20 Aprel 2024, Şənbə

Bu gün zəfər günüdür. Xalqımız bu günü bayram edir. Tam 28 il xalqımızın başında qara buludlar olub. Artıq o qara buludlar çəkildi. Yurdumuza gün doğdu. Həm də elə bir gün doğdu ki, dünya o günəşdən danışdı. Biz bu zəfəri Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, güclü ordumuza və şəhid olmuş hərbi qulluqçularımıza borcluyuq. Şəhidlərin haqqını isə heç bir zaman ödəyə bilmərik.

Bu gün şəhid olmuş Vəli Quliyevin ailəsi ilə həmsöhbət olduq.

Ilk həmsöhbətimiz şəhidin anası Həqiqət xanım oldu.

 1.Vəli Quliyev haqqında məlumatla söhbətimizə başlayaq.

-Vəli Quliyev Kamal oğlu 1997 ci il iyulun 20- də Culfa rayonunun Qazançı kəndində anadan olub. 2002 ci ildə atasının əmisinə rəsmi şəkildə övladlıq verilən Vəli 2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsəvər Eldar oğlu Aslanov adına tam orta məktəbdə təhsilinə başlamışdır. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Azər Tağıyev adına 17 nömrəli məktəbində VII sinifdən təhsilini davam etdirmişdir. 2011- ci ildə Heydər Əliyev adına Hərbi Liseyə sənəd vermişdir. Hər zaman başqalarından fərqlənməsi ilə  nümunəvi davranış sərgiləmişdir.

2. Vəlinin hərbiyə gəlişi haqda atasına sual ünvanlayırıq.

2011-ci ildə Heydər Əliyev adına hərbi liseyin 1-ci kursuna qəbul olmuşdur. 2014-cü ildə oranı bitirərək, Azərbaycan Ali Hərbi Akedemyasina 1-ci kursuna qəbul olmuş, 2018-ci ildə Akademiyanı başa vurmuşdur. Həmin ildə də N saylı hərbi hissədə xidmətə başlamışdır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş və 1 il orada xidmət etdikdən sonra yenidən “N” saylı hərbi hissəyə qayıtmışdır. İki ilə yaxın idi ki, sərhəd bölgəsində Beyləqan Korpusunun Ağcabədi “N” saylı hərbi hissəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri vəzifəsində xidmət etmişdir. Öz xahişi ilə döyüş bölgəsinə yollanıb. Hərbidə olduğu müddətdə nümunəvi zabit kimi dəyərləndirilib. Xatirələri yada saldıqca adamın canı ağrıyır. Amma qürurlu bir kədərdir. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsi başlayanda “Aslanlar bölüyü” adlanan bölüyü Hadrutun qorunmasında, Füzulinin azaad olunması uğrunda misilsiz rəşadət göstərmişdir.

Atası bu əsnada deyir: Öz oğlumdur deyə demirəm Vəli həqiqi mənada igidlik göstərib. Oğluyla olan danışığından öz fikirlərini belə qələmə alır. Vəli  deyirdi ki, Ata, onlar çox qorxaq millətdirlər. Biz vuruşduqsa onlar qaçırdılar. Vəligilin bölüyü Cəbrayıl, Zəngilan uğrunda mərdliklə vuruşmuşdular. Oktyabrın 20- də Cəbrayıldan Qubadlıya doğru getdikləri bir vaxtda Vəli yaralanır. Atası Kamal Quliyev onda olan vətən sevgisinin, vətən ruhunun çox fərqli olduğunu bildirir. Deyir ki, qələbə xəbərini Vəlidən eşitməyi çox istərdi: “Torpaqlarımızı azad etmək üçün irəli getdikdə, mənfur düşmənlərimizlə 30 metr üz-üzə çıxırlar. Onlar havaya işıqlandırma fişəngləri atır, bu zaman Vəli orda şəhid olur. Vəlinin yoldaşları deyir ki, o yaralandı, dedi, mən vurdular. Dedik, komandir nə edək. Dedi ki, uşaqlara deyin bir-birindən muğayat olsunlar, ancaq irəli. Deyiblər, səni burdan çıxaraq, deyib ki, olmaz “.

2.Vəli Quliyevin uşaqlığı da oxucularımız üçün çox maraqlı olardı.

- Vəli hər zaman davranışı ilə seçilən uşaq olub. Həddindən çox dostcanlı idi. Ətrafında olan insanlar da  bu dediklərimiz təsdiqləyər. O, heç vaxt xəyal qurmazdı. Bir çoxları kimi maşınım olsun, evlənim belə şeylər düşünməzdi. Onun bir xəyalı var idi ki, böyüyüb əsgər olsun (gülür) ancaq deyirdi ki mən əsgər olacam vuruşacam. Başqa heçnə düşünməzdi sanki başqa xəyal qura bilmirdi. Balıq tutmağı da çox xoşlayardı. Allaha, dinə bağlı biri idi. Bu da məni çox sevindirirdi.

3. Şəhidimizin anasına müraciət edirik. Həqiqət xanım, heç düşünmüşdünüz ki, oğlum hərbi sahəyə meyl etməzdi. Kaş daha asan peşə seçərdi?

-Qətiyyən düşünməmişəm. Düzdür, çətin peşədir hərbçilik. Amma, bugün Vəli kimi neçə- neçə oğullar sayəsində xalqımız zəfər qazanıb. Bu gün onların sayəsində xalq bayram edir.  O uşaqlıqdan bu yolu seçib mənə çətində olsa onun seçiminin tərəfində olmuşam heç vaxt etiraz etməmişəm. Illərlə onun yolunu səbrlə, təmkinlə gözləmişəm. O hər dəfə bizimlə əlaqə saxlayanda deyirdi ki əgər mənə nəsə olsa ağlama ana, sən başını dik tut. Sən mənimlə fəxr et. Mən Vəli ilə hər zaman fəxr etmişəm və ömrümün sonuna kimi də fəxr edəcəyəm də.

Daha sonra şəhidin atasına belə bir sualımız var.  Kamal bəy, Vəli daha çox kimə bağlı idi, kiminlə dərdləşər, dərdini bölüşərdi?

-Belə deyim ki, Vəli ümumiyyətlə pozitiv biri idi. Ona yad olan insanlar elə bilərdi ki onun heç dərdi yoxdu. əgər bir problemi olardısa da çalışardı ki bunu kiməsə bildirməsin özü həll etsin. Nə olursa- olsun Vəli özü hər problemdən baş çıxara bilərdi. Bunu da  qeyd edim ki oğlan uşaqları ümumiyyətlə analarına bağlı olurlar. Vəli də ən çox anası ilə danışar onunla dərdini bölüşərdi.

5. Maqsud bəy, siz Vəlinin əkiz qardaşısınız. Siz neçə müddət qardaşınızdan xəbər ala bilmədiniz. Həmin vaxtda nələr hiss edirdiniz?

- Oktyabr ayının 20 –də qardaşım mənlə danışmaq üçün zəng etmişdi,  lakin mən onunla əlaqə saxlaya bilmədim. Zəngini aça bilmədiyim üçün narahatlıq keçirdim. Biraz gözlədim. Bir neçə saat sonra yenidən zəng etdi, amma bu səfər onunla əlaqə saxlaya bildim. Hər şeyin yaxşı olduğunu dedi. Erməni vəhşilərini necə qırıldıqlarını zövqlə danışdı. Daha sonra “Məndən narahat olmayın, tez tez sizinlə əlaqə saxlayacam” - dedi və dəstəyi yerə qoydu.

6. Torpaqlarımızın mənfur düşmən tapdağından azad olması uğrunda döyüşən Vəli Quliyev harada həlak oldu?

Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının alınması əməliyyatlarında iştirak etmişdir. 22 oktyabr-da Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub. Vəli şəhid olmamışdan qabaq bir dəfə də yaralanmışdı. Lakin o dayanmadan yaralı halda əmrə tabe olaraq irəli getmişdi. Komanda yoldaşlarına qulaq asmadan mübarizəsini davam etdirmişdi. Axırıncı dəfə isə şah damarından vurularaq şəhid olmuşdu.

7. Bu faciəvi xəbəri sizə kim dedi?

Maqsud bəy:

-Vəlinin şəhid olmasını əmim və xalamın yoldaşı bizdən qabaq bilirdi.  Əmim 12 gün bizdən gizlətdi. Vəlinin nəşi Naxçıvana gələnə yaxın artıq anamgil bilirdilər.

8. Üzümü şəhidin valideynlərinə tutub deyirəm. Vəli haqqında xatirinizdə qalan bir məqamı danışa bilərsinizmi?

-Vəli haqqında o qədər gözəl əhvalatlar danışa bilərəm ki.  Bir gün mən eşitdim ki bir çox tanışlar bizim ailədən danışır ki Vəligilin maddi vəziyyətin çox yaxşıdır. Bu söhbət məni çox maraqlandırdı ki, nədir bu söhbətə səbəb olan? Sonra bildim ki Vəli aldığı maaşının bir çox hissəsini iş yoldaşının uşağının xəstəliyi üçün ayırıb. Daha sonra mənimlə əlaqə saxladıqda bunu mənə də danışdı. Mən dedim ki, oğlum, yaxşı etmisən, bəs bu qədər pul çox deyilmi? Cavab olaraq mənə dedi ki, yox ana, o uşaq sağalsın hər birimizin istəyi budur. Ümumiyyətlə Vəli qazandığı pulu boş yerlərə xərcləmirdi. Düşünüb sonra hərəkət edərdi.

Son olaraq bizə nə demək istərdiniz?

-Təşəkkürlər ki, Vəli Quliyev haqqında yazırsınız. Xalqımız heç bir şəhidimizi unutmasın unutdurmasın. Onlar bizim igid balalarımızdır. Son olaraq onu da qeyd edim ki, sağ olsun Ali Baş Komandanımız ki, şəhidlərimizin xatirəsini hər zaman əziz tutur. Oğlumuz Vəli Quliyev də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bizdə öz növbəmizdə bizə zaman ayırdığınız üçün sizə təşəkkür edirik. Çox şad olduq ki, belə bir qəhrəmanı tanıdıq. Onlar əbədi olaraq bizim qəlbimizdə olacaqlar. Allahdan sizə səbr şəhidlərimizə isə rəhmət diləyirik.

 

“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi Nailə Bağırova

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR