27 İyul 2024, Şənbə

Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunmuş, onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması, təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan uşaqların təlim-tərbiyəsi, onların hüquqlarının müdafiə olunması, asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin formalaşması, eləcə də müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüş, muzeylərə, tarixi abidələrə virtual gəzintiləri, həmçinin məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərinə onlayn ekskursiyaları təşkil olunmuşdur.

Belə tədbirlərdən biri də fevralın 11-dən başlayaraq 4 gün ərzində sağlamlıq imkanları məhdud olan 15 uşağın Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Ebru sənəti dərnəyinə təşkil edilən kurslardır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən məşğələdə uşaqlara dərnəyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yaradılan yeni innovativ dərnəklər sırasında Ebru sənəti dərnəyi də fəaliyyət göstərir ki, həmin dərnək də zəruri avadanlıqlarla təchiz edilib.

 

Vurğulanıb ki, uşaqlarda səbir və özünü dinləyəbilmə bacarığı, özünü yenidən kəşfetmə və özünə inam, diqqət dağınıqlığını bərpa etmə kimi yüksək keyfiyyətləri özündə birləşdirən ebru sənəti incəsənətin ən maraqlı, əsrarəngiz və heyrətamiz sahələrindən biridir. Mərkəzdə yaradılan Ebru dərnəyində şagirdlər rəssamlıqdan fərqli olaraq düşündüklərini və görmək istədiklərini əvvəlcə suyun üzərində rəngbərəng naxışlarla, rəsmlərlə çəkir, sonra isə kağızı suyun üzərinə qoymaqla rəsmləri olduğu kimi kağızın üzərinə köçürür. Rəsmlər suyun üzərində necə varsa, elə əks olunur.

 Sonra dərnəyin rəhbəri tərəfindən uşaqlar üçün maraqlı əl işləri hazırlanıb.

Təşkil edilən kurslar uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda bu sənət növünə həvəs yaradıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

 

 

 

 

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR