23 Dekabr 2024, Bazar ertəsi

Gedirik Naxçıvan şəhərinin Tumbul kəndinə, şəhid İbrahimin ailəsi ilə görüşməyə. O an qəlbimdəki təlatüm bambaşqa duyğular yaradır məndə. Hər şeydən əvvəl qürurluyam ki, Naxçıvan torpağı  belə vətənpərvər, igid, qeyrətli oğullar yetirir. Digər tərəfdən şəhidlik adlı uca məqama yüksələn bu Vətən övladının ailəsini danışdırmaq, qanayan yaralarına yenidən qanatmaq mənim üçün də çətindir. Nə qədər çətin olsa da  şəhidlərimizin həyat hekayələrini oxucularla bölüşməyə çalışırıq. Artıq İbrahimin xalasıgilin evinə çatmışıq. O, uşaqlıq çağlarını nənəsi və xalasının yanında keçirib. Atası Şərur rayonunun Alışar kəndindən olan  Etibar İbrahimov ömrünü-gününü ancaq işləməyə, evinə bir tikə çörək gətirməyə  sərf edib.  İbrahimin anası iki il əvvəl şəkər xəstəliyindən vəfat edib. Elə bir Ana da duymuşdu övladının taleyinə yazılan günü, ondan əvvəl torpaq altına köçdü, gözünün ağı-qarası bircə oğlunun ölümünə şahid olmadı. Evə daxil oluram, ilk baxışdan Şəhid evi olduğu bəllidir. Evə dərin sükut çöküb, divarlar da bu qəmə, kədərə etinasız qala bilmir, İbrahimin yoxluğu hər addımda hiss edilir. Digər otaqda stolun üzərinə düzülən şəkillər gözümə dəyir. Yaxınlaşıram, şəhidimizin şəkillərinə baxıram tək-tək. Kəlmələr boğazımda düyünlənir. Ömrünün  bahar çağında igid oğul itirmək nə qədər çətindir, İlahi. İbrahimin atası Etibar müəllim qızım, İbrahim getməsəydi, onun kimi cəsur oğullar yollanmasaydı müharibəyə, bəs kim alacaqdı torpaqlarımızı yağı düşməndən deyir. Doğrudur, 30 il həsrət, göz yaşı, Qarabağ nisgili hərbi qulluqçularımız, müharibəyə könüllü yollanan İbrahim kimi cəsur oğullarımız sayəsində son tapdı, onlar ölümləri ilə  əbədilik qazandılar...

 Ata, mənimlə fəxr edəcəksiniz

Ata üçün çətindir bircə oğul övladı haqqında danışmaq.  Oğlum birinci Qarabağ müharibəsi zamanı, ölkəmiz üçün çox çətin bir dövrdə 1992-ci il fevralın 18-də doğulub deyir Etibar İbrahimov. Gənc yaşlarından işləyib, çalışqan, vətənpərvər uşaq olub. Ürəyindəki Allah sevgisi çox böyük idi, namaz qılırdı, məscidə gedirdi. Bütün dostları, iş yoldaşları da deyir ki, İbrahim hər işdə öncül idi. Bir gün gəldi ki, ata sənədlərimi toplayıb hərbiyə gedəcəyəm. Həmin vaxt müəyyən səbəblərə görə alınmadı, amma qəlbində Vətən keşiyində dayanmaq arzusunun qaldığını görürdüm. Ötən il yenidən müraciət etdi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunda iştirak etdi, könüllü olaraq oktyabrın 18-si Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu kimi müharibəyə yollandı. Getməmişdən  altı saat əvvəl evə gəlmişdi. Elə hey deyirdi, mənimlə fəxr edəcəksiniz. Cəbrayıl, Füzuli,  Zəngilan, Xocavənddə  döyüş yolu keçib oğlum. Xocavənddə yaralıları döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlir. Döyüş yoldaşları deyir ki, qadağan olunmuş silahla sol tərəfindən vurulur. Son sözü də “Allah, mən vuruldum” olur. Elə həmin dəqiqə də şəhadətə qovuşur.  Hələ müharibə olmamışdan əvvəl də evdə söhbəti ancaq igidlərimizdən, qəhrəmanlarımızdan  salardı. Adam olanda da Mübariz kimi qeyrətli olasan. Mən fəxr edərəm ki, elə şəhidlik adını alam deyərdi. Komandirləri, döyüş yoldaşları İbrahim haqqında gözəl sözlər danışırlar. Deyirlər İbrahim bambaşqa idi. Böyüklə böyük, kiçiklə kiçik idi, özündən böyüyə sən deyə müraciət etməzdi, mədəni, tərbiyəli  oğlan idi. Həyatda olduğu kimi, müharibədə də  ancaq İrəli gedirdi. Sonucu dəfə oktyabrın 29-u danışdıq oğlumla. Mənə çox dedi, ata, haqqını halal elə. Dedim, siz bu dünyaya gələndə haqqınızı halal etmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, İbrahimin itkisi mənim üçün ağırdır, tək təskinliyim azad edilən Vətən torpaqlarıdır.

Övlad deyildi, elə bir göydən enmiş mələk idi

Nənə Məhsəti Salmanova İbrahimin uşaqlıqdan ən yaxın dostu, sirdaşı olub. Onun  yaxşı xüsusiyyətlərindən danışan nənə özünü güclə ələ alır. Deyir neçə nəvəm var, ancaq İbrahimin tayı bərabəri heç yerdə yox idi. İbrahimin dərdini çəkə bilmirəm, bala. İbrahim uzun illərdən sonra ata-anasına Allahın verdiyi şirin pay oldu. O, bizim yanımızda böyüyüb, burada məktəbə gedib. Bir sözümü iki eləməzdi. Qanacaqlı, zarafatcıl, hamıya qarşı mehriban idi. Övlad deyildi, elə bir mələk idi. Sən mənim aslan, qeyrətli nənəmsən deyərdi həmişə.  Bir gün dedi,  nənə bir söz desəm yerinə yetirərsən. Dedim desən ölümə get gedərəm. Ağladı, dedi yeddi  ildir bir qızı  istəyirəm elçiliyə gedə bilərsən?. Aldıq qızı, beş, altı ay çəkmədi toyunu elədik. Ondan qabaq hərbiyə yazılmaq istəyirdi. Toyundan bir il sonra getdi, şəhidlik xəbəri gəldi. Bu da İbrahimin qisməti idi. Torpaq uğrunda şəhid oldu kişi kimi. Dövlətimiz, Prezidentimiz  sağolsun.  Digər şəhidlərimiz kimi, onu da hörmətlə-izzətlə torpağa tapşırdılar öz yurdunda, bütün Naxçıvan İbrahimi uca tutdu.

Əbədi həsrət, əbədi gediş

İbrahimin yeddi il istədiyi həyat yoldaşı  Gülsüm İbrahimova danışır: - Toyda bir birimizi görüb, tanış olmuşduq. Düz yeddi il İbrahim də mən də sözümüzə, andımıza, sevgimizə sadiq olduq. Deyirdi hər namaz üstə dua et ki biz qovuşaq. Allah dualarımızı qəbul etdi. Bir il iki ay idi ailə qurmuşduq. Müharibəyə getməzdən qabaq evə gəlmişdi. Deyirdi, gülürdü, Günəş idi elə bil, hər yerə işıq saçırdı. Hamı ilə hallaşırdı. Deyirdi birdən gedərəm qayıtmaram. Qapıdan çıxanda atama dedi ki, bu yolun gedişi də var, dönüşü də . Gəlsəm heç, gəlməsən Gülüşü sizə əmanət edirəm. Gözüm dalda qalmasın. Elə bir toya-bayrama gedirdi, müharibəyə yox. Tez-tez zəng edirdi. Deyirdi bu yerlərdən cənnət ətri gəlir, qayıdım gəlim sizi də gətirəcəyəm buraları görəsiniz. Oktyabrın 30-u sonuncu dəfə zəng etdi. Hamımızla bir-bir danışdı, bu gün çoxlu duaya ehtiyacımız var, dualarınızı əsirgəməyin bizdən dedi. Nə bilərdim, yarım saat sonra döyüşdə  qəfil güllə ona tuş gələcək, əbədi bir həsrətə qərq edəcək məni. Mən təkcə həyat yoldaşımı yox, həm də dərd ortağımı, sirdaşımı itirmişəm. Əvvəlcə inanmırdım ölümünə. Gecə-gündüz axtarırdım, bəlkə itkin düşənlərin arasında adına rast gələrəm. Bir gecə yuxuma gəldi dedi ki, şəhid olan mənəm, artıq gözünü yoldan çək. Deyirdi həsəd aparıram o adama ki cümə günü, şəhid kimi dünyadan köçə. Elə arzusu da gerçək oldu, cümə günü, o uca məqama yüksəldi. Müsahibim boynundan asılan üzüyə işarə edərək deyir ki, bu, İbrahimin döyüş zamanı da barmağında olan nişan üzüyümüzdür. Ondan mənə yadigar qalan, xatirələrimizin yeganə nişanəsi bu üzüyü üzərimdə gəzdirirəm. Bununla  onun ruhunun həmişə mənimlə olduğunu hiss edirəm. Hər gün qəbirüstünə gedirəm. Gözümüzün yaşı qurumur. İbrahim hamımızın qəlbində əbədi yuva qurub. O, ölümü ilə bütün Azərbaycanın qəhrəmanına çevrilib.

Dövlət başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,  “İgidliyə görə”,  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən İbrahim, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən digər şəhidlərimiz həmişə qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı hər nəslə örnək olacaq.

 

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR