23 Dekabr 2024, Bazar ertəsi

     Tarix boyu qəhrəmanlıq, şücaət, vətənpərvərlik salnaməsi yazmış bir xalqın haqsızlığa, ədalətsizliyə boyun əymədən zülmə qarşı üsyanıdır yanvarın 20-ci günü. Düz 30 il idi ki, əlimizdəki qərənfil kimi, boynumuz bükük, matəmli, hüznlü şəkildə üz tuturduq sinəsini düşmən gülləsinə sipər edən İdris Məmmədov, Mirəsgər Seyidov, Bahadur Abbasov kimi onlarla şəhidimizin uyuduğu Naxçıvan şəhərindəki müqəddəs məkana. Həmin gün sanki qəzəbi tuturdu sinəsi qara buludlarla dolan göy üzünün də yerə. Əlimizi, ayağımızı donduran şaxta-boranı bir vasitə ilə isitməyə çalışsaq da qəlbimizdəki çovğunu, təlatümü ovutmaq üçün heç nə yetməzdi imdadımıza. Nə dilə gətirməklə, nə yazmaqla, nə də hər hansı kətanın üzərinə köçürməklə tam dolğun şəkildə izah etmək mümkün olurdu könlümüzdəki illərin ədalətsiz hökmünə qarşı çıxan hayqırtı səsini. Bax beləcə böyükdən-kiçiyə hər birimiz usana-usana keçirdik şəhid məzarları önündən. Gözümüzün ucu ilə, ürkək halda baxırdıq pərişanlıqla dolu, donuq baxışlı məzarlara. Onların bir andaca dilə gəlib “Bizim qanımız niyə yerdə qalıb? Zəfər müjdəsini nə vaxt alacayıq sizdən? Haqq-ədaləti bərpa edin, axı sizin də damarınızda bizim kimi Vətən sevgisi ilə coşub-daşır qan” kimi sual dolu cümlələrlə xitab edəcəyindən çəkinirdik sanki. Ziyarət bitdikdən sonra evə dönən zaman beynimizə dolan bu qara fikirli sualları yolboyu gələcəyimiz deyib tərbiyə aşıladığımız övladlarımızdan eşidəndə isə titrəyirdi dil-dodağımız. Xalqımıza yaşadılan acıları sıxıla-sıxıla izah edir, hakim olmağa çalışırdıq qəzəblə dolu göz yaşlarımıza. İllər ötdükcə bu yaranın ağrısı azalmaq əvəzinə daha da şiddətlənirdi, hər dəfə televiziya ekranlarından o acılarla dolu kadrları yumruq düyünləmədən, diş qıcamadan izləməzdik, təbii ki. İlahi ədalətin gec-tez təcəlli edəcəyinə böyük idi inamımız, ümidimiz. Səbir kasası dolub daşan xalqımızda tam əminlik hissləri yaradırdı günü-gündən güclənən dövlətimiz, qüdrətlənən ordumuz. İlbəil artan qələbələr tezliklə Böyük zəfər müjdəsinin gələcəyini də gözlənilən etmişdi çoxdan. Və belə də oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən həm hərbi, həm siyasi yöndəki haqq-ədalət savaşımız Böyük Qələbə ilə nəticələndi.

 

 2021-ci ilin 20 yanvar günü. 31-ci dəfə üz tuturuq bu müqəddəs məkana. Bu dəfə tam fərqli aurada, başqa şəkildə. Başımız dik, ürəyimiz rahat, qələbə müjdəsiylə gedirik şəhidlərimizin ziyarətinə. Sanki göyün də yerə olan qəzəbi səngiyib bu gün. 19-u axşam saatlarındanhəzin-həzin yağan qar dənələri bir neçə gündür qılınc kimi kəsən havanın şaxta-sazağını sındırıb, mülayim, həlimli olub, rahatlıq tapıb elə bil ana təbiət də. Budur böyükdən- kiçiyə hər kəs yüksək əhval-ruhiyyə ilə keçir məzarların önündən. Ürkmədən, çəkinmədən. Qalib xalqın nümayəndəsi kimi. Sinəmizdəki sözləri daha əvvəlkitək gizləmirik, uca səslə söyləyirik: Əziz şəhidlərim sizin qanınız yerdə qalmadı, alındı qisasınız yollarda qalan gözləriniz yığıldı, pərişanlığınız bitdi artıq, şükürlər olsun. Rahat uyuyun, ruhunuz şadlıq tapsın, ey məğrur xalqın məğrur oğulları. Vətənimiz bütünləşdi, doğma torpaqlarımız geri qaytarıldı, bir daha gözünüz aydın. Qəhrəmanlıq dolu şəninizə nə söyləsək, nə yazsaq azdır, bilirəm. Siz tökülən al qanlarınız sayəsində bizə müstəqil Azərbaycanı ərməğan etdiniz, borcunuz ödənməz. Mətn, vətənpərvərlik dolu məktəbinizi öyrənə-öyrənə, dərs çıxarıb çalışıb-vuruşaraq gəlib çıxa bildik bu günlərə. Ağrı-acılarla dolu anlar yaşadıq içimizdə. Hiss etdirmədik bir kimsəyə. İstəmədik dostumuz ağlayıb, düşmənimiz sevinsin halımıza. Ürəyimizdəki qəzəb dolu hisslər məğrurluğa döndü. Bircə an belə olsun unutmadıq, unutdurmadıq sizin üzərimizdəki haqqınızı. Qisasınızı almaq naminə bütün cəbhələrdə haqlı savaşımızı, mübarizəmizi apardıq yorulmadan, usanmadan gecə-gündüz. Qanınızın düşdüyü Vətən torpaqlarının hər qarışını qüdrətli dövlətimiz gülüstana çevirdi, güllə-boran olunan el-obamızda mərmi qoxusunun yerini bürüdü təravətli gül-çiçək rayihəsi. Ziyarətinizə gəldiyimiz 30 dəfənin hər birində “Gün gələcək qisasınızı alacayıq, qanınız yerdə qalmayacaq, ey əziz şəhidlərim” sözləri ilə ürəyimiz alovlanar Vətən eşqi ilə, başımız aşağı dikilərdi məyuscasına, bədbin halda tərk edərdik xiyabanı. 31-ci dəfə isə adəti üzrə yenə müqəddəs ruhunuz qarşısında baş əyir, bu dəfə şux qəddimizlə, əzmli səslə “Haqq-ədalət bərpa edildi, uğrunda canınızı fəda etdiyiniz Vətən torpaqları birləşdi, işğal altında qalan qədim, tarixi Azərbaycan torpaqları geri qaytarıldı, Qarabağ artıq bizimdir”  – söyləyirik böyük hörmət və ehtiramla...

Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR