Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2020-ci il 1 iyul tarixə olan məlumata əsasən muxtar respublikada 98002 ailə vardır. Muxtar respublika əhalisinin 230 min 449 nəfərini qadınlar təşkil edir. Muxtar respublikada yaşayan uzunömürlü 583 ailə haqqında məlumatlar toplanılaraq məlumat bazasına əlavə edilmişdir. Hesabat dövrü ərzində 53 istedadlı və ailə təsərrüfatçısı olan qadının 1590 manat dəyərində 840 əl işi və ailə təsərrüfatı məhsulları satılmışdır.
Komitə tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 50 qadına diplom, eləcə də tədbirdə iştirak edən qadınlara hədiyyələr verilmişdir. Həmçinin 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgi-satışı təşkil olunmuşdur.
Hesabat dövrü ərzində 36 aztəminatlı ailəyə baş çəkilmiş, müxtəlif yaradıcılıq müsabiqələri keçirilmişdir. Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf proqramının icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender həssaslı icrasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransında qadınların hazırladıqları 1600-dən çox əl işlərindən və istehsal məhsullarından ibarət sahibkarlıq sərgisi nümayiş olunaraq satışı həyata keçirilmişdir. Müvafiq layihənin davamı olaraq keçirilən 3 seminarın sonunda 39 qadına (25550 manat dəyərində) Azərbaycan Mikromaliyyə Assosiasiyası və layihə təşkilatçıları tərəfindən sərmayə kapitalının verilməsi ilə əlaqədar bağlanılan müqavilələr təqdim olunmuşdur.
Bildirilmişdir ki, muxtar respublikada 164 min 898 nəfər uşaq yaşayır. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası üzrə 1881 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılmış Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 12 uşaq müəssisəsində və uçota alınmış valideyn himayəsindən məhrum olmuş 22 uşağın evində monitorinqlər aparılmışdır.
Məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr barədə geniş məruzə edib.
Bildirilib ki, 2020-ci ildə qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 131 əcnəbi aşkarlanıb. Bu rəqəm 2019-cu ildə 202 nəfər olub.
Diqqətə çatdırılıb ki, müxtəlif məsələlərlə bağlı xidmətə, ümumilikdə, 4828 müraciət daxil olub. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı daxil olan 1497, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 17, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 16, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar 178 müraciətin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Xidmət rəisi bildirib ki, reallaşdırılan məqsədyönlü və uğurlu siyasət respublikanı tərk edib digər ölkələrə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtmasına çox ciddi təsir edir. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq 2020-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3 müraciət daxil olub.
Qeyd olunub ki, muxtar respublika ərazisində müvəqqəti olan və yaşayan, habelə mövcud vəziyyətlə əlaqədar öz ölkələrinə qayıda bilməyən əcnəbilərin ölkədə olmaları qanuniləşdirilib. Bu səbəbdən də 2020-ci il ərzində 323 əcnəbinin Azərbaycan Respublikasında müvəqqətiolma müddəti uzadılıb.
Sonra məruzə ətrafında müzakirələr olub.
* * *
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində keçirilən iclasda agentliyin direktoru Samiq Sadıxov çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 dekabr tarixli müvafiq Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə çevrilib. Fərmanın icrasından irəli gələn məsələlərin həlli üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən agentliyin strukturunda zəruri istiqamətlər üzrə əlavə və dəyişikliklər edilib. Bu da, öz növbəsində, agentlikdə idarəetmənin təkmilləşdirilməsinə, həmçinin tibb müəssisələri və sığortaolunanlarla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə müsbət təsirini göstərib.
Vurğulanıb ki, ötən il icbari tibbi sığortanın əhatə etdiyi tibb müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərilərək 8 rayon və 9 respublika əhəmiyyətli olmaqla, ümumilikdə, 17 tibb müəssisəsi ilə müvafiq qanunvericilik aktlarına uyğun müqavilə bağlanılıb. Hesabat dövründə muxtar respublikada sığortahaqqı ödənilmədən icbari tibbi sığortadan istifadə edən sığortaolunanların müraciəti əsasında 11 mindən çox təcili tibbi yardım xidməti, 5 826 sayda cərrahi əməliyyat, 12 mindən çox stasionar tibbi xidmət və digər xidmətlər göstərilib.
Vurğulanıb ki, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq vətəndaşların maarifləndirilməsi məqsədilə, ümumilikdə, 109 inzibati ərazi dairəsi üzrə 4000 nəfərə yaxın vətəndaşın iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.
Sonda çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev bildirib ki, 2020-ci il ərzində cəmiyyətin kollektivi tərəfindən meliorasiya və irriqasiya işlərinin miqyası artırılaraq bütün mövcud imkanlar səfərbər edilib, il ərzində istismar, təmir və tikinti işləri həyata keçirilib.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması və torpaqların suvarılmasının səmərəliliyinin yüksəldilməsi üçün, ilk növbədə, rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib.
Vurğulanıb ki, torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə kanal və arxlarda təmir işləri görülüb, yeni arxlar qazılıb istifadəyə verilib. Babək rayonunda Yeni Sağ Sahil magistral kanalında təmir, Ordubad rayonunda yüksək dağlıq ərazidən Ordubad çayını qidalandıran Zəvvar arxının təmizlənməsi işləri başa çatdırılıb.
Muxtar respublikada relyefin mürəkkəb quruluşa malik olması, suvarılan torpaq sahələrinin səviyyəsinin suvarma mənbələrindəki suyun səviyyəsindən yuxarıda olması səbəbindən suvarma suyunu sahələrə qaldırmaq üçün mexaniki üsulla suvarma geniş tətbiq olunur. Ona görə də Sədərək və Kəngərli rayonlarında yuxarı və aşağı su anbarlarında tikinti işləri başa çatdırılıb, nasos stansiyaları binasında tikinti işləri davam etdirilib.
Məruzə ətrafında müzakirələr olub.
* * *
“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində keçirilən kollegiya iclasını cəmiyyətin Baş direktoru Vasif Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya, ümumilikdə, 3075 ədəd texnika və texnoloji avadanlıqlar alınıb. 2020-ci ildə alınmış 3699 min manat dəyərində 336 ədəd müxtəlif adda texnika və texnoloji avadanlıqlardan 2-ni “Klaas Dominator-130” markalı kombayn, 5-ni “Sampo Rosenlew SR-2065” markalı kombayn, 9-nu traktor, 16-nı toxumsəpən, 12-ni peyinsəpən, 20-ni presvuran, 56-nı kotan, 216-nı isə digər texnoloji avadanlıqlar təşkil edib. 2020-ci ildə sahibkarlara 4699.7 min manat dəyərində 238 ədədi lizinq, 14-ü isə nağd yolu ilə, ümumilikdə, 252 ədəd texnika və texnoloji avadanlıqlar lizinqə verilib. Lizinq və nağd yolu ilə satılmış texnika və texnoloji avadanlıqlara 1856.3 min manat dəyərində dövlət büdcəsi hesabına 40 faiz güzəşt tətbiq edilib. Sahibkarlara verilmiş texnika və texnoloji avadanlıqlarm 2020-ci il borcundan 935 min 406 manat tam şəkildə və damazlıq cins mal-qaranın qalmış borcundan 145 min 490 manat vəsait yığılaraq müvafiq bank hesablarına köçürülüb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 11 balsüzən maşın, 2 ana arı yetişdirmə qutusu, 105 arı pətəyi alınıb. Onlardan 5 balsüzən maşın və 34 arı pətəyi arıçılıqla məşğul olan sahibkarlara satılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən iclası xidmətin rəisi Vəli Novruzov açıb. Bildirilib ki, əhalinin yerli ərzaq məhsulları ilə təminatında mühüm yer tutan heyvandarlığın inkişafı məqsədilə bu sahə ilə məşğul olanlara banklar tərəfindən 9 milyon 520 min manatdan artıq kredit verilib. Xidmət və onun strukturuna daxil olan idarələr digər aidiyyəti təşkilatlarla birlikdə muxtar respublikanın müxtəlif ərazilərində dezinfeksiya tədbirlərini davam etdiriblər. Rayon baytarlıq idarə və laboratoriyaları tərəfindən diaqnostik olaraq iribuynuzlu heyvanlardan qan nümunəsi və digər patoloji nümunələr götürülərək yoxlanılıb, heç bir infeksion xəstəlik aşkarlanmayıb. Eyni zamanda bir sıra xəstəliklərə görə də nümunə götürülərək yoxlanılıb və təyinatı üzrə tədbirlər görülüb. Baytar-sanitar ekspertiza laboratoriyalarında 15935 heyvan və heyvan mənşəli nümunələr orqanoleptik və mikroskopik müayinələrdən keçirilib. Xidmət tərəfindən heyvanların epizootik vəziyyətinin araşdırılması və sahibkarlara lazımi köməklik göstərilməsi məqsədilə yaylaqlarda səyyar baytarlıq xidməti davam etdirilib.
Məruzə ətrafında çıxışlar olub.
* * *
“Naxçıvan” Universitetində ilin yekunlarına həsr olunmuş iclası giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açıb. Bildirib ki, cari tədris ilində “Naxçıvan” Universitetində 4 fakültə, 10 kafedra, 7 şöbə, 4 mərkəz fəaliyyət göstərib. Hazırda universitetdə, ümumilikdə, 1339 tələbə təhsil alır. Onlardan 18 ixtisas üzrə 1277 nəfəri bakalavr, 8 ixtisas üzrə 21 nəfəri magistr, 11 ixtisas üzrə 29 nəfəri doktorant və dissertant, 6 ixtisas üzrə 12 tələbə isə akademik möhlətlidir.
Hesabat ilində universitet əməkdaşlarının 1 monoqrafiyası, 2 kitabı, 5 dərs vəsaiti, 14 proqramı,198 elmi məqaləsi, 9 tezisi, 52 konfrans materialı nəşr olunub. 2020-ci ilin birinci yarımilində dünyada baş vermiş məlum pandemiya ilə əlaqədar olaraq “Naxçıvan” Universitetində də dərslər “Zoom” proqramı vasitəsilə onlayn formada keçirilib. Bu müddət ərzində universitetdə 29 elmi-praktik konfrans, 2 vebinar təlim, 4 tələbə diskussiyası onlayn formada təşkil olunub. Tədris ilində dünyanın 52 universiteti ilə tədris və elmi sahədə əlaqə saxlayan ali təhsil ocağı cari ildə iki beynəlxalq universitetlər birliyinin (“EURAS”, “KUNİB”) üzvü seçilib. Ali təhsil ocağı “Erasmus+” proqramı tərəfindən maliyyələşdirilən “ECAR” (Azərbaycan Rektorlar Konfransının yaradılması layihəsinə tərəfdaş seçilərək Naxçıvan Muxtar Respublikasından bu layihəyə qoşulan ilk və yeganə universitet kimi qeydə alınıb.
Sonda məruzələr ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Musiqi Kollecində ilin yekunlarına həsr olunmuş iclasda kollecin direktoru Günay Əliyeva çıxış edib. Bildirib ki, 2020-2021-ci tədris ilində Naxçıvan Musiqi Kollecində əyani şöbədə 12 ixtisas üzrə 490, qiyabi şöbədə isə 4 ixtisas üzrə 20 tələbə təhsil alır. Hazırda kollecdə tələbələrin təlim-tərbiyəsi ilə ştat üzrə 151, saathesabı üzrə 21 müəllim məşğul olur. Kollecdə, ümumilikdə, müxtəlif ixtisaslar üzrə 2429 onlayn dərs keçilib.
2019-2020-ci tədris ilində Naxçıvan Musiqi Kollecinin ixtisas dərəcəsi verilməklə, 142 tələbəsi məzun olub. Bu tələbələrin 12 nəfəri fərqlənmə, 130 nəfəri isə subbakalavr diplomuna layiq görülüb. Həmçinin musiqi kollecinin Xalq çalğı alətləri şöbəsinin Qarmon ixtisası üzrə IV kurs tələbəsi Adil Əliyev, Orkestr alətləri şöbəsinin Klarnet ixtisası üzrə III kurs tələbəsi Samral Babayev Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “VI Qarabağ – 2020” Beynəlxalq İncəsənət və Rəqs Qiyabi Müsabiqəsində iştirak edib, Adil Əliyev II dərəcəli, Samral Babayev isə III dərəcəli diploma layiq görülüb.
Çıxışlar ətrafında məruzələr dinlənilib.
* * *
Naxçıvan Tibb Kollecində keçirilən iclası kollecin direktoru Sona Məmmədova açaraq bildirib ki, 2019-2020-ci tədris ilində kollecdə 39 qrup, 8 ixtisas üzrə tələbələrin ümumi sayı 737 nəfərə çatıb. Onlardan 415 nəfəri ödənişli əsaslarla, 322 nəfəri isə dövlət hesabına təhsil alır.
Kollecin müəllimləri tərəfindən il ərzində Naxçıvan şəhərində, muxtar respublikanın müxtəlif rayon və kəndlərində yerləşən tam orta məktəblərində ayda bir dəfə nümunəvi dərslər keçilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında sərəncamlarının icrası ilə əlaqədar kollecdə tələbələrin təcrübi tibbi biliklərinin daha da yaxşılaşdırılması məqsədilə onların dərslərdən sonra tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə tibbi vərdişlərə yiyələnməsi işi davam etdirib, 2018-2019-cu tədris ilində 399 tələbə tibb müəssisələrinə göndərilib.
Sonra çıxışlar olub.
Xəbərlər şöbəsi