin uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təkşili məqsədilə Şərur və Culfa rayon məktəbdənkənar müəssisələrində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər fəaliyyətə başlamışdır.
Bu gün muxtar respublikada 25497 uşaq idmanla məşğul olur ki, onlardan da 7980 nəfərini qızlar təşkil edir. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan birinciliyində, Azərbaycan çempionatlarında, beynəlxalq və açıq turnirlərdə 36 yer qazanmışlar.
2020-2021-ci tədris ilində isə müvafiq məktəblərə müxtəlif ixtisaslar üzrə 935 şagird qəbul olmuşdur. Cari ildə də muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində öz profilaktik fəaliyyətini gücləndirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti