22 Dekabr 2024, Bazar

“Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara olan diqqətinin göstəricisi olmaqla yanaşı, həm də onların cəmiyyətə inteqrasiyasına təkan verən amildir. 

Naxçıvan Muxtar Respublikasında da uşaqlara göstərilən hərtərəfli qayğı həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edir. Uşaqlara xidmət edən təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin sayı ildən-ilə çoxalır, irimiqyaslı infrastruktur layihələri icra edilərkən uşaqların mənafelərinin təmin olunması ön planda tutulur. Onlara göstərilən bu diqqət muxtar respublikada gələcək sağlam cəmiyyətin möhkəm təməllər üzərində qurulmasından xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”. 

Naxçıvanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif Dövlət proqramlarının qəbul edilməsi bu sahədə yeni nailiyyətlərin qazanılmasına imkan verir. 2014-2015-ci illəri əhatə edən müvafiq proqramın icrası başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi görülən işlərin davamlı xarakter almasına səbəb olmuşdur. Proqramın məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin edilməsi, inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən təhsilin əhatə dairəsinin genişləndirilməsindən ibarət olmuş və ötən müddətdə bu məqsədlərə nail olmaq üçün müəyyən edilmiş tədbirlər uğurla həyata keçirilmişdir.

Dövlət proqramının icrası məqsədilə 25 aprel 2016-cı il tarixdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində diqqət zəifliyi olan və hiperaktiv uşaqlar üçün müasir tədris vasitələri ilə təmin olunmuş təlim-bərpa otağı istifadəyə verilmiş, fərdi, ailə və uşaq istiqamətli psixoloji dəstək xidməti yaradılmışdır. İş təcrübəsinin artırılması üçün mərkəzin mütəxəssislərinin Bakı şəhərində təşkil olunan ixtisasartırma kurslarına göndərilməsi təmin edilmişdir. 2016-2020-ci illərdə mərkəzin psixoloji dəstək xidmətinə 225 uşaq cəlb olunmuş, hər bir uşaqla bağlı konsultasiya işi aparılmış, fərdi proqram hazırlanmışdır.
Sağlamlıq imkanları məhdud uşaqların real həyata uyğunlaşmasında və müstəqil yaşam vərdişlərinə yiyələnməsində məktəbəqədər təhsil müəssiələrinin əvəzolunmaz rolu vardır. Belə müəssisələrdə müvafiq sosial kateqoriyadan olan uşaqların sosial, idraki, estetik inkişafı, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsi təmin edilməkdədir. Proqramın icra müddəti ərzində muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barəsində yaradılmış məlumat bazasının mütəmadi olaraq yenilənməsi təmin olunmuş, bu sosial kateqoriyanın nümayəndələrinin əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmaları üçün işlər davam etdirilmişdir. 2016-2020-ci illərdə sağlamlıq imkanları məhdud 59 uşaq məktəbəqədər təhsil müəssisələrində, 98 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, nitq qüsuru olan 278 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölmələrində tədrisə cəlb edilmişdir. Dövlət proqramının icrasına uyğun olaraq Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlb edilən 23 sağlamlıq imkanları məhdud uşaqla fərdi qaydada reabilitasiya yönümlü məşğələlər aparılmışdır.
Məktəbəqədər təhsil müəssisələrində müvafiq sosial kateqoriyadan olan uşaqların fiziki, əqli və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müasir təlim üsullarının tətbiqi onlarda davranış pozuntularının aradan qaldırılması və ətraf aləm haqqında biliklərin formalaşmasını təmin etmək məqsədi daşımışdır. Proqramın icrası müddətində məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan tədris prosesində “Sual-cavab”, “Beyin həmləsi”, “Əşyaların qeyri-adi ifadəsi”, “Şəkillərlə öyrənirəm”, “Səhnələşdirmə”, “Tap-tapmaca” kimi təlim üsulları tətbiq edilmişdir. Həmin müəssisələrdə təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində olmuş, bu məqsədlə təşkil edilən 15 kursa 253 müəllim, metodist və tərbiyəçi cəlb olunmuşdur. Qeyd etmək lazımdır ki, bu sosial kateqoriyanın nümayəndələrinin məktəb mühitinə hazırlanması üçün məktəbəqədər təhsil müəssisələrində təşkil olunan təlim-təhsil işləri mühüm önəm kəsb edir.

Belə uşaqların əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasında isə ümumtəhsil məktəblərində aldıqları təhsil həlledici rol oynayır. Təhsil sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasının ən mühüm vasitəsi hesab olunur. Onların ümumi inkişafının təmin edilməsi fiziki və əqli xüsusiyyətlərinə uyğun olaraq təhsil almalarından çox asılıdır. Dövlət proqramında bu qəbildən olan uşaqların müxtəlif statuslu təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı mühüm tapşırıqlar nəzərdə tutulmuşdu. Bu tapşırıqların icrası diqqət mərkəzində saxlanılmış, 2016-2020-ci illərdə mövcud potensialları nəzərə alınaraq 372 sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil müəssisələrinə cəlb edilmişdir. Pro­qram çərçivəsində Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə, ümumilikdə, 14 uşaq cəlb olunmuşdur.
Tədrisin ənənəvi forması ilə yanaşı, distant dərslərin də təşkili uşaqların keyfiyyətli təhsil alması üçün çoxşaxəli fəaliyyətin həyata keçirilməsi deməkdir. Bu fəaliyyət uşaqların tədris prosesində müasir texnoloji yeniliklərdən faydalanması üçün geniş şərait yaradır. Müxtəlif fiziki və əqli xüsusiyyətlərə malik məhdud fiziki imkanlı uşaqlar üçün distant dərslərin təşkil edilməsinin əhəmiyyəti daha çoxdur. Bunlar əsas götürülərək Dövlət proqramında bu kateqoiyadan olan uşaqların distant dərslərə cəlb edilməsini nəzərdə tutan tapşırıqlar müəyyən olunmuşdur. Bu tapşırıqların icrası istiqamətində 2016-2020-ci illərdə əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən, lakin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 25 sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilmişdir. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə məhdudiyyətli şəxslər üçün fəaliyyət göstərən distant dərslərdə 13 uşağın iştirakı təmin olunmuşdur.
Ümumtəhsil müəssisələrində təhsil alan və distant tədrisə cəlb olunmuş məhdud fiziki imkanlara malik uşaqların muxtar respublikanın muzeyləri ilə 65, Şahmat Mərkəzi ilə 54, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə 39 interaktiv dərsdə iştirakının təmin edilməsi onlarda yeni tarixi, mədəni və digər xarakterli təsəvvürlərin formalaşmasında önəmli rol oynamışdır.
Muxtar respublikamızda müvafiq sosial kateqoriyaya aid uşaqların uşaqlara xüsusi həssaslıqla yanaşılması, yaşıdları ilə bərabər təhsil imkanlarının yaradılması onların cəmiyyətə asanlıqla inteqrasiya olunmasını təmin edir. Dövlət proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların təminatını nəzərdə tutan və ənənəvi xarakter alan tədbirlərin mütərəqqi əhəmiyyəti vardır. Proqramın icrası müddətində hər il bu məqsədlə belə uşaqlarla görüşlər keçirilmiş, onlar məktəbli geyimi, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşlar. Ümumilikdə, 319 uşağı əhatə edən bu tədbirlər sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğının bariz nümunəsidir.
Bu sosial kateqoriyanın nümayəndələri üçün təşkil olunan tədris prosesinin səmərəliliyində müəllim amili həlledici rol oynayır. Uşaqların təhsil vasitəsilə cəmiyyətə inteqrasiyasının təmin edilməsinə onların tədrisi ilə məşğul olan kadrların pedaqoji hazırlığı və təcrübəsi mühüm təsir göstərir. Bu məqsədlə Dövlət proqramında müəyyən edilmiş tapşırıqların icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı ibtidai sinif müəllimləri, məktəb psixoloqları və distant tədris üzrə pedaqoji kadrlar üçün 8 seminar təşkil edilmişdir. Həmin seminar və konfranslarda, ümumilikdə, 898 ibtidai sinif müəllimi, məktəb psixoloqu və distant tədris üzrə pedaqoji kadrların iştirakı təmin olunmuş, 200-dən çox elektron vəsait hazırlanaraq məktəblərə paylanmışdır. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin mütəxəssislərinin iş təcrübəsini artırmaq məqsədilə 24 təlim keçirilmiş, mərkəzin 9 mütəxəssisi Bakı şəhərində keçirilən ixtisasartırma kurslarında iştirak etmişdir. Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu və müəllim-psixoloqu Bakı şəhərində fəaliyyət göstərən Müasir Psixologiya Mərkəzinin mütəxəssislərinin onlayn şəkildə təşkil etdikləri “İnkişaf və yaş psixologiyası” adlı ixtisasartırma kursunda sertifikat almışlar.
Sağlamlıq imkanları məhdud uşaqların müxtəlif sahələr üzrə qabiliyyətlərinin aşkar olunması onların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malik stimullaşdırıcı tədbirdir. Uşağın malik olduğu fərqləndirici qabiliyyətin inkişafı üçün çalışmasına yaradılan şərait onun daha da həvəslənməsinə və yaşıdları ilə faydalı rəqabət apara bilməsinə səbəb olur. Proqramın icrası müddətində bacarıq və maraqları nəzərə alınaraq sağlamlıq imkanları məhdud 147 uşaq musiqi məktəblərinə, 265 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 532 uşaq muxtar respublikada fəaliyyət göstərən idman məktəblərinə cəlb edilmişdir. Həmçinin bu dövrdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində kompüter, artterapiyası kursları, kinekt oyunları, musiqi və əmək terapiyası otaqları fəaliyyətini davam etdirmişdir. Artterapiyasına cəlb edilən uşaqlar üçün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən ustad dərsləri keçilmişdir. Dövlət proqramının icrası məqsədilə mərkəzdə təşkil edilən məşğələlərə, ümumilikdə, 376 uşaq cəlb olunmuşdur. Görülən işlər sağlamlıq imkanları məhdud uşaqların müxtəlif istiqamətlər üzrə bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir.
Bu bacarıqların aşkar edilməsinin digər mühüm vasitəsi isə məhdud fiziki imkanlara malik uşaqların asudə vaxtının səmərəli təşkili üçün tədbirlərin keçirilməsidir. Proqramın icrası müddətini əhatə edən tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Naxçıvan şəhərində muzeylərə, tarix-memarlıq abidələrinə, istehsal və emal müəssisələrinə ekskursiyalar təşkil edilmiş, yarışların, sərgilərin və müsabiqələrin keçirilməsi, film və tamaşaların nümayişi diqqətdə saxlanılmışdır. 2016-2020-ci illərdə bu sosial kateqoriyanın nümayəndələri üçün 55 rəsm, 40 şeir, 24 inşa, 22 yaradıcılıq, 14 bilik müsabiqəsi, 253 idman tədbiri, 2 ekskursiya, 1 solo konsert, 1 onlayn görüş, 18 sərgi, 11 tamaşa və səhnəcik təşkil olunmuş, 610 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Yay məktəbi” çərçivəsində sağlamlıq imkanları məhdud 136 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir.
Bu kateqoriyadan olan uşaqlarla tədris prosesində maarifləndirici görüşlərin keçirilməsi, bu mütərəqqi prosesdə iştirak edən müəllimlərin və valideynlərin düzgün istiqamətləndirilməsi görülən işlərin faydalılıq səviyyəsini yüksəldən vacib amildir. Proqramın icrası müddətində məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı komissiya tərəfindən təhsil müəssisələrində monitorinqlər aparılmış, valideyn, şagird və müəllimlərlə 19 maarifləndirici görüş keçirilmişdir.
Dövlət proqramının icrasına uyğun olaraq maarifləndirmə məqsədilə kütləvi informasiya vasitələrinin imkanlarından da istifadə olunmuş, Naxçıvan Dövlət Televiziyasında “Sosial həyat”, “Həyat davam edir”, “Baxış bucağı”, “Günün sözü”, “Günaydın” proqramları üçün 128, Naxçıvan Dövlət Radiosunda “Nahar vaxtı”, “Sosial həyat”, “Cəmiyyət və inkişaf”, “Ailə və uşaq”, “Həyata dair” proqramları üçün 100-dən çox süjet və veriliş hazırlanmış, “Şərq qapısı” qəzetində 47 yazı dərc olunmuşdur.
Beləliklə, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası müvafiq kateqoriyadan olan uşaqların inklüziv təhsilə cəlbi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əldə edilən uğurların sayının artmasına səbəb olmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR