Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Azad Cabbarov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.
Sonra federasiyanın sədr müavini Sakit Rzayevin 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib. Bildirilib ki, ölkəmizin aidiyyəti idman qurumları ilə sıx əməkdaşlıq əlaqələri yaradan federasiyamız tərəfindən, həmçinin xarici əməkdaşlıqla da bağlı məqsədyönlü addımlar atılıb. Şərur rayonunda Region Liqa Naxçıvan Zonasında oyun idarəçiliyi edən 15 hakimin iştirakı ilə təlim-məşq toplanışı keçirilib, futzal idman növünün inkişafı üçün də lazımi işlər görülüb. Belə ki, muxtar respublikada ilk dəfə Naxçıvan Futzal Liqasının yaradılması bölgənin idman həyatında yaddaqalan olub. İki komanda muxtar respublikamızı Azərbaycan kubokunda təmsil edib. Naxçıvan Futbol Federasiyasının rəsmi internet saytı nff.az istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, idmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından biri də 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının böyük uğurlar qazanmasına stimul olub. Hazırda muxtar respublikamızda 1244 idmançı 100 qrupda idmanın bu növü ilə məşğuldur. Ötən dövr ərzində federasiya tərəfindən idmanın bu növünü inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülüb. Bu istiqamətdə icra olunan ən əhəmiyyətli işlərdən biri də odur ki, Uzunoba gölünün ətrafında yerləşən meydançanın istifadəyə verilməsi ilə muxtar respublikamızda çimərlik futbolunun əsası qoyulub. 12 komandanın iştirakı ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatı keçirilib. Naxçıvan Futbol Federasiyasının yaxın gələcəkdə istifadəyə veriləcək müasirtipli Təlim-Məşq Kompleksinin ərazisinə isə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış minifutbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir.
Diqqətə çatdırılıb ki, idmançıların ölkə və beynəlxalq yarışlara hazırlıq səviyyəsi artırılmalı, məşqçilərin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə tanınmış məşqçilər muxtar respublikaya dəvət edilməli, onlar tərəfindən yerli məşqçilərə seminar və məşğələlərin keçirilməsi diqqətdə saxlanılmalıdır. Muxtar respublikada çempionat və turnirlərin keçirilməsi təmin edilməli, futbol idman növünün şəhər və rayonlarda kütləviliyinə və inkişafına nail olunmalı, federasiyanın bölmələri fəaliyyətini gücləndirməlidir.
Federasiya sədri yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.
Sonra federasiyanın şəhər və rayon bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirləri dinlənilib.
Ceyhun MƏMMƏDOV