Fevralın 10-da Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət saraylarının əməkdaşları üçün “Müəssisələrin fəaliyyəti ilə bağlı və statistik hesabatların hazırlanması” adlı seminar təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri nazirliyin aparıcı məsləhətçisi Şəfəq Abbasova açaraq qeyd etmişdir ki, komputer texnologiyalarının yaranıb sürətlə inkişaf etməsi cəmiyyətin hər bir sahəsində dəyişikliyə səbəb olmuşdur. Həmçinin son dövrdə “COVİD-19” virusunun geniş yayılması ilə əlaqədar olaraq onlayn və elektron xidmətlərdən istifadəyə ehtiyac daha da artmışdır. Müəssisələrdə ənənəvi xidmətlə birlikdə həm də onlayn xidmət göstərilməyə başlanmışdır. Bununla bağlı olaraq müəssisələrin hesabatlarında və digər rəsmi sənədlərində də dəyişikliyə ehtiyac yaranmışdır.
Vurğulanmışdır ki, təşkil edilmiş seminarın əsas məqsədi son dövrdə ölkəmizdəki dəyişikliklər səbəbindən onlayn fəaliyyətdən doğru istifadə, bu xidmətlərin hesabatlarda düzgün şəkildə əks etdirilməsinin təmin edilməsidir. Sonra o, seminar iştirakçılarına “Statistik hesabatların hazırlanma qaydaları haqqında” slayd məlumatı təqdim etmişdir.
Daha sonra Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov “Hesabatların hazırlanmasında yazılı nitqin - ədəbi dil normalarının qorunması” mövzusunda çıxışında qeyd etmişdir ki, hesabat Azərbaycan dilinin əməli yazı nümunələrindən olub, görülmüş işin nəticəsi haqqında rəsmi məlumat mənasını bildirir. Hesabat mətnində görülmüş işlər cəm halında ümumiləşdirilmiş formada əks olunmalıdır. Fikir konkret və yığcam formada ifadə edilməlidir. Unudulmamalıdır ki, hesabat həm də yazılı nitq formasıdır. Yazılı nitqdə konkretlik və yığcamlıq ifadə olunan fikrin birmənalı şəkildə anlaşılmasına imkan verir.
Çxışlardan sonra əməkdaşları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti