Bu, 1990-cı illərin tənəzzülə uğrayan Naxçıvanı ilə tərəqqi edən Naxçıvanı arasındakı uzun yolda həmişə əsas amil kimi diqqətdə saxlanılıb
Məşğulluq həm cəmiyyətin, həm də insan həyatının ən vacib amilidir desək, yanılmarıq. Dünyaya göz açdığı məmləkətində böyüyən, təhsil alan insan daha sonra seçdiyi sahə üzrə məşğulluğunu təmin etməklə ömür yolunu müəyyənləşdirir: ailə qurur, ev sahibi olmağa çalışır, övladlarının sağlam böyüməsinin, təhsil almasının qayğısını çəkir və eyni zamanda bütün bunların fonunda cəmiyyət üçün gərəkli vətəndaşa çevrilir, Vətəninə, dövlətinə xeyir verə bilir. Məşğulluq həyatın ritmidir. Bu ritm bir an pozularsa, özünü insan həyatı ilə bərabər, cəmiyyətdə də təzahür etdirər. Məşğul insanla heç bir məşğuliyyəti olmayan insanları hər birimiz cəmiyyətimizdə gördüyümüz üçün onlar arasında müqayisə aparmaq o qədər də çətin olmaz. Bu halda...
1990-cı illərə qısa bir nəzər...
Bədnam qonşularımız tərəfindən muxtar respublikanı ölkəmizlə əlaqələndirən quru yolun bağlanması dəmir yolunun fəaliyyətinin dayandırılması ilə nəticələndi. Həmçinin bu qonşuluqdan kənar dövlətin ərazisindən keçərək Naxçıvana gələn elektrik və təbii qaz xətləri dağıdıldı. Naxçıvan blokada vəziyyətinə salındı. Elektrik enerjisinin, təbii qazın, dəmir yolu vasitəsilə daşınan yanacağın, müxtəlif materialların olmaması Naxçıvanda istehsal müəssisələrinin, fabrik və zavodların fəaliyyətinin dayandırılması, insanların iş yerlərini itirmələri ilə nəticələndi. Muxtar respublikanın iqtisadi həyatı tamamilə tənəzzülə uğradı. Burada həyat dayandı. İnsanlar əlləri qoyunlarında nə edəcəklərini bilmədən, sadəcə, ölməmək üçün yaşamağa çalışırdılar. Necə yaşayırdılar, necə dolanırdılar, bütün bunları fikirləşdikcə, sanki bir ilahi qüvvənin o zaman naxçıvanlıları xilasından başqa heç nə düşünmək olmur. Belə bir zamanda tək çıxış yolu Bakıya və qonşu ölkələrə üz tutub işləmək, heç olmazsa, hər ay evə çörəkpulu göndərməkdən ibarət idi. Buna görə də Naxçıvanda elə bir ailə yox idi ki, həmin ailənin başçısı, ya da övladı harasa işləmək dalınca yollanmamış olsun. Beləliklə, Naxçıvanda əhalinin sayı da azalırdı. Məşğulluğun olmaması məskunlaşmaya öz mənfi təsirini göstərirdi. Bu barədə faktlar istənilən qədərdir...
“Toy hədiyyəsi”(“Naxçıvan blokadası” kitabı,I cild)
“...Elçin tək oğlunu yox, Türkiyədə olduğundan böyük bacısının da toyunu görə bilmədi. İşlədiyi yerdə müdir: “getsən, biryolluq getməlisən, işi qoyub getmək olmaz”, – deyibmiş. Bacısına toy hədiyyəsi olaraq evinə baş çəkməyə gələn qonşularının biri ilə bir xalça alıb göndərmişdi. Hələ üstəlik atasına toy xərci üçün cüzi köməklik də eləmişdi. Amma özü gələ bilməmişdi. Nə qədər cəhd etmişdirsə də, gələ bilməmişdi. Qalınlığına görə Naxçıvan xalçalarının dörddəbiri qədər olan bir xalçanı alıb bacısına toy hədiyyəsi göndərmişdi. Bu xalça bir bacının ən əziz günündə qardaşının yanında olmamasını əvəz edə bilmirdi. Qardaş hədiyyəsi idi, Gülnarın hələ illər sonra da göz nuru kimi qoruyacağı qardaş hədiyyəsi. Amma həm də hər dəfə baxdığında, sanki toyunda iştirak edə bilməyən qardaşı idi bu xalça. Gəlinlikdə ata evindən çıxan son dəqiqəyədək gözü qapıda qalan, “bəlkə, indicə qapı açılar, Elçin içəriyə girər”, – gözləntiləri idi. Bu xalça qardaşı ilə dolu xatirələri olan bu evdə – ata ocağında onu yola salmağa, qardaş xeyir-duası verməyə dili-ağzı, cürəti, haqqı olmayan cansız bir varlıq idi. Naxçıvandan düz Türkiyəyədək uzanan yollar, qardaşının ailəsindən, övladlarından çox uzaqlarda qabarlı əlləri idi. Bacı toyunun sevincini içinə gömmüş qardaş idi. Bir bacının qardaş təşnəsi idi...
Gülnar yaman kövrəlmişdi. Ata ocağından ayrılması ilə qardaşının gəlib çıxa bilməməsi gözlərindən gilələnən yaşa çevrilmişdi. Anası Süsən xala:
– Qızım, bilirəm, çox ağırdır, amma neynəmək olar? Allah kəssin belə dövrü. Bu eli bu günə salanın evi yıxılsın, tufağı sönsün. Elçinin ürəyi də əsir ki, bu gün burada ola. İndi gör necə vəziyyətdirsə, heç cür gələ bilmədi.
Süsən xala Gülnara təsəlli verirdi, amma səhərdən bəri neçə dəfə o küncdə, bu küncdə ağlayıb-sızlamış, gözünü silib ortalığa çıxmışdı. Qonşu Güllü, Nəcibə xala onun dərdinə dərd ortağı olmuşdular. Güllü xala:
– Ay Süsən, hansımızın başıpapaqlısı yanımızdadır ki? Az ağla, sızla, suyumunu sal, kiri, bəsdir.
Fatma xala demişdi:
– Ay qurban olum sənə, keçən il də mənim qızımın toyu oldu da, oğlum Nəbi gəlib çıxa bildi? O da Türkiyədədir, Allah bilir, harada yatır, harada yaşayır, nə yeyir, nə içir, harada işləyir. Budur, şükür Allaha yenə səninki bacısına hədiyyə göndərib, atasına kömək edib. Mənimki üç nəfər külfətini də atıb üstümə gedib, balamdan bir xəbər yoxdur. Biz dörd nəfər mənim pensiyamın ümidinə qalmışıq. Pensiya da ki nə pensiya: bir tay un aldın, yerdə qaldı heç nə.
Xuraman xala:
– Ay Fatma bacı, sizinkilər hələ cavandırlar ey, mənim yoldaşım 2-3 ildir, qalıb yollarda bir tikə çörəkdən yana. Yazıq Türkiyənin bu yaxın kəndlərində bağban işləyir. Yer belləyir, ağac suvarır. Allahın kərəminə qurban olum, burada torpaq yoxdur? Bu kişi buralarda bir iş tapa bilmədi, çıxıb getdi. Nədir qazancı, bir qarın çörək. Göndərdiyi ancaq una çatır.
Mənzər müəllimə:
– Qəm yeməyin bu şad gündə. İnşallah, hər şey yaxşı olar. Ölkədə vəziyyət pisdir. Müharibə gedir. Naxçıvan mühasirədədir. Sovet İmperiyası 70 illik zülmündən doymadı. Torpaqlarımızın işğalı da, Naxçıvanın blokadası da onların əlindən çıxan Azərbaycan yanğısıdır. Narahat olmayın, 10 ildən sonra bu ölkənin vəziyyətini görəcəksiniz. Allah ömür versin Heydər Əliyevə. Köməyimizə gəlməsəydi, buradaca son nəfərimizədək ölüb məhv olacaqdıq. Naxçıvan da işğal olunan rayonlardan biri olacaqdı. İndi də, şükür, ölkənin prezidentidir. Naxçıvanın da vəziyyətini çox yaxşı bilir. Yaranacaq, Naxçıvanda iş yerləri yaranacaq, gedənlər hamısı geri qayıdıb, ailəsinin yanında olacaqlar. Dünənə baxıb, bu gününüzə şükür edin. Yığışdırın ağlamağı, sızlamağı. Həyata nikbin nəzərlərlə baxın. Gəlməyib yox, gələ bilməyib Elçin. Mən ona dərs demişəm, sinfin gözü idi: nizamı-intizamı, tərbiyəsi, canıyanarlığı ilə. Mən bilirəm ki, mümkün olmayıb gəlməyi, yoxsa onu orada kəndirlə də bağlasaydın, dayanan deyildi”.
Məncə, Naxçıvanda blokadanın ilk illərinin sosial vəziyyətini gözlər önünə gətirmək üçün bu fikirlər yetərlidir. Bəli, Mənzər müəllimə çox uzaqgörənliklə söyləyirdi o sözləri. Hələ dediyi vaxtdan da xeyli əvvəl Naxçıvanda yeni iş yerlərinin açılması sahəsində canlanma yaranmağa başlanmışdı. Çünki...
Naxçıvanda məşğulluq insan amilinə verilən dəyərdir
Ümummilli liderimiz Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən əhalinin məşğulluğunun ilkin təməli kimi böyük uzaqgörənliklə ilk dəfə olaraq muxtar respublikada aqrar islahatların həyata keçirilməsinə başlamışdır. 1992-ci il aprelin 6-da Ali Məclis tərəfindən qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, eləcə də “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarların sonrakı illərdə uğurlu icrası muxtar respublikada torpaq islahatının uğurla başa çatdırılması, torpaqların əsl sahibinə verilməsi, yeni emal müəssisələrinin yaradılması, ərzaq məhsullarının istehsalının əhəmiyyətli dərəcədə artması, eyni zamanda yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Məşğulluq sahəsində ötən illər ərzində muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, yeni müəssisələr yaradılmış, səmərəli məşğulluq üçün mühüm layihələr reallaşdırılmış, özünüməşğulluğun intensivləşməsi dəstəklənmiş, yüksək əməkhaqqı tutumlu yeni iş yerlərinin açılması təşviq olunmuşdur ki, bu da, son nəticədə, əmək bazarında aktivliyi artırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə, 2014-2015-ci və 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət proqramlarının uğurlu icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 1 yanvar 1996-cı ildən 1 yanvar 2021-ci il tarixədək muxtar respublika üzrə, ümumilikdə, 98340 yeni iş yeri açılmışdır ki, bunun da 67945-i və ya 69,1 faizi daimi iş yeridir. 2020-ci ildə isə muxtar respublikada 955 yeni iş yeri yaradılmışdır. Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. Əldə olunmuş uğurlu nəticələr, ilk növbədə, əhali gəlirlərinə öz müsbət təsirini göstərmiş, muxtar respublikada 1995-ci ildə əhali gəlirləri 31 milyon 538 min 900 manat və hər bir nəfərə düşən gəlirlər isə 94,2 manat təşkil etmişdir. Müvafiq göstəricilər dəfələrlə artaraq 2020-ci ildə isə əhali gəlirləri 1 milyard 913 milyon 243 min 400 manat və hər nəfərə düşən gəlirlər isə 4152 manat təşkil etmişdir. Bu isə 1995-ci illə müqayisədə əhali gəlirlərinin 60,7, hər nəfərə düşən gəlirlərin isə 44 dəfə artması deməkdir.
Məşğulluq həm də məskunlaşmanı şərtləndirir
Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, 1990-cı illərin əvvəllərində işsizlik ucbatından Naxçıvanı tərk edənlər sonrakı illərdə-torpaq sahibinə çevriləndə doğma yurdlarına qayıtdılar. Torpaq insanların ilk məşğulluğuna çevrildi. Muxtar respublikanın sosial-iqtisadi vəziyyəti dirçəldildikçə, burada yeni müəssisələr, fabrik, zavodlar yaradıldıqca gedənlərin hamısı qayıtdı və hər kəs özünəuyğun iş yeri tapa bildi. Məşğulluğun təmin olunması ilə bağlı Dövlət proqramlarının bir-birinin ardınca uğurlu icrası isə daha yeni iş yerlərinin açılması, sahibkarlıq subyektlərinin, fermer və ailə təsərrüfatlarının yaranması, hətta özünüməşğulluq proqramının səmərəli şəkildə həyata keçirilməsi ilə nəticələndi. Bütün bunlar isə təbii ki, əhali məskunlaşmasına təsirsiz qala bilməzdi. Əhalinin rifah halının yaxşılaşması, nəticə etibarilə, öz növbəsində, dayanıqlı məskunluğu təmin etmiş, təkcə 2019-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 379 min 157 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildə tikilmiş 16 min 800 kvadratmetr yaşayış sahəsindən 22,6 dəfə çoxdur. 2020-ci ildə isə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 376 min 426 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə də müsbət təsir göstərmişdir. Belə ki, 1 yanvar 2020-ci il tarixə muxtar respublikada əhalinin sayı 1995-ci ilin sonu ilə müqayisədə 36,1 faiz artaraq 459,6 min nəfərə çatmışdır. 1 yanvar 2021-ci ilə isə əhali artımı 461 min 530 nəfər olmuşdur. Bütün bunlar isə məşğulluğun məskunlaşmaya müsbət təsirinin nəticələridir.
Məşğulluq həyatın ritmidir
Yeni Dövlət proqramı bu ritmi daha ahəngdar edəcəkdir
Sosial-iqtisadi sahə həyatımızın əsas amili, aparıcı qüvvəsi olduğundan məşğulluğu bu sahənin ahəngi adlandırmaq daha doğru olar. Bu ahəng yalnız irəliyə doğru – inkişaf tempi ilə irəlilədikcə həm insanın şəxsi həyatı, həm də cəmiyyət var ola bilər. Naxçıvanın 1990-cı illərin əvvəllərində tənəzzülə uğramış həyatından bugünkü inkişaf, tərəqqi dövrünədək ötən uzun bir yolda məşğulluğun muxtar respublikada əsas prioritet kimi dəyərləndirilməsi insan amilinə verilən qiymət, həm də diyarımızın gələcək inkişafına hesablanmış strategiya olmuşdur. Ötən illər ərzində əhalinin məşğulluğu sahəsində Dövlət proqramlarının uğurlu icrası buna bariz nümunədir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı bu sahədə həyat ritminin ahəngini daha da artıracaqdır. Çünki Naxçıvanda insan amili hər zaman dövlət siyasətinin başlıca amili olub. Çalışmaq, qazanmaq, gəlir əldə etmək isə yaxşı yaşayışı, rifahı, cəmiyyət üçün xeyirli vətəndaş olmağı, məskunlaşmanı, əhali artımını, ən əsası isə yurd sevgisini xarakterizə etdiyi üçün yeni Dövlət proqramından gözləntilər yaxın 5 ildə bütün yuxarıda sadalananların fonunda muxtar respublikamıza daha böyük inkişaf, insanlara daha yaxşı yaşayış vəd edir.
Mətanət MƏMMƏDOVA