22 Dekabr 2024, Bazar

18 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında Memarlıq-dizayn müsabiqəsi təşkil olunub.  Müsabiqənin keçirilməsində məqsəd mühəndislik bacarığına və kreativ düşüncəyə malik  şagirdlərin ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihə və ideyaları hazırlamalarına şərait yaratmaq və bu sahədə onların istedadını üzə çıxarmaqdan ibarət olub.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyi Aparatının Sektor müdiri Murad Babayev qeyd edib ki,  dövlətimizin qayğısı nəticəsində 2019-cu ildən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni innovativ dərnəklər yaradılıb. Bildirilib ki, innovativ dərnəklərin yaradılması muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət imkanlarının genişləndirilməsi işində həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biridir. Təşkil edilən müsabiqədə yeni yaradılan Memarlıq-dizayn dərnəyində təhsil alan şagirdlər iştirak edir. Qeyd edilib ki, müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər kompüterdə 3 saat müddətində ArchiCAD-üç ölçülü  dizayn proqramında memarlıq layihələrinin modellərini hazırlayacaqlar.

Müsabiqə zamanı şagirdlər hazırladıqları  memarlıq layihərinin plan ölçüləri, perspektiv görünüşləri, fasad və interyer həllini kompüterdə uyğun miqyasda yerləşdiriblər. 

Yekunda hər şagird hazırladığı layihəni münsiflər heyətinə təqdim edib. 

Şərtləri ödəyən və fərqlənən şagirdlər münsiflər heyəti tərəfindən innovasiya və kreativlik, uyğunluq və funksionallıq, proqram tələblərinin yerinə yetirilməsi və məlumatın təqdimatı kimi parametrlərə əsasən seçiliblər. Nəticələrə əsasən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Qafarov Kamal Əli oğlu I yerə, Naxçıvan Qızlar Liseyinin şagirdi İbrahimli Aysel Ramin qızı və Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Tahirov Bayram Tural oğlu II yerə, Ordubad İnternat tam orta məktəbin şagirdi Kazımov Fərid Şahin oğlu, Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Novruzov Uğur Coşqun oğlu və Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Bayramzadə Lətif Elsevər oğlu isə III yerə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

Bu cür müsabiqələrin təşkil edilməsi dərnəklərdə fəaliyyətə başlayan şagirdlərin öz ideyalarını gərçəkləşdirmələrinə geniş imkanlar yaradır. 

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR