Tarixin ta o üzündən boylanan diyarım Naxçıvan. Zamanın müxtəlif dövrlərinin müxtəlif keşməkeşləri ilə qarşılaşan, hər dəfə də dözümüylə, mətinliyi ilə başını dik tutan, əyilməyən, sarsılmayan yurdum. Tarix əsrlərdir, səni sonsuz sayda səhifəyə çevirib vərəqləyir, zaman səni ən maraqlı kitab kimi oxuyur. Hələ də blokadadasan mənim gözəl Naxçıvanım. Düz 30 ildir, tarix zamanın blokada Naxçıvanını sinəsinə alıb. Onu anası Azərbaycana aparan yolları qapayıb. Bu, səninçün bir sınaqdı, diyarım. Bu sınaqdan da üzüağ çıxmısan, şükürlər olsun. Sən elə bir tarixi dövr keçirsən ki, bu, bütün dünya tarixində bir ilkdir. Sən illər sonra dünya tədqiqatçılarının mövzusuna çevriləcəksən. Blokada və inkişaf... Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mayın 10-da qalib ölkənin ilk Prezidenti kimi Naxçıvana ilk səfəri zamanı bu inkişafı təsdiqləyən dəyərli fikirləri: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”. Bu, tarixin hansı dönəmində görünüb? Hansı diyar əli anasının əlindən kənarda ayaqları üzərində dura bilib? Hələ, üstəlik, gözəlliklər məkanına çevrilib? Hansı diyar çıraq işığının qaranlığını əlləriylə boğub özünü nura boyayıb? Hansı diyar sənintək 30 ilin əvvəlindəki aclıqdan, səfalətdən ixracatçıya çevrilib? Hansı diyardır ki, öz əlləriylə ağacları kəsib sobada yandırıb, övladlarını ölümdən xilas edib və bir neçə il sonra həmin övladların əlləriylə diyarını yaşıllıqlar məskəninə çevirib? Hansı diyardır, söylə? Hansı diyardır, insanları çörək növbələrindən əliboş qayıdıb, aclığını kimsəyə bildirmədən bu günün ümidini açılacaq digər bir səhərə bağlayıb? Hansı diyar blokadanın ilk illərində Azərbaycanın ayrı-ayrı bölgələrində qohum-qardaşının toyunda, büsatında, hüznündə iştirak etməkdən məhrum olub, dərd-sərini köksünə sıxıb dayana bilib? Hansı diyardır, sən söylə, yenə o acınacaqlı illərdə bütün evlərinin başıpapaqlısı bir tikə çörək üçün qonşu ölkələrə yollanan, balalarının gözlərini yollarda qoyan və buna tab gətirən? Hansı diyarda olub qardaşın bacısının toyunda iştirak etməməsi, atlanıb gələn, köçən qızın əllərinə xına yaxılan an elektrikin kəsilərək ətrafın qaranlığa bürünməsi, valideynin xəstə uşağına xəstəxanada isti bir otaq, dava-dərman tapa bilməməsi, ana-atanın övladının bir şirniyyat istəyini ödəyə bilməməsi, çırağın nefti bitər deyə insanın gecə kitab oxumağa həsrət qalması, aylarla bir tikə qəndə həsrət qalıb ərik, iydə qurusu ilə çay içməsi, soyuq evlərdə donan əllərini nəfəsi ilə qızdırması və ən acınacaqlısı isə çətinliklər məngənəsində əllərin illərlə qoyunlardan çıxmaması... Söylə, olubmu bunların hamısı bir arada haradasa? Yox, olmayıb. Hansısa bir ölkənin diyarı sənintək çətinliklərə məruz qalmayıb.